Azərbaycanın irəli sürdüyü təşəbbüslər beynəlxalq səviyyədə dəstəklənir
Siyasət

Azərbaycanın irəli sürdüyü təşəbbüslər beynəlxalq səviyyədə dəstəklənir

XX əsrin sonlarında müstəqil dövlətçilik yoluna qədəm qoymuş Azərbaycan xalqı azad, demokratik, hüquqi cəmiyyət quruculuğu yolu ilə irəliləyərək bütün dövlətlər və xalqlarla sülh, dostluq və əmin-amanlıq şəraitində yaşamaq və dünya birliyi ilə sıx inteqrasiya xətti tutduğunu bəyan etmişdir və bu yola sadiqdir. Bu mənada Azərbaycan Respublikası dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığa müstəsna əhəmiyyət verir və müstəqillik qazandığı ilk gündən ölkəmiz ilə BMT arasında əlaqələrin yaranması, daim inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün hər cür səy göstərir.

2010-cu ilin 23 sentyabr tarixində BMT Baş Assambleyasının 65-ci sessiyasında Prezident İlham Əliyev tərəfindən Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü elan edildi. Beləliklə, Azərbaycan regional təşəbbüsdən qlobal miqyasa çıxmış oldu. Nəticə etibarilə 2008-ci ildə “Bakı Prosesi” çərçivəsində UNESCO, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və İSESCO-nun tərəfdaşlığı ilə 2011, 2013, 2015, 2017 və 2019-cu illərdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, habelə 2011-ci ildə altı dəfə Bakı Beynəlxalq Humanitar Forumu və iki dəfə Dünya Dini Liderlərinin Sammiti ölkəmizdə yüksək səviyyədə təşkil edilmişdi. 180-dən çox ölkənin nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri, dünyanın tanınmış şəxsiyyətləri və elm adamları da daxil olmaqla, sözügedən forumların ümumi iştirakçılarının sayı təqribən 10 min nəfərə yaxın olmuşdur. Bu nüfuzlu tədbirlər sırasına 2015-ci il Bakıda Olimpiya Oyunları səviyyəsində təşkil olunmuş I Avropa Oyunlarını, eləcə də 2017-ci ildə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını əlavə etmək olar. Bu, dövlət siyasətimizin vahid strateji xəttini nümayiş etdirir. Artıq “Bakı Prosesi” dünyada mədəniyyətlər və dinlərarası dialoqun gücləndirilməsi və təbliği üçün qlobal bir platformaya çevrilmişdir. Təsadüfi deyil ki, BMT baş katibinin BMT Baş Assambleyasına ünvanladığı mədəniyyətlərarası və dinlərarası dialoq və sülh mədəniyyəti barədə 2017-ci ilin hesabatında “Bakı Prosesi” çərçivəsində bu günə qədər əldə olunan uğurlarla yanaşı, mədəniyyətlərarası dialoqun təbliği üçün əsas qlobal platforma kimi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edilib. İki müvafiq qərardan birində Bakı Forumunun əhəmiyyəti vurğulanıb. 2019-cu ildə BMT baş katibinin təşəbbüsü ilə hazırlanmış “Dini abidələrin qorunması üzrə Fəaliyyət Planı”nda “BMT-nin təşkilatları, Avropa Şurası və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının birgə əməkdaşlığı ilə Azərbaycan tərəfindən iki ildə bir dəfə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlər və dinlərarası dialoqun təşviqi üzrə əsas qlobal platformalardan biri” kimi bir daha təsdiq edilmişdir.

Bununla da “Bakı Prosesi” insanların təhlükəsizliyini təmin etmək üçün mədəniyyətlərarası dialoq və mədəni müxtəlifliyin həm həlledici amil, həm də çağdaş dövrün ən başlıca öhdəliyi olaraq beynəlxalq gündəmdə yüksək səviyyədə qalmasına şərait yaradır. 2008-ci ildə Bakıda Avropa, eləcə də bir sıra İslam ölkələri mədəniyyət nazirlərinin konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” təşəbbüsü Azərbaycanda tarixən mövcud olmuş mədəni müxtəliflik və tolerantlığın inkişaf etdirilməsinə, dünyada yayılmasına dövlətimizin dəstəyinin bariz göstəricisidir.

Bu bir həqiqətdir ki, 2010-cu ildə BMT-nin 65-ci sessiyasında Azərbaycan Prezidentinin Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi çağırışı “Bakı Prosesi”ni regional təşəbbüsdən qlobal təşəbbüsə çevirdi. Bu ideya UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi və 2011-ci ilin aprelində Bakıda ilk Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. 2013, 2015 və 2017-ci illərdə növbəti forumlar təşkil olundu.

Ötən on ildən artıq bir vaxt ərzində ölkəmizdə “Bakı Prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşib. 2016-cı ildə ölkəmizdə keçirilən bu mötəbər tədbirlər arasında Bakı Beynəlxalq Humanitar Forumunun xüsusi yeri var. Bu Forumun tarixi 2010-cu ildən başlanır, həmin il Bakıda təşkil edilən humanitar əməkdaşlıq üzrə Azərbaycan-Rusiya forumunda iki ölkənin prezidentlərinin təşəbbüsü ilə bu mövzuda beynəlxalq forumun keçirilməsi barədə qərar qəbul olunmuşdu. I Bakı Beynəlxalq Humanitar Forumu 2011-ci ilin 10-11 oktyabrında gerçəkləşdi. 2012-ci ildə ikinci, 2013-cü ildə üçüncü, 2014-cü ildə dördüncü, 2016-cı ildə isə beşinci forum keçirildi. “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli sərəncamına əsasən Dünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumunun iki ildən bir keçirilməsi qərara alındı. Hər iki tədbir üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir. “Bakı Prosesi”nin qlobal platformaya çevrilməsi və bu çərçivədə ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər beynəlxalq birlik tərəfindən də təqdir olunur.

Sessiya çərçivəsində davamlı inkişafa yardım, beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi, insan hüquqlarının təşviq edilməsi, humanitar yardımın göstərilməsi üzrə səylərin səmərəli əlaqələndirilməsi, ədalətə və beynəlxalq hüququn inkişafına yardım, tərksilah, narkotiklərə nəzarət, cinayətkarlığın qarşısının alınması, beynəlxalq terrorizmlə mübarizə və digər məsələlər müzakirə edilmişdir.

Ölkəmiz BMT-nin üzvü olaraq, yuxarıda adlarını çəkdiyimiz bütün məsələlərə xüsusi diqqət yetirir və onların müzakirəsində yaxından iştirak edirdi. Eyni zamanda, bizim üçün ən vacib məsələ, şübhəsiz ki, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz və torpaqlarımızın işğal edilməsi faktının gündəmdə saxlanılması idi. Bu məqsədlə ötən sessiyalarda da olduğu kimi, daimi nümayəndəlik tərəfindən məsələ ilə bağlı təşəbbüslər irəli sürülmüş, mütəmadi olaraq ikitərəfli və çoxtərəfli görüşlər keçirilmiş, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, onun nəticələri, tarixi və hüquqi aspektləri barədə məlumatlar verilmişdir.

Bildiyimiz kimi, Azərbaycan tərəfinin təşəbbüsü ilə BMT-nin 64-cü sessiyasının plenar iclasının gündəliyində “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı 18-ci bənd və “Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq insan hüquqlarına riayət olunması” başlıqlı qətnamə layihəsi yer almışdır.

Xoş məram, konstruktivlik mövqedən çıxış edərək, Azərbaycan tərəfi 64-cü sessiyanın plenar iclasının gündəliyində olan A/64/L.57 saylı qətnamə layihəsinin təxirə salınmasını, “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı bəndin isə Baş Məclisin 65-ci sessiyasının gündəliyinə salınmasını xahiş etmişdir. Eyni zamanda, vurğulamaq lazımdır ki, layihədə missiyanın göndərilməsi əsas məsələlərdən olmuş, bununla bağlı qərar konsensusla qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, ölkəmizin mənafelərinin qorunması, təşəbbüslərimizin gerçəyə çevrilməsi və onlara lazımi dəstəyin əldə edilməsi üçün BMT Baş Məclisinin 65-ci sessiyasının ümumi müzakirələri zamanı Azərbaycan nümayəndə heyətinin başçısının çıxışı, eyni zamanda, müzakirələr çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlər, gərgin müzakirələr keçirilmişdir.

BMT Baş Məclisinin 65-ci sessiyasında Prezident İlham Əliyev çıxış edərək demişdir: - “Azərbaycan bütün dövrlərdə müxtəlif dinlər, etnik qruplar və fəlsəfələr arasında birgə yaşam və dözümlülük məkanı olmuşdur. Sivilizasiyalar ittifaqının Dostlar Qrupunun fəal üzvü kimi Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə qarşılıqlı hörmət və anlaşma əsasında töhfə verir. Azərbaycan bu ilin yazında 32 dövlətin dini rəhbərlərinin Ümumdünya Sammitini təşkil etmiş, 2011-ci ilin aprelində Mədəniyyətlərarası Dialoq naminə Ümumdünya Forumunu keçirmək təşəbbüsü ilə çıxış etmişdir”.

Azərbaycan dövlətinin siyasətinin əsasında insan amili dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizədə atılan addımlar bunu bir daha təsdiqləyir. Dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə göstərilən münasibət buna əyani sübutdur. Bunun başlıca səbəbi isə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, qarşıya qoyulan hədəflərə çatmaq üçün göstərdiyi iradədir. Dövlət başçısının koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər Azərbaycanın dünyadakı çəkisini daha da artırdı. Dünya ölkələri koronavirusla mübarizə apardığı bir zamanda Azərbaycan Prezidenti qlobal çağırış edərək dövlətləri vahid “düşmən”ə qarşı birlikdə mübarizə aparmağa səslədi. 2020-ci il aprel ayının 10-da Azərbaycan Respublikasının təşəbbüsü ilə Türk Şurasının dövlət və hökumət başçıları səviyyəsində COVİD-19 pandemiyasına həsr olunmuş onlayn Zirvə görüşü təşkil edildi.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bu təklif Qoşulmama Hərəkatına üzv 120 ölkə arasında yekdilliklə razılaşdırıldı və xüsusi sessiyanın keçirilməsi ilə bağlı Baş katib Antonio Quterreşə müraciət ünvanlandı. BMT-nin 130-dək üzv ölkəsi Azərbaycan Prezidentinin təşəbbüsünə rəsmi şəkildə dəstək verdi. Eyni zamanda, BMT-nin üzvü olan dövlətlərin Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir.

Göründüyü kimi, illər ötdükcə Azərbaycanda daxili ictimai-siyasi sabitlik, həmrəylik daha da güclənir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Bütün bunların nəticəsidir ki, ölkəmiz yeni-yeni uğurlar əldə edir. Təbii ki, bu nailiyyətlər Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev siyasətini böyük inamla davam etdirməsi nəticəsində qazanılır. Dövlət başçısının müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünya miqyasında yüksək səviyyədə qiymətləndirilir.

Nurəngiz ADİLQIZI,

“Respublika”.