İKT-nin inkişafı xalqımızın rifahına xidmət edir
Digər xəbərlər

İKT-nin inkişafı xalqımızın rifahına xidmət edir

Hazırda Azərbaycan ictimai həyatın bütün istiqamətləri əhatə olunan innovasiyayönümlü iqtisadiyyatı formalaşdırır və bu perspektivdə güclü sosial irəliləyişləri sürətləndirən inkişaf mərhələsindədir. İnkişafın bu yeni mərhələsi on ildə ÜDM-in dəfələrlə artması ilə müşayiət olunur. Bu yüksəlişi hərtərəfli təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq “Azərbaycan - 2020” Gələcəyə Baxış İnkişaf Konsepsiyasında İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sektoru da mühüm üstünlük əldə edir və bu onunla əsaslandırılır ki, cənab Prezident tərəfindən neft faktorunun insan kapitalına çevrilməsi strategiyası irəli sürülmüş və ölkədə informasiya texnologiyaları önəmli sahəyə çevrilmişdir.

Ölkəmizdə İKT-nin inkişaf prosesinə, informasiya cəmiyyətinin formalaşmasına böyük diqqət yetirilir. Belə ki, elektron dövlət idarəçiliyi təsisatının təşəkkülü, bu sahədə fəal qanun yaradıcılığı, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq mühiti yaradılması müasir Azərbaycan cəmiyyətində inkişafın əsas istiqaməti kimi təsbit olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə 2012-ci il 13 iyulda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı. Agentliyin strukturuna daxil olan, Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən, ilk “ASAN xidmət” mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb.

Azərbaycanın “brendi” “ASAN xidmət”in fəaliyyət sferasına dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.

Son bir neçə ildə Azərbaycan istər İKT-nin inkişafı sahəsində, istərsə də “elektron hökumət” təsisatının qurulması işində ciddi irəliləyişlərə nail olmuşdur. Bu irəliləyişin əsası ümummilli lider Heydər Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının rifahı naminə İKT-nin inkişafının milli strategiyası”nda qoyulmuşdur. Ölkə başçısı Prezident İlham Əliyev də İKT-nin inkişafını iqtisadiyyatın inkişafının başlıca prioritetlərindən biri elan etdi ki, bu da öz növbəsində informasiya cəmiyyətinin və onun “elektron hökumət”, “elektron ticarət”, “informasiyadan istifadə imkanları” və sair kimi digər elementlərinin formalaşdırılması prosesini sürətləndirdi.

“Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır.

“Elektron hökumət”in əsas fəaliyyəti Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə riayət edilməsi, informasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması, istifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması; dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü kimi prinsiplərindən ibarətdir.

Son 10 ildə “Elektron imza və elektron sənəd dövriyyəsi haqqında”, “Elektron ticarət haqqında”, “İnformasiyadan istifadə imkanları haqqında” və bu kimi bir sıra qanunlar qüvvəyə minmişdir. Texnoloji proseslərin qanunçuluq bazası isə diqqətlə işlənib hazırlanır. Elektron hökumət təsisatının formalaşdırılmasının hüquqi cəhətdən reqlamentləşdirilməsi sahəsində son illərdəki ciddi irəliləyişi, o cümlədən Azərbaycan Prezidenti tərəfindən qəbul edilmiş normativ-hüquqi aktları qeyd etmək lazımdır. Onların sırasında dövlət başçısının 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın, eləcə də Prezidentin 4 sentyabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin xüsusi tənzimedici rolu vardır.

Vətəndaşların bütün bu xidmətlərdən istifadəsi və üstünlüklərdən faydalanması üçün “Elektron hökumət” portalı öz işini hər gün xüsusi nəzarət və gücləndirilmiş rejimdə davam etdirir. Bu hökumət, müasir informasiya texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın maksimum səviyyəsindən istifadə edərək vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.

Azərbaycanda mövcud informasiya cəmiyyətinin kifayət qədər olmamasını nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində yaradılan “ASAN xidmət” mərkəzlərini də “Elektron hökumət”in bir qolu saymaq olar.

