Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Emil Zolya

Dünyaşöhrətli yazıçı olmaqla yanaşı, həm də dünya jurnalistikasını kökündən dəyişən bir ad - Emil Zolya. Məhz bu fransız publisistin sayəsində jurnalistika "Dördüncü hakimiyyət" pilləsinə qalxıb. Onun "jurnalistin işi həqiqətə işıq tutmaqdır" deyimi bu gün jurnalistikada hətta bir devizə çevrilib desək, yanılmarıq. Naturalizm hərəkatının banisi hesab edilən yazıçının uşaqlıq illəri çox çətin keçib. Hələ yeddi yaşında ikən atasını itirən yazar anasının himayəsində kasıbçılıq, ehtiyac içində böyüyür. İki dəfə buraxılış imtahanından kəsilən gənc təhsilini yarımçıq qoyub bir müddət kitab mağazasında satıcı, daha sonra isə Paris nəşriyyatlarının birində işləyir. Jurnalistlik fəaliyyəti, daha doğrusu onun dahiliyə doğru gedən "yolu" da elə bu dövrdən başlayır...

Təbiətcə çox qapalı olan Zolya insanlarla ünsiyyət qurmağı heç sevmirdi. Deyilənlərə görə, dahinin həyatı boyu yalnız bir dostu olub. Onun qadınlara olan münasibətinə gəldikdə isə fikirləri ziddiyyətli idi. Dediyi ilə əməlləri üst-üstə düşmürdü. "Qadınlar heç vaxt tam dürüst ola bilmirlər. Çünki bunu özləri istəmirlər. Onlar sürəkli olaraq valideynlərinə, ərlərinə, sevgililərinə, rəfiqələrinə, hətta özlərinə belə yalan danışırlar", - deməsinə rəğmən, Fransa ədəbiyyatında qadına bərabərhüquqlu insan kimi yanaşan yazıçı da məhz elə Zolya sayılır. Hər halda, Mopassan kimi ucdantutma bütün qadınları pozğun hesab etmir, Balzak kimi qadınları naxələf övlad çıxarmır, Merime kimi zərif cinsi bütün bəlaların səbəbi olan təhlükəli varlıq kimi təqdim etmirdi. Amma əslində, Zolya  həyatda qadın sarıdan çox yarımışdı. Anası atasının ölümündən sonra bir daha evlənməmiş, bütün diqqətini oğluna ayırmışdı. Kasıb qadın oğlunun yaxşı təhsil alması üçün vəzifəli şəxslərə belə yalvarmağı özünə ar bilməmişdi. Arvadı Aleksandrina isə ona əsl dost, sadiq həyat yoldaşı olmuşdu. Bu qadın ərinə övlad bəxş edə bilməsə də, Zolyanın başqa xanımlarla olan münasibətinə göz yummuş, hətta özgəsindən olan övladlarını da qəbul etmişdi.

Günlərin birində evində ölü tapılan 62 yaşlı məşhur yazıçının rəsmi olaraq dəm qazından zəhərləndiyi bildirilsə də, ehtimallar müxtəlifdir. Bəziləri bunun intihar, bəziləri isə ona qarşı edilən sui-qəsd olduğunu söyləyirlər. Zolya Fransa dövlətini ədalətsizlikdə və antisemitizmdə günahlandırdığı üçün düşmənlərinin sayı çox idi. Məşhur yazıçının vəfatından bir müddət sonra ölüm yatağında olan parisli bir dam ustası "siyasi sifariş" əsasında Zolyanın evinin bacasını tıxadığını etiraf edir. Lakin bu qətl üçün çox da inandırıcı bir üsula bənzəmir, başqa bir tərəfdən isə ölüm yatağında olan dam ustası sifarişçilərin adlarını demir. Bu da Zolyaya qəsd edilməsi fikrini şübhə altında qoyur...

