Zəngin mədəni irsə sadiqlik ənənəsi
Mədəniyyət

Zəngin mədəni irsə sadiqlik ənənəsi

Mədəni irsin qorunması bir millətin kimliyini formalaşdıran dəyərlərin, inancların və nailiyyətlərin gələcək üçün saxlanılması deməkdir. Qloballaşma və modernləşmənin bəzən ayrı-ayrı mədəniyyətlərin unikallığına kölgə sala biləcəyi hazırkı dünyada mədəni irsin qorunmasının əhəmiyyəti indi hər zamankından daha vacibdir.

Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Xalqın mədəni irsi onun tarixini, adət-ənənələrini və kimliyini əks etdirir. Azərbaycanda bu zəngin mədəni sərvətin qorunub saxlanması və təbliği Heydər Əliyev Fondu tərəfindən uğurla həyata keçirilir. Heydər Əliyev irsinə hörmət prinsipləri əsasında 2004-cü ildə yaradılan fond Azərbaycanın çoxşaxəli mədəni irsinin qorunması istiqamətində fəaliyyət göstərir.

Fondun layihələrinə əsasən, Azərbaycanın hər yerində tarixi və mədəni abidələrin bərpası həyata keçirilir. Aparılan bərpa işləri nəticəsində bir çox tarixi abidələr gələcək nəsillər üçün qorunub saxlanılır. Heydər Əliyev Fondu yarandığı ilk illərdən milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm vermiş, əhəmiyyətli tarixi abidələrin bərpası prosesinə dəstək olmuşdur.

Fond tərəfindən mədəniyyətin qorunması istiqamətində Comərd Qəssabın məzarı, məzarüstü türbəsinin və Abdulla Şaiqin ev-muzeyinin bərpası, Xəzər rayonunun Mərdəkan qəsəbəsində kütləvi kitabxana üçün müasir binanın inşası, Mərdəkan Mədəniyyət Sarayının yenidən qurulması, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması, Cavad xanın qəbri üzərində məqbərənin ucaldılması, Gəncə qapılarının bərpası, Salyan Dövlət Rəsm Qalereyasının yenidən qurulması, Ağcabədi və Ağdamda Qarabağ Muğam Mərkəzinin inşası, Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın inşası kimi bir çox layihələr reallaşdırılıb.

İşğaldan azad edilmiş bölgələr də diqqətdən kənarda qalmayıb. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən üç yaşayış binası ermənilərin işğalı zamanı dağıdılaraq istifadəyə yararsız hala salınıb. 2022-ci ilin may ayından etibarən Heydər Əliyev Fondu tərəfindən həmin binalarda təmir-bərpa işləri həyata keçirilib. Həmçinin Şuşa şəhərində yerləşən Yaradıcılıq Mərkəzi, Milli Xalça Muzeyinin Şuşa filialı, Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin Şuşa şəhərində yerləşən heykəli, Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin Şuşada yerləşən muzey-məqbərə kompleksi və büstü Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilib.

Xaricdə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində Fransanın Miluz şəhərinin Yuxarı Alzas Universitetinin Filologiya fakültəsinin konfrans zalı Heydər Əliyev Fondunun dəstəyi ilə tamamilə yenidən qurulub və zala Məhsəti Gəncəvinin adı verilib. Dünyanın mədəniyyət paytaxtı hesab edilən Parisin mərkəzində Eyfel qülləsinin yaxınlığında yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin dünyada təbliğ olunması istiqamətində atılan ən mühüm addımlardan biridir. Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin 2012-ci il sentyabrın 19-da keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Mərkəzin kitabxanasında fransız dilinə tərcümə edilən Azərbaycan ədəbiyyatı külliyyatı, mədəniyyətimizin müxtəlif istiqamətlərinə aid nəşrlər yer alıb. Həmçinin Avropadakı Luvr, Versal sarayı, Strasburq Kafedral Kilsəsi və digər tarixi abidələrin bərpasında Heydər Əliyev Fondu xüsusi rol oynayıb.

Azərbaycan, müxtəlif mədəniyyətlərin birləşdiyi bir məkan olaraq tanınır. Dərin kökləri olan tolerantlıq mənəvi dəyərlərimizə əsaslanır. Bu nöqteyi-nəzərdən Heydər Əliyev Fondu tərəfindən Ağdam şəhərində yerləşən Cümə məscidi, Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi, həmçinin Vatikanda yerləşən Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı "Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü" barelyefi, Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa olunub. Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edilib.

Heydər Əliyev Fondu incəsənət xadimlərinə və mədəniyyət qurumlarına geniş dəstək göstərir. Qrantlar, təqaüdlər və sponsorluq proqramları vasitəsilə fond istedadlara kömək edir. Bu dəstək Azərbaycan rəssamlarının həm milli, həm də beynəlxalq aləmdə tanınması işinə təkan olur. Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, Yuxarı Gövhər Ağa məscidinin ərazisindəki mədrəsə binasında "Mir Möhsün Nəvvab Qarabaği - XIX əsrin ensiklopedik alimi" adlı sərgi, 2022-ci il yanvarın 26-da Sankt-Peterburqdakı Mərmər sarayda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Yeddi gözəl" sərgisi, "Xarıbülbül" beynəlxalq incəsənət festivalı bir çox layihələr incəsənətə verilən dəyərin göstəricisidir.

Heydər Əliyev Fondu maddi abidə və artefaktlarla yanaşı, qeyri-maddi mədəni irsin qorunmasına da böyük diqqət yetirir. Ənənəvi sənətkarlıq, musiqi, rəqs və şifahi xalq ənənələri nəsildən-nəslə ötürülən Azərbaycan mədəniyyətinin tərkib hissələridir. Dünya klassik musiqisinin şah əsərlərindən biri - görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti 2023-cü il sentyabrın 18-19-da Heydər Əliyev Sarayında Fondun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə yenidən səhnəyə qoyulub. Üzeyir Hacıbəyli, "Muğam aləmi" ("Space of Mugam") kimi Beynəlxalq Musiqi Festivalları keçirilib.

Azərbaycan inkişaf və müasirləşmə yoluna davam edərkən, Heydər Əliyev Fondu xalqın zəngin mədəni irsinin qorunub saxlanması və təbliği ilə bağlı öz öhdəliyinə sadiq qalır. Fond özünün çoxşaxəli təşəbbüsləri ilə qeyri-maddi irsi qoruyur. Heydər Əliyev Fondu keçmişi qoruyub saxlamaqla, həm də Azərbaycanın mədəni mənzərəsini zənginləşdirmişdir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".