DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

HULUSİ AKAR: RUSİYA VƏ UKRAYNA TƏLƏBİMİZİ YERİNƏ YETİRİR

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiya və Ukraynanın Ankaranın Bosfor boğazı ilə bağlı tələbini yerinə yetirdiyini, döyüş gəmilərinin boğazdan keçmədiyini bildirib. “Teleqraf.com”un xəbərinə görə, nazir bunu “Habertürk TV” telekanalına müsahibəsində bəyan edib.

“Biz bütün tərəflərə bildirdik ki, Montrö konvensiyası daxilində Bosfor boğazından döyüş gəmilərinin keçidi olmamalıdır. İndiyə qədər Bosfordan belə bir keçid olmayıb”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Montrö konvensiyasına görə, ticarət gəmiləri həm sülh, həm də müharibə dövründə bu boğazlardan keçid azadlığını saxlayır, lakin rejimlər hamı üçün fərqlidir.

Eyni zamanda sənəd Qara dənizə aid olmayan dövlətlərin hərbi gəmilərinin Qara dənizdə qalmasını üç həftə müddətinə məhdudlaşdırır. Fövqəladə vəziyyətlərdə Türkiyənin Bosfor və Dardanel boğazlarından hərbi gəmilərin keçməsini qadağan etmək və ya məhdudlaşdırmaq hüququ var.

Qeyd edək ki, mayın 2-də Rusiya və Türkiyə müdafiə nazirliklərinin rəhbərləri Sergey Şoyqu və Hulusi Akar Ukraynadakı vəziyyəti müzakirə ediblər.

 

KÜVEYT ƏMİRİ HÖKUMƏTİN İSTEFASINI QƏBUL EDİB

Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah hökumətin istefasını qəbul edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə Küveytin Dövlət İnformasiya Agentliyi xəbər verib.

Eyni zamanda, qeyd olunur ki, yeni hökumət formalaşdırılanadək mövcud kabinetə hökumət səlahiyyətlərini icra etmək tapşırılıb.

Xatırladaq ki, şeyx Sabah Xalid əl-Həməd əs-Sabahın başçılığı ilə hökumət ötən ilin dekabrında formalaşdırılmışdı.

Ümumilikdə, şeyx Sabah Xalid əl-Həməd əs-Sabah özü 2019-cu ildən bəri Küveytin dörd hökumətinə başçılıq edib.

 

ABŞ-DAN KXDR-LƏ BAĞLI BMT TŞ-NIN İCLASININ ÇAĞIRILMASI TƏLƏBI

ABŞ mayın 11-də Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket sınaqları ilə bağlı vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi ilə bağlı sorğu göndərib. “Report”un verdiyi xəbərə görə, bu barədə “TASS” agentliyinə təşkilatdakı mənbə bildirib.

Məlumata əsasən, bir neçə gün öncə KXDR nüvə sınaqlarını bərpa etdiyini açıqlayıb. “Yeni tip taktiki idarəolunan silah qabaqcıl uzaqmənzilli artilleriya bölmələrinin atəş gücünü kəskin şəkildə yaxşılaşdırmaq və taktiki nüvə silahlarının effektivliyini artırmaq üçün böyük əhəmiyyət kəsb edir”, - deyə KXDR rəsmilərinin açıqlamasında  bildirilib.

Eyni zamanda, Cənubi Koreya ordusu Şimali Koreyanın dənizə qısamənzilli iki raket buraxdığını təsdiqləyib.

Koreya Respublikası Milli Kəşfiyyat Xidmətinin başçısı Pak Çje Von isə bildirib ki, Koreya Xalq Demokratik Respublikası mayın ortalarında nüvə sınağı keçirə bilər.

 

TÜRKİYƏ bu il BİR MİLYARD DOLLARDAN ÇOX MÜDAFİƏ SƏNAYESİ MƏHSULU İXRAC EDİB

2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 42,3 faiz artaraq 1,3 milyard dollara bərabər olub. “Trend”in məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 392,1 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 29,6 faiz çoxdur” - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində Türkiyə 3,612 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.

İSPANİYA KƏŞFİYYATININ RƏHBƏRİNIN QALMAQALLI ISTEFASI

İspaniya Milli Kəşfiyyat Mərkəzinin rəhbəri Pas Esteban məhkəmənin icazəsi ilə bəzi separatçı Kataloniya siyasətçilərinin telefonlarını “Pegasus” casus proqramı ilə dinlədiyini etiraf edib. “Teleqraf.com”un xəbərinə görə, İspaniyanı silkələyən casusluq qalmaqalından sonra kəşfiyyat rəhbəri vəzifəsindən azad edilib.

Ötən ay İspaniyanın Kataloniya muxtar vilayətində 60-dan çox separatçı siyasətçinin mobil telefonlarının kəşfiyyat nümayəndələri tərəfindən dinlənilməsi xəbəri böyük reaksiyaya səbəb olub. Koalisiya tərəfdaşı olan Kataloniya “ERC” partiyası etimad mühiti yaranana qədər hökumətə dəstəyini geri götürdüyünü açıqlayıb.

Eyni zamanda, İspaniya hökuməti baş nazir Pedro Sançes və müdafiə naziri Marqarita Roblesin mobil telefonlarında da “Pegasus” proqram təminatının tapıldığını bildirib.

 

ŞRİ-LANKADA ETİRAZ AKSİYALARI

Şri-Lankada hökumət əleyhinə etiraz aksiyaları davam edir. “APA”nın verdiyi xəbərə görə, bu barədə “ANI News” agentliyi məlumat yayıb. Etirazlar zamanı 5 nəfər həlak olub, 200-yə yaxın insan isə yaralanıb.

Bildirilir ki, hadisələr fonunda baş nazir Mahinda Rajapaksa istefa verib. Ada dövlətinin şimal-qərb hissəsindəki Kuruneqala şəhərində M.Rajapaksa məxsus ev etirazçılar tərəfindən yandırılıb.

“Şri-Lankada emosiyalar gərgin olduğu üçün mən insanlarımızı təmkinli olmağa və zorakılığa son qoymağa çağırıram. Bizim düşdüyümüz bu iqtisadi böhrandan çıxmaq üçün hökumət həll yolları axtarır”, - deyə Mahinda Rajapaksa “Twitter” səhifəsində yazıb.

Hazırda Şri-Lankada komendant saatı tətbiq edilib. Aprelin əvvəlindən ölkədə əhalinin həyat şəraitinin pisləşməsinə, yanacağın, ərzaq və zəruri malların çatışmazlığına qarşı kütləvi etiraz aksiyaları başlayıb.

Qeyd edək ki, Şri-Lankanın xarici borcu 51 milyard dollar qiymətləndirilir.

 

DÜNYADA KORONAVİRUSA YOLUXANLARIN SAYI 517 MİLYONU KEÇİB

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş halların sayı 517 milyonu ötüb. “Report”un xəbərinə görə, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, pandemiya ərzində dünyada 6,25 milyon nəfər “COVID-19”dan dünyasını dəyişib.

Dünyada koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya ilk yerləri bölüşür. ABŞ “COVID-19” infeksiyasına yoluxanların və ölənlərin sayına görə dünyada birincidir.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını “COVID-19” qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

CƏNUBİ KOREYA VƏ ABŞ BİRGƏ TƏLİMLƏRƏ BAŞLAYIB

Cənubi Koreya və ABŞ “F-35A” qırıcılarının iştirakı ilə Hərbi Hava Qüvvələrinin müntəzəm birgə təlimlərinə başlayıb. “APA” verdiyi xəbərə görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Agentliyin mənbələri bildirir ki, təlim iki həftə davam edəcək. Cənubi Koreya administrasiyası artıq Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı çıxmaq üçün ABŞ-la müttəfiqliyini gücləndirməyi öhdəsinə götürüb.

Bununla yanaşı, agentliyin qeyd etdiyi kimi, “F-35A” qırıcılarının təlimlərə səfərbər olunması Pxenyana müttəfiqlərin gücünün nümayişi ola bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.