Əbədi işıq dolu, xoş ovqatlı yurdum mənim
Digər xəbərlər

Əbədi işıq dolu, xoş ovqatlı yurdum mənim

Qədim əsatirlərdə insan həmişə işıq axtarıb. Bu işıq öz gücünü təkcə günəşdən almayıb. Xeyirxah insanların yaratdığı xoş günlər və bu günlərdən qalan xoş xatirələr ürəklərə işıq təsiri bəxş edib. Xalqımız 44 günlük Qələbə savaşından sonra məhz belə işıq dolu xoş ovqatla yaşayır. Vətən müharibəsi keçən il noyabr ayının 10-da başa çatdı. Soyuq havaların təzəcə yer üzünə qədəm qoyduğu günlər idi. Sonra qış fəsli başladı və əvvəlki illərə nisbətən ötən qış xeyli sərt keçdi. Qışın soyuğu, şaxtası nə sayaq keçdi, fərqinə varmadıq. İçimizdəki qələbə sevinci, içimizdəki işıqdan yaranan hərarət ən isti sobanı, ən isti ocağı belə əvəz etmək gücündə oldu. Bu işıq azalmır, əksinə, öz şəfəqlərini artırmaqdadır. İşıqla bağlı bu fikirlər müsahibim, Hacıqabul Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanovla söhbətin ümumi məzmununu yaratdı. Sahib müəllim dedi:

-El arasında deyildiyi kimi bəxtimizə gün işığı düşüb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, şanlı Ordumuzun döyüş şücaəti sayəsində doğma Qarabağ yağı düşmənin işğalından azad edildi. Uzun ömrümdə taleyimə belə bir xoşbəxtlik tuş olmayıb. Biz, öz canımız-qanımız hesabına torpaqlarımızla yanaşı qürurumuzu, mənliyimizi də  geri qaytardıq. Respublikamızın hər yerinə, o cümlədən Hacıqabul rayonuna şəhidlər gəldi. Xalqımızın müdrikliyi, alicənablığı qarşısında bir daha səcdə edib baş əydik. Şəhid ata-anası “Vətən sağ olsun” deyib övlad itkisini yasa-hüzrə çevirmədilər. Sağ olsunlar, bizim böyüklüyümüz mətanətimiz də dəyanətimizdədir. Rayonumuzda qazilər də var.  Onlara dövlət tərəfindən hər cür qayğı göstərilir və bu iş bundan sonra da davam etdiriləcəkdir.

Hacıqabulun həyatında xoş günlərdən birini də bu ilin aprel ayında yaşadıq. Həmin gün dövlət başçımız cənab İlham Əliyev rayonumuza gəldi. Ölkə Prezidenti nəhəng Sənaye Məhəlləsinin,  yenidənqurmadan sonra hazır olan Hacıqabul-Muğan yolunun, “Qarasu”yarımstansiyasının, aqroparkların açılışında  iştirak etdi. Fermer Elşən Xəlilov pambıq tarlasına baş çəkib öz dəyərli məsləhətlərini verdi.  Əhalimiz Hacıqabulda aqrar sahənin nəhəng sənaye sistemi ilə bərabər inkişaf edəcəyinə görə dövlət başçımıza dərin təşəkkürünü bildirdi.

Bu günlər daha əlamətdar hadisələrin şahidiyik. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın qədim Mədəniyyət Mərkəzi Şuşa şəhərinə səfəri, bu şəhərdə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Müttəfiqlik Bəyannaməsinə imza atması sözün əsl mənasında tarixi hadisə, obrazlı desək, yurdumuzun taleyinə düşən gün işığıdır. 100 il bundan əvvəl, Böyük Atatürkün rəhbərliyi altında bağlanan və Azərbaycan-Türkiyə sərhədlərini müəyyən edən Qars müqaviləsinin tarixi təkrarı-Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsi ölkəmizin təhlükəsizliyini özündə ehtiva edən son dərəcə qüdrətli sənəddir. Şuşada Türkiyənin Konsulluğunun açılması ulu öndər Heydər Əliyevin məşhur kəlamı olan  “Bir millət, iki dövlət”-deyiminin əsl həqiqi və həyati təcəssümüdür.

Hacıqabul rayonunun ağsaqqalları dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan daxili və xarici siyasəti ürəkdən bəyənir və yaşımızın keçməsinə baxmayaraq sanki ömrün gün işığı  bol olan ikinci bahar fəslini yaşayırıq.

Tofiq HÜSEYN,

“Respublika”.