44 günlük Vətən müharibəsi zərdablı gənclər üçün də əsl sınaq meydanına çevrilmişdir. Rayon üzrə 452 nəfər İkinci Qarabağ savaşında iştirak etmiş, onlardan 8 nəfəri şəhidlik zirvəsinə ucalmışdır.
Bu günlərdə Zərdab Rayon İcra Hakimiyyətində yerli İcra aparatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin təşkilatçılığı ilə Zərdabdan olan Vətən müharibəsi iştirakçılarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə ordumuzun qazandığı tarixi qələbədən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında əsgər və zabitlərimizin fədakarlıq nümunəsi göstərərək, Ermənistan ordusunu darmadağın etməsindən danışıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisində qismən səfərbərlik elan etməsi barədə sərəncamına uyğun olaraq rayonun yüzlərlə sakini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsində qeydiyyatdan keçərək, Vətən müharibəsinə yola düşüb. Bütün istiqamətlərdə gedən döyüşlərdə onlar böyük qəhrəmanlıq və şücaət nümayiş etdiriblər. Azərbaycan Prezidentinin sərəncamı ilə Vətən müharibəsində igidlik göstərmiş yüzlərlə zərdablı müxtəlif orden və medallar ilə təltif edilib.
Bildirilib ki, müharibədən sonra zərdablı şəhidlərin adları əbədiləşdirilir, küçələrə şəhid adları verilir, xatirələrinə abidələr ucaldılır, bulaqlar tikilir.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı M.Camalzadə Vətən müharibəsində göstərdikləri cəsarət və qəhrəmanlıqlara görə orden və medallar ilə təltif edilmiş bütün zərdablıları təbrik edib, onların valideynlərinə vətənpərvər övladlar yetişdirdiklərinə görə minnətdarlığını bildirib.
Sonda bir qrup Vətən müharibəsi iştirakçısına dövlət təltifləri təqdim olunub.
Maarif RZAYEV,
“Respublika”.