 

Fridrix Vilhelm Nitsşe

Yaradıcılığı ilə müasir fəlsəfəyə böyük təsir göstərən alman filosofu, tənqidçi, filoloq, bəstəkar və şair - Fridrix Vilhelm Nitsşe düşüncələri ilə bütün dünyanı özünə heyran etmiş, ən çox oxunulan, lakin ən az başa düşülən dahilərdəndir. Fridrix Nitsşenin "Tanrı öldü" ifadəsinin üstündən uzun illər keçsə belə, bu cümlə XIX əsrdən bəri filosoflara kütləvi olaraq başağrısı verməyə davam edir. Bu bəlkə də fəlsəfə tarixində ən məşhur ifadədir ki, hətta onun işlədildiyi "Şən elm" kitabını heç vaxt əlinə alıb oxumayanlar da eşidib. Nitsşenin bu ifadəni işlətməklə tam olaraq nəyi nəzərdə tutduğu dəqiq bilinməsə də, alim bu kəlmələri ilə ən azından fikirləri qarışdırmağı bacardı. Ömrünün son 20 ilini psixoloji xəstəlikdən əziyyət çəkən dahi özünün ən sanballı əsərlərini də elə həmin dövrdə yazıb. Dahiyə qoyulan diaqnoz maraqlı səslənir - mozaik şizofreniya. Deyilənə görə, özünü idarə edə bilməyən filosofun qeyri-adi davranışları var imiş. Həmçinin, qəribə halüsinasiyalar görən Nitsşe hətta bir dəfə xəstəxananın gözətçisini Bismark zənn edibmiş. Atlarla qucaqlaşan, pişikləri rəngləyən, əcaib səslər çıxaran, keçi kimi atlanıb-düşən, ayaqqabısı ilə su içən və quru yerdə yatan bu filosof bütün bunları həm də çox sakit, fəlsəfi bir tərzdə edirmiş. Sonralar xəstəliyi daha da ağırlaşan Nitsşe özünü İsa peyğəmbər, Napoleon, Budda və başqa tarixi şəxsiyyətlər kimi görməyə başlamışdı.

Heç vaxt evlənməyən və övladı olmayan Nitsşenin həyatında müxtəlif qadınlar olsa da, filosof onlarla dil tapa bilmirdi. Tez-tez qadınlardan rədd cavabı alan filosofun xüsusilə də Salome'ya olan sevgisi dillər əzbəridir. Ona olan böyük sevgisi və etdiyi evlilik təklifinin rədd edilməsi qadınlarla bağlı fəlsəfəsinə də böyük təsir göstərmişdi. Lakin Nitsşenin qadınlar haqqında çox düzgün formalaşdırdığı fikirləri də mövcud idi. O, çox haqlı olaraq düşünürdü ki, qadının xilası elə qadının özündən asılıdır və bu, ancaq tərənnüm edilmiş mənfi qadın obrazından əl çəkdiyi halda mümkün ola bilər.

Nitsşe həzmsizlikdən əziyyət çəkdiyi üçün ömrü boyu qidalanma rejiminə xüsusi diqqət edib. Dahi şəxsiyyətin içdiyi yeganə içki təkcə su olub. Əlamətdar günlərdə, çox nadir hallarda isə süd içərdi. Əslində o , bunu "kiçik pəhriz" mənasında nəzərdə tutmurdu. Öz manifestində dediyi kimi: "Avropa sivilizasiyasında iki böyük narkotik var: xristianlıq və spirtli içki". Onun içkiyə olan nifrəti xristianlığa olan nifrəti ilə eyni idi. Filosofun fikrincə onların hər ikisi dinc yaşamağa mane olan amillər idi.

Əvvəlcə yerimək və danışmaq qabiliyyətini itirən, üstəlik sətəlcəm olan filosof ölümün cəngindən qurtula bilmir, bir müddət sonra insultdan vəfat edir.

