Vətən sevgisinin  hünər dastanı
Region

Vətən sevgisinin  hünər dastanı

Vətəni canından üstün tutub onun yolunda şəhidliyi özünə şərəf bilən qəhrəman oğullardan biri Zabil  İbadzadədir. O, xalqımıza  zəfər sevinci yaşadan 44 günlük Qarabağ müharibəsində  döyüş meydanında  qanı bahasına yaşına uyuşmayan   bir tarix yazdı.  Bununla da 24 yaşında müqəddəs ruhu ən uca zirvələrdə dolaşan Vətən oğlu  qəlblərdə yaşamaqla öz milləti üçün qəhrəmanlıq  simvoluna  çevrildi. İndi hər dəfə Zabilin adı  çəkiləndə  ürəkləri qürur, iftixar hissi alır.  Layiq görüldüyü,  şərəf rəmzi olan  “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının  azad  olunmasına   görə  medallar da onun Vətənə halal sevgisindən  gələn nəsillərə  bir nişanə qaldı.

 Zabil Fikrət oğlu İbadzadənin  dünyaya göz açdığı  Lənkəran rayonunun Gəgiran  kəndi  həmişə özünün halal çörəkli, yurd qeyrətli, Vətən sevdalı insanları  hesabına  tanınıb.  Zabil də  orta məktəbi bitirib başqasına işıq olmaqla özünə xoşbəxtlik çələngi hörmək  məqsədilə    müstəqil  həyata qədəm qoyur. Erməni qəsbkarları tərəfindən təcavüzə məruz qalan Qarabağın taleyini düşünən gənc  2015-ci ildə  Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yola düşəndə  deyir:- Vətən borcunu şərəflə ödəmək  hər bir qeyrətli oğlun ən böyük amalıdır. Mən də belə. 

Bəli, Zabil İbadzadə  xidmət etdiyi Qazax rayonunda yerləşən “N” saylı hərbi hissəsinin nümunəvi əsgəri olaraq böyük hörmət qazanır.  Vətəninə, torpağına   ürəkdən bağlılığı  hərbi təlimlərdə göstərdiyi  əla döyüş keyfiyyətlərində aydın bilinir. Azərbaycanın müqəddəs parçası olan Qarabağın azadlığı uğrunda hər şeyi mükəmməl öyrənməyə çalışır.  Zabitlərə, əsgər yoldaşlarına  bildirir ki,  erməni  dığalarının Qarabağımızın  işğalda saxlaması bizə yaraşmır. Bu yolda ölüm olsa belə, düşməndən  tezliklə  qisası  alınmalıdır.  Həm də  Zabilin əsgərlik həyatı başa çatanda keçirilən  təlimlərdən yaxşı  öyrəndiyi  üçün  düşmənlə mübarizə  aparmaqdan ötrü  özündə tükənməz qüvvə hiss edir.

Zabil əsgəri xidmətdən sonra  gördüyü yaxşı işləri ilə insanlarda özünə qarşı  səmimi hisslər oyadır. Ağıllı, işgüzar, humanist təbiətli bu gənc ömür yolunu ləyaqətlə gedir. Qaldı ki, Qarabağı unuda bilmir, xəyalı gecə-gündüz  döyüş bölgələrində dolanır.  İşğalçı  erməni dığalarla bağlı  bəd xəbərlər içində bir qəzəb tufanı yaradır.  Vətən torpaqlarını yağı  tapdağından qurtulması üçün silaha sarılıb  meydan istəyir. Məhz buna görə Zabil İbadzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə  könüllü  qoşulur. Noyabrın 5-nə qədər  Vətən, torpaq naminə  min əzablı-əziyyətli  yollar keçir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə isə əsl tarix yazır. Zabil  düşmənə qan uddurur, onlarla erməni əsgərini, zabitini, saysız-hesabsız  döyüş  texnikasını  məhv edir.  İgid əsgər şəhidlik zirvəsinə ucaldığı günü də  qeyri-bərabər döyüşdə Vətənə can borcunu  şərəflə ödəyir.

Zəfər ORUCOĞLU.