“Fərdi məlumatlar haqqında” qanunun tələblərinə uyğun olaraq, “Elektron hökumət” sistemində qurumlararası servislər bölməsi və bu servislər əsasında vətəndaşlar üçün informativ və interaktiv şəkildə elektron xidmətlər yaradılmışdır. Elektron xidmətlərinə müraciət edərkən xidmət istifadəçilərinin şəxsi məlumatlarının və hüquqi sənədlərinin etibarlı şəkildə qorunması və təhlükəsiz mühitdə dövlət orqanları ilə vətəndaşlar arasında informasiya mübadiləsinin aparılması məqsədilə e-imza sertifikatlarından istifadə edilir. “Elektron hökumət” mühitində münasibətləri tənzimləyən bir sıra mühüm sənədlər, o cümlədən Azərbaycan Respublikasının qanunları, dövlət standartları və təsnifatları qəbul olunmuşdur. Ölkədə elektron imzadan istifadənin təşkili üçün Açıq Açar infrastrukturu və Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılmış və dövlət orqanlarına, vətəndaşlar və sahibkarlıq fəaliyyəti subyektlərin elektron imzaların verilməsinə başlanılmışdır. Elektron imzanın tətbiqi əhalinin elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinə, onlara daha keyfiyyətli, şəffaf və operativ xidmətlərin göstərilməsinə, həmçinin e-hökumətin və e-ticarətin geniş şəkildə yayılmasına xidmət edir.

Hər hansı bir elektron xidmətdən istifadə edərkən, mail göndərərkən, “Elektron hökumət” portalında qeydiyyatdan keçərkən vətəndaş öz elektron imza sertifikatı ilə kimliyini təsdiq edir, sistem onu eyniləşdirir və virtual mühitdə istədiyi əməliyyatı aparmağa imkan verir. Bir sözlə, real mühitdə hansısa xidmət üçün istənilən quruma gedərkən bizdən şəxsiyyət vəsiqəmizi tələb edirlər, virtual məkanda isə bizim şəxsiyyətimizi təsdiq edən sənəd elektron imza sertifikatımızdır.

Azərbaycan Respublikasının qanunlarına əsasən, Elektron imza (E-imza) əl imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Elektron imza, “elektron imza və elektron sənəd haqqında” qanuna görə, istənilən vətəndaş dövlət hakimiyyəti orqanına ancaq gücləndirilmiş elektron imza ilə imzalanmış sənədlə müraciət etməlidir. Bu, həm də informasiya təhlükəsizliyini təmin edən bir vasitədir.

E-imza elektron sənədi hazırlayan şəxsin sənədi təsdiqləyərək digər tərəfə göndərməsi, həmçinin, elektron imza vasitəsi tələb edən elektron xidmətlərdən istifadə etmək üçündür.

Bu sertifikatı əldə edən vətəndaşlar öz imzası ilə dövlət qurumlarına müraciət edə, “Elektron hökumət” portalında autentifikasiyadan keçə, rəsmi yazışmalar apara və e-poçt xidmətlərindən istifadə zamanı E-imzadan yararlana bilirlər.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, vergi ödəyicilərinin elektron xidmətlərdən istifadə edərək biznes hesabatlarını müvafiq strukturlara imzalayaraq ötürməsini E-imza vasitəsilə təmin edir.

Azərbaycan Respublikasında hüquqi şəxs kimi fəaliyyət göstərən biznes subyektlərinin elektron xidmətlərdən yararlanması, avtomatik olaraq elektron müqavilələrin bağlanması prosesini E-imzadan istifadə etməklə həyata keçirirlər.

Dövlət işçilərinin xidməti vəzifələrinə görə əldə etdiyi və öz səlahiyyətləri çərçivəsində elektron sənəd mübadiləsindən istifadə zamanı E-imzadan istifadə edirlər.

E-imza ilə imzalanmış elektron sənədin üstünlüyü ondadır ki, məxfilik qorunur və imzalanmış məlumat şifrələnmiş şəkildə göndərilir.

Qeyd edək ki, beynəlxalq FİPS 140-2 təhlükəsizlik standartına uyğunlaşdırılmış, tam təkmil imzalama vasitəsi olmaqla E-imza ilə aparılan əməliyyatlara müdaxilə etmək qeyri-mümkündür.

Ölkəmizdə dövlət informasiya resurslarının və sistemlərinin vahid texnoloji standartlar əsasında inteqrasiyası təmin olunur və vahid informasiya fəzası formalaşdırılır. İnformasiya təhlükəsizliyinin təmin edilməsi, ölkəyə daxil olan internet trafikində qlobal kiberhücumların qarşısının alınması, informasiya proseslərinin mühafizəsi, dövlət orqanlarının informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik sahəsində ümummilli hazırlığın qaldırılması və maarifləndirmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılır.

Bu gün fəaliyyət göstərən strukturların, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin vətəndaş hüquqlarının gerçəkləşdirilməsində və dövlət xidmətlərinin həyata keçirilməsində, informasiya təhlükəsizliyinin təmin edilməsində xüsusi rolu vardır.

Bəybala BƏYBALAYEV,

“Respublika”.