 

Nikita Sergeyeviç Xruşşov

Nikita Sergeyeviç Xruşşov - sovet liderinin daxilində sanki iki nəfər yaşayırdı: biri səmimi, mehriban, hətta bir az sadəlövh, ikincisi aqressiv, nadan və mədəniyyətsiz. Ayaqqabıları ilə dünyanı hədələyən bu rəhbərin çıxışlarını izləmək bəzən çətin olurdu, o qədər söz oyunu ilə dolu idi ki, dediklərini yalnız özü başa düşə bilirdi. Çox danışmağı, hər həftə uzun-uzadı müsahibələr verməyi sevən bu siyasətçi bəzən özünə nəzarəti belə itirirdi. Həkimləri Xruşşova manik-depressiv psixoz diaqnozu qoymuşdular. Onun manyakcasına etdiyi bayağı yumorlar adətən heç kimi əyləndirmirdi. Getdikcə elə bil özündən uzaqlaşırdı rəhbər. Fikirləri tez-tez qarışan bu məşhur şəxsiyyət bəzən hamını düşmən gözündə görürdü. Xruşşovla görüşən əcnəbilər onun təmkinsizliyi haqqında xoşagəlməz qiymətlər verir, onun ağlını itirdiyini söyləyirdilər. Hətta deyilənlərə görə, Xruşşovun etdiyi səhvlərin məsuliyyətini başqalarının çiyninə atmaq kimi bir xarakteri də var imiş.

Uşaqlarının xatirələrinə görə, Nikita Xruşşov heyvanları çox sevirmiş. Xüsusən də, siyasi karyerasını bitirdikdən sonra bir neçə növ it saxlayırmış.

"Siyasətçilərin çoxu hər yerdə eynidirlər: onlar körpünü elə yerdə tikməyə söz verirlər ki, heç orada çay yoxdur". Belə deyərdi Xruşşov. Onun doqquz illik Sovetlər birliyinə rəhbərlik dövrünə, siyasi fəaliyyətinə baxış da birmənalı deyil. Kapitalist ölkələri ilə münasibətlərin yaxşılaşması, sovet pulunun dəyişdirilməsi, kosmosun fəth olunması, siyasi məhbusların bəraət alması kimi bir çox əlamətdar hadisələr əslində, Xruşşovun hakimiyyəti dövrünə təsadüf edir. Bütün bunlarla yanaşı, rəhbər siyasi fəaliyyətində bir sıra maraqlı məqamlarla da yadda qalıb.

Məsələn, Nikita Xruşşov ilk dəfə olaraq Stalinin şəxsiyyətə pərəstiş məsələsini dövrün ən böyük siyasi tədbirində kəskin tənqid etmiş və onun nəşinin movzoleydən çıxarılmasına nail olmuşdu. Yaddaqalan ən maraqlı məqamlardan biri də BMT-nin iclasında çıxış edən Xruşşovun ayaqqabısını çıxarıb tribunaya döyəcləməsidir. Lider SSRİ-ni tənqid edənləri bu üsulla hədələmişdi. Yeri gəlmişkən, həmin məşhur ayaqqabılar 2007-ci ildə Xruşşovun nəvəsi tərəfindən 30 min dollara bir amerika vətəndaşına satılmışdı.

Deyilənə görə, arağı su kimi içən Xruşşov rəsmi tədbirlərdə sərxoş olmaqdan çəkinmirmiş. Hətta, bir dəfə Finlandiya prezidenti Urxo Kekkonenin Moskvaya səfəri zamanı Xruşşov o qədər içir ki, mühafizəçilər onu sürüyüb zaldan çıxarmağa məcbur olublarmış.

Təsdiqlənmiş mənbələrə görə Nikita Sergeyeviçin iki arvadı olub. Lakin bəzi mənbələrdə isə onun nikahdankənar üçüncü xanımının və bu qadınlardan Xruşşovun 5 övladının olduğu bildirilir.

77 yaşına qədər yaşayan lider infarktdan dünyasını dəyişib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".