Zəngəzur dəhlizinin açılması regionun iqtisadi inkişafına töhfə verəcək
Siyasət

Zəngəzur dəhlizinin açılması regionun iqtisadi inkişafına töhfə verəcək

Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan iqtisadiyyatının yüksəlişi deyil, həmçinin regionun inkişafı və Avropa ölkələrinə açılan qapıdır. Bu dəhlizdən istifadə edəcək hər bir dövlət iqtisadi baxımdan böyük imkanlar qazandığı kimi, həm də xarici bazarlara çıxış əldə edəcək.

Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında demişdir: "Biz Zəngəzur dəhlizi haqqında da fikir mübadiləsi apardıq, bu məsələni müzakirə etdik. Hər halda biz bu istiqamətdə öz səylərimizi artıracağıq və dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə iş birliyi məsələlərinə müsbət təsir göstərəcək".

Zəngəzur dəhlizinin açılmasını istəməyən ölkələrin əsas hədəfi ondan ibarətdir ki, dəhlizin açılması ilə Azərbaycan regionun iqtisadi mənzərəsini dəyişəcək. Bu isə Azərbaycana qarşı qərəzli mövqe tutan ölkələrin qısqanclığına səbəb olur, buna görə də gələcəkdə dəhlizdən ən çox faydalanacaq ölkələrdən biri olan Ermənistanı da bu işdən yayındırırlar. Öz məqsədləri üçün oynadıqları oyunlarda Ermənistanı qurban verirlər. Əlbəttə ki, erməni xalqı bunu anlasa da, hakimiyyət mütiliyindən xilas ola bilmir. Əgər ötən 30 illik işğal dövrünü götürsək, bu müddət ərzində Ermənistan bir çox irimiqyaslı layihələrdən kənarda qalıb. Azərbaycanın iştirakçısı və yaxud da birbaşa müəllifi olduğu bu layihələr region və onun dövlətləri üçün böyük imkanlar yaradır. Lakin Ermənistan bu layihələrin heç birində iştirak edə bilmədi, bu layihələr Ermənistandan deyil, Gürcüstandan keçərək Türkiyə, Qara dəniz və Aralıq dənizinə kimi uzandı, itirən tərəf isə Ermənistan oldu. Əgər Zəngəzur dəhlizinin açılması məsələsini uzatmağa çalışsa, bu, yenə onun zərərinə olacaq. Ermənistan bu layihədən də kənarda qalsa, gələcək üçün heç bir perspektiv əldə edə bilməyəcək. Çünki Zəngəzur dəhlizi Ermənistanın inkişafı və gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, dəhliz Türkiyə ilə Azərbaycanı birləşdirəcək.

"Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır". Bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirmişdi.

Baxmayaraq ki, erməni xalqının böyük hissəsi nicatı və xilas yolunu Azərbaycanla əməkdaşlıqda görür, lakin hakimiyyəti dəyişkən mövqe nümayiş etdirir. Buradan da belə bir nəticəyə gəlmək olur ki, Zəngəzur dəhlizinin açılması prosesində Ermənistana hansısa üçüncü qüvvə təsir edir. Bu qüvvələr yalançı vədlər verərək erməni xalqını aldatmaqla pərdə arxasında öz mənfəətlərini güdürlər. Əslində, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün daha böyük imkanlar yaradacaq.

Ölkəmiz Zəngəzur dəhlizinin açılması məsələsində qətiyyətli mövqe nümayiş etdirir. Öz prinsip və öhdəliklərini açıq şəkildə bəyan edir. İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizinin açılması öz aktuallığını daha da artırdı. Açılacaq dəhliz Azərbaycan, Türkiyə və Ermənistanın inkişaf baxımından ən zəif bölgələrindən keçəcək. Dəhlizin açılması ilə Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın Sünik bölgəsi və Türkiyənin şərq vilayətləri bir-birinə bağlanacaq. Bununla da hər üç ölkənin sözügedən bölgələrinin iqtisadi inkişafı sürətlənəcək. Eyni zamanda, Azərbaycanın tarixi diyarı olan Naxçıvanla da bağlantısı bərpa olunacaq. Belə olan halda isə İranın Azərbaycan üzərindəki ən vacib üstünlüklərindən olan "Naxçıvan tranziti" zəifləyəcək. Bu isə İranda müəyyən qıcıq və qısqanclıq yaradır. İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycanla Naxçıvan arasında yol İrandan keçirdi. Zəngəzur dəhlizinin açılması isə bu marşrutu dəyişəcək. Ermənistan ərazisindən keçəcək yol, İranın bu sahədə rolunu azaldacaq. İranı narahat edən səbəblərdən biri də budur. Buna görə də İran Zəngəzur dəhlizinin açılmasına əngəllər törətməyə çalışır. Lakin İran anlamır ki, onun bu addımı özünü regional iqtisadi əməkdaşlıq formatından kənarda qoyur. Zəngəzur dəhlizinin daha bir əhəmiyyəti və üstünlüyü Çindən gələn məhsulların Türkiyənin şərq vilayətlərinə, oradan isə Aralıq dənizi və yaxud da İstanbul boğazı vasitəsilə Avropaya daşınmasıdır.

Birmənalı şəkildə Zəngəzur dəhlizinin açılmasında israrlı tərəf Azərbaycandır. Çünki dəhlizin açılması ölkəmizin maraqlarının təmin olunması ilə yanaşı, dünya miqyasına təqdimatıdır. Ölkəmizlə yanaşı, bu məsələdə Rusiyanın da öz maraqları var. Rusiya üçün Zəngəzur dəhlizinin açılması vacibdir. O, bu dəhliz vasitəsilə birbaşa Ermənistan və İranla dəmiryolu əlaqəsi imkanları əldə edəcək. İran isə bu maraqlarda yalnız fərqli və dəyişkən mövqe tutur. Zəngəzur dəhlizinin açılması əslində İran üçün də böyük fayda verəcək. Məsələn, İranın dəhlizdən istifadəsi onun dəmiryolu vasitəsilə Rusiyaya birbaşa çıxışını təmin edəcək. Zəngəzur dəhlizi təkcə Cənubi Qafqazda deyil, həmçinin bütün Avrasiya üçün böyük əhəmiyyəti olan yeni kommunikasiya xəttidir. Reallıq ondan ibarətdir ki, bu gün təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya üçün yeni imkanlar yaradacaq və yüksək iqtisadi inkişafa səbəb olacaq Zəngəzur dəhlizinin açılması vacibdir.

Ramidə YAQUBQIZI,

"Respublika".