Azərbaycan daha böyük uğurlara imza atacaq
Siyasət

Azərbaycan daha böyük uğurlara imza atacaq

Azərbaycan dövlətinin memarı və qurucusu, bütün ömrünü xalqımızın rifahına həsr etmiş Ümummilli Lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də xalqa tarixi müraciət etdi. Ulu Öndər prezident seçkilərində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi və Azərbaycan xalqını özünün siyasi varisi, dünya siyasətini gözəl bilən, yüksək intellektli, qətiyyətli və praqmatik düşüncəli İlham Əliyevə səs verməyə çağırdı. Ümummilli Lider İlham Əliyevə özü qədər inandığını, onun güclü siyasətçi olmaqla yanaşı, dövlətini, xalqını sevən və lazım gələrsə xalq yolunda canını belə verməyə hazır olan insan olduğunu bildirdi. Ulu Öndər bütün fəaliyyəti dövründə xalqa arxalanırdı və xalq da Heydər Əliyevə inanırdı. Xalqımız çox gözəl bilirdi ki, dövlətimizi gələcək inkişafa, vətəndaşlarımızı rifaha aparan yol Heydər Əliyev yoludur və İlham Əliyev bu siyasi kursun, bu yolun ən layiqli davamçısı olacaq. 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının böyük əksəriyyəti İlham Əliyevə səs verdi. Bu, Heydər Əliyev siyasi kursuna, İlham Əliyevə, böyük inama verilən səs idi. Xalqımız öz seçimində yanılmamışdı. Prezident İlham Əliyev Azərbaycan dövlətini zirvələrə qaldırdı, dünyada söz sahibinə malik bir dövlətə çevirdi.

Prezident seçildiyi ilk illərdən cənab İlham Əliyev iqtisadiyyatda, səhiyyədə, təhsil sistemində, ordu quruculuğunda böyük irəliləyişlərə nail oldu. Müasir, dünya standartlarına uyğun yüzlərlə xəstəxana, minlərlə məktəb inşa edildi. Gələcək nəsillərin sağlam böyüməsi, dünya idman arenalarında idmançılarımızın Azərbaycan bayrağını yüksəklərə qaldırması məqsədilə ölkəmizin demək olar ki, bütün regionlarında olimpiya idman kompleksləri inşa edildi.

Neft-qaz sənayesinin inkişafında Prezident İlham Əliyev böyük layihələrə imza atdı. Trans-Anadolu, Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə başlanıldı. Bununla da ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadı.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi də məhz cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdı. Bu dəmir yolu xətti Asiya və Avropanı birləşdirən nəqliyyat dəhlizi oldu. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Asiyadan Avropaya və əks istiqamətdə milyon tonlarla yük daşınır. Prezident İlham Əliyevin həyata keçirdiyi neft-qaz strategiyası, eləcə də məqsədyönlü, müdrik xarici siyasəti nəticəsində Avropa İttifaqı və bir çox Avropa dövlətləri ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoydu. Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında istər siyasi, istərsə də iqtisadi sahələrdə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın təbii qazı Avropaya ixrac olunur.

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi böyük layihələr Azərbaycan iqtisadiyyatının daha da gücləndirilməsinə təkan verdi, dövlət büdcəsini neft asılılığından azad etdi. Qeyri-neft sektorundan gələn gəlirlərin həcmi hər il artmaqdadır. Azərbaycan dünyada çox az dövlətlərdəndir ki, gəlirləri xarici borcları dəfələrlə üstələyir. İqtisadi islahatların uğurla həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycan artıq kredit alan yox, kredit verən bir dövlətə çevrilmişdir.

Azərbaycanda elə bir sahə yoxdur ki, inkişaf etdirilməsin. Ölkə başçımız Prezident seçildiyi ilk vaxtlardan gənclərin sağlamlığına, təlim-tərbiyəsinə böyük diqqət ayırdı. Gənclərimiz beynəlxalq yarışlarda Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirməklə ölkəmizi tanıdırlar. Bu gün gənc, istedadlı demokratik düşüncəli gənclərimizə böyük etimad göstərilir, onlar dövlət idarəçiliyində, icra orqanları strukturlarında rəhbər vəzifələrə təyin olunurlar.

Müasir nəqliyyat, logistika infrastrukturu sayəsində Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşağının mərkəzinə çevrilmişdir. Şərqlə Qərbi birləşdirən bu orta nəqliyyat dəhlizinə bir çox Avropa və Asiya dövlətləri böyük maraq göstərir. Bu marşrut xətlərilə yükdaşımaların həcmi hər il artmaqdadır. Bu da tranzit ölkə olaraq Azərbaycan iqtisadiyyatına böyük gəlir gətirməklə yanaşı, dövlətimizin beynəlxalq aləmdə nüfuzunu artırır.

Dövlət başçısının xalqımızın qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Cənab İlham Əliyev Azərbaycanda siyasi dialoqun əsasında milli həmrəyliyimizin təməlini yaratdı. Siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin mövcudluğu ölkəmizdə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.

Daxili və xarici siyasətin prioriteti Azərbaycanın güclü dövlətə çevrilməsi və xalqın rifahının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. Müstəqil, balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.

Azərbaycanın müstəqil parlamentarizm tarixində ilk dəfə olaraq 2020-ci ildə müxtəlif siyasi partiyalar qanunverici orqanın rəhbərliyində təmsil olundu. Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri vəzifələrinə müxalif siyasi partiyaların nümayəndələri seçildilər.

İlham Əliyevin güclü lider olması öz təsdiqini tapıb. Ölkə başçımız Prezident seçildiyi 20 il ərzində xalqa verdiyi bütün vədləri yerinə yetirib.

Cənab İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın dünyada siyasi və iqtisadi imkanları möhkəmlənib. Bu gün regionda həyata keçirilən beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə reallaşdırılır.

30 il işğal altında olan torpaqlarımız İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində azad edildi. Prezident ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, xalqımızın kimliyini, qürurunu özünə qaytarmış oldu. Qloballaşan dünyada adət-ənənələrimizin qorunub saxlanılması, milli dəyərlərimizə sadiqlik, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi İlham Əliyevin xalq qarşısında əvəzsiz xidmətlərinin nəticəsidir. Bu gün Azərbaycanın multikulturalizm, tolerantlıq dəyərləri bütün dünyada nümunə göstərilir. Azərbaycanda yaşayan bütün millətlər bir ideya, azərbaycançılıq ideyası ətrafında birləşib. Bu məmləkətdə yaşayan dinindən, dilindən asılı olmayaraq hər kəs azərbaycanlı olması ilə fəxr edir.

Cənab Prezident ölkənin iqtisadi potensialının artırılması yönümündə həyata keçirdiyi siyasət nəticəsində ÜDM dəfələrlə artıb. İlham Əliyev Azərbaycanda neft kapitalını insan kapitalına çevrilməsinə dair strateji nəzəriyyə yaratdı. Bu gün Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir. Bu sektorda ixrac potensialımız hər gün artmaqdadır. Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət yürüdən strateji və etibarlı tərəfdaş dövlət imicini qazanıb. Ölkəmizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi cənab İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzundan xəbər verir.

Prezident İlham Əliyev ölkədə ordu quruculuğuna xüsusi diqqət ayırır və hər zaman Ermənistanla müharibəyə hazır olmalıyıq fikrini səsləndirir. Ermənistan rəhbərliyi Azərbaycana qarşı yeni torpaq iddiaları irəli sürürdü. Bu səbəbdən, İlham Əliyev Ali Baş Komandan olaraq Azərbaycanda güclü, müasir ordu yaratdı. Bu ordu "məğlubedilməz" mifi, erməni ordusunu 44 günə darmadağın etdi.

Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün YAP regionda ən güclü və nüfuzlu partiyaya çevrilib. YAP-ın 85 yerli təşkilatı, 760 mindən çox üzvü var. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. Bu vətəndaşlarımızın YAP-a və onun sədri cənab İlham Əliyevə olan etimadının göstəricidir.

Müzəffər Ali Baş Komandanın başçılığı altında ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində 30 illik işğala son qoyuldu. Müharibədə böyük Zəfər qazandıq. Qarabağa Böyük Qayıdış planı reallaşmaqdadır. Artıq keçmiş məcburi köçkünlərimiz də öz yurdlarına mərhələli şəkildə dönməkdədirlər. Müharibə bitəndən bu günədək bərpa və yenidənqurma işlərinə büdcədən 7 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Növbəti il üçün daha 2 milyard ABŞ dolları həcmində vəsait ayrılacaq. 2023-cü il aprelin 23-də Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsi yaratmaqla Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa etdi. Lakin Ermənistan dövlətinə və Qarabağda qalan separatçılara məxsus silahlı dəstələr Azərbaycan hərbiçilərinə və mülki şəxslərimizə qarşı terror aktları törətməkdə davam edirdilər. Bu il sentyabrın 19- da Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirdi. Ermənistana və separatçılara məxsus silahlı qüvvələr 24 saat belə Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədi və təslim oldular. Bununla da Azərbaycan Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi, xunta rejiminin Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətmiş rəhbərləri həbs edilərək Bakıya gətirildi. Azