DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏMIRULLA SALEH PƏNCŞIRI TƏRK EDƏRƏK TACIKISTANA YOLLANIB

Əfqanıstanın keçmiş vitse-prezidenti və müqavimət qüvvələrinin liderlərindən biri olan Əmirulla Saleh Pəncşir əyalətini tərk edərək Tacikistana yola düşüb. “Report”un verdiyi xəbərə görə, bu barədə Kabildəki mənbə “TASS” agentliyinə açıqlamasında bildirib.

Qeyd edək ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra özünü müvəqqəti prezident elan edən Əmirulla Saleh “Taliban”a tabe olmayan şimaldakı Pəncşir əyalətinə sığınmışdı.

Verilən xəbərə əsasən, hazırda Pəncşirdə vəziyyət olduqca mürəkkəbdir. “Taliban” bölgəni dörd tərəfdən mühasirəyə alaraq əyalətin internetə və elektrikə çıxışını əngəlləyib.

 

ÇINƏ QARŞI YENI HƏRBI PLAN

Yaponiya və Sakit okeanın 13 ada dövləti Çinin təhdidkar fəaliyyətləri qarşısında “Azad və Açıq Hind-Sakit okean strategiyası”nı həyata keçirməyi qəbul edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Yaponiya müdafiə naziri Nobuo Kişi “Yaponiya-Sakit okean adaları Müdafiə Dialoqu” onlayn zirvə görüşündə 13 həmkarı ilə ikitərəfli və regional inkişaf mövzusu ətrafında fikir mübadiləsi aparıb.

Görüşdən sonra yayımlanan birgə bəyannaməyə əsasən, Yaponiya və ada ölkələri Çinin bölgə dənizlərində təhdidkar fəaliyyətləri qarşısında əməkdaşlıq vəd ediblər.

“Azad və Açıq Hind-Sakit okean strategiyası”nın razılaşdırıldığı qeyd edilən bəyannamədə təhdidlərə qarşı inamın və qarşılıqlı anlaşmanın artırılmasına diqqət çəkilib. Bəyannamədə Şimali Koreyanın nüvə fəaliyyətlərinin yaratdığı təhlükələr də öz əksini tapıb.

Məlumata görə, ABŞ, İngiltərə, Fransa, Avstraliya, Kanada və Yeni Zelandiya nümayəndələri də onlayn sammitdə iştirak ediblər.

 

İTALIYANIN BAŞ NAZIRI: VAKSINASIYA MƏCBURI OLACAQ

İtaliyada koronavirusa qarşı peyvənd tədricən məcburi hala çevriləcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu baş nazir Mario Draqi keçirdiyi mətbuat konfransında bəyan edib.

Baş nazir sentyabrın sonuna qədər ölkədə əhalinin 80 faizinin peyvənd olunacağına əminliyini bildirib. Bu günə qədər ölkənin 12 yaşdan yuxarı 10 sakinindən 7-si iki dozada peyvənd olunub.

Ölkənin səhiyyə naziri Roberto Speranza peyvəndin tibb işçiləri üçün artıq məcburi olduğunu və bu tələbin digər peşə nümayəndələrinə də şamil ediləcəyini qeyd edib.

Bu ayın sonundan etibarən isə ölkədə üçüncü peyvəndi qəbul etmək mümkün olacaq. Proses zəif immunitetə malik insanlardan başlayacaq.

Qeyd edək ki, İtaliya sentyabr ayından etibarən “COVID-19” pasportlarının istifadəsini genişləndirib. İndi bu pasport olmadan restoran, muzey, kinoteatr, təyyarə və qatarlara girişə icazə verilmir.

 

ABŞ-DA ŞIDDƏTLI QASIRĞA NƏTICƏSINDƏ ÖLƏNLƏRIN SAYI ARTIB

ABŞ-da tüğyan edən “İda” qasırğası nəticəsində azı 45 nəfər həlak olub. “Report”  agentliyinin verdiyi xəbərə görə, bu barədə “CNN” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd edilir ki, təbii fəlakətdən ən çox Nyu-York və Nyu-Cersi ştatları zərər çəkib. Bu ştatlarda onlarca insan həyatını itirib. Həmçinin Pensilvaniyada bir neçə nəfər qasırğanın qurbanı olub.

Xatırladaq ki, qasırğa ilə əlaqədar çərşənbə günü ABŞ-ın üç ştatında fövqəladə vəziyyət rejimi elan edilmişdi. Qasırğa leysan yağışlara və daşqınlara səbəb olub.

Bundan əvvəl qasırğanın yaratdığı daşqınlar nəticəsində ölənlərin sayının 29 nəfər olduğu bildirilirdi.

 

TÜRKIYƏ VƏ UKRAYNA ARASINDA YENI ANLAŞMA IMZALANIB

Türkiyə və Ukrayna hərbi sahədə əməkdaşlıq barədə yeni anlaşma imzalayıblar. “Report”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, anlaşma üçün “IDEF-2021” beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində razılıq əldə olunub.

Bildirilir ki, Türkiyənin “ASELSAN” şirkəti və Ukraynanın “Ukroboronprom” və “Ukrspetseksport” şirkətləri arasında hava hücumundan müdafiə sistemlərinin modernizasiyası ilə bağlı anlaşma imzalanıb.

Məlumata əsasən, “Ukroboronprom”un baş direktoru Vadim Nozdria anlaşmanın ölkələr arasında hərbi texnologiyalar sahəsində əməkdaşlığının inkişaf etdirilməsi üçün yeni bir addım olduğunu bildirib.

 

RUSIYANIN IKI ŞIRKƏTI “ŞIMAL AXINI 2” LAYIHƏSINƏ MÜRACIƏT EDIB

Rusiyanın ən böyük neft şirkəti “Rosneft” yaxın vaxtlarda tamamlanması gözlənilən “Şimal Axını 2” boru kəməri ilə təbii qaz nəql etmək üçün müraciət edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak açıqlayıb.

Baş nazirin müavini bildirib ki, “Rosneft” son vaxtlar neft hasilatı ilə yanaşı təbii qaz hasilatını da artırıb.

Rusiya qanunlarına görə, “Qazprom” boru kəmərləri ilə təbii qaz ixrac etmək səlahiyyətinə malik yeganə şirkətdir. Şirkətin prezidenti Aleksey Miller də bu il “Şimal Axını 2” boru kəməri vasitəsilə Avropaya təbii qaz tədarükünə başlaya biləcəklərini açıqlayıb.

Ümumi dəyərinin 10 milyard avro civarında olacağı gözlənilən “Şimal Axını 2” layihəsi ilə ildə 55 milyard kubmetr Rusiya qazının Baltik dənizi vasitəsilə Almaniyaya nəqli planlaşdırılır.

 

“TALIBAN” HƏRƏKATI ÇINI ƏFQANISTANIN ƏSAS TƏRƏFDAŞI HESAB EDIR

“Taliban” hərəkatı Çinə əsas beynəlxalq tərəfdaş kimi baxır. “Trend” agentliyinin “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə hərəkatın nümayəndəsi Zabiullah Mücahid bildirib.

“Çin bizim əsas tərəfdaşımızdır, bizim üçün əsas və müstəsna bir fürsətdir, çünki ölkəmizə sərmayə qoymağa və yenidənqurma işlərini aparmağa hazırdır”, - deyə Zabiullah Mücahid vurğulayıb.

Bununla yanaşı, hərəkat nümayəndəsi rəsmi Pekin tərəfindən həyata keçirilən  “Bir kəmər, bir yol” proqramını yüksək qiymətləndirərək, bu layihənin “qədim İpək Yolunun dirçəlməsinə xidmət edəcəyini” bildirib.

Zabiullah Mücahid həmçinin Çinin Əfqanıstanda mədən sənayesinin bərpasına kömək edəcəyinə ümid etdiyini də dilə gətirib.

“Çin bizim dünya bazarlarına buraxılış vəsiqəmizdir”, - deyə “Taliban” nümayəndəsi vurğulayıb.

 

Dünyada Avqust Ayında 20 Milyon Insan Koronavirusa Yoluxub

Bu ilin avqust ayında dünyada 20 milyon nəfər koronavirusa yoluxub. “Trend” agentliyinin məlumatına görə, bu, pandemiya dövründə qeydə alınan ikinci ən yüksək göstəricidir.

Buna qədər 2021-ci ilin aprelində 22 milyondan çox şəxs virusa yoluxmuşdu. Eyni zamanda, avqust ayında 300 min nəfər koronavirus nəticəsində həyatını itirib.

Hesabat dövründə yoluxanların böyük hissəsi ABŞ-ın payına düşüb. Ötən ay bu ölkədə 4,5 milyon nəfər koronavirusa yoluxub.

Böyük Britaniyada 900 min nəfər virusa yoluxub ki, bu da Avropada ən yüksək göstərici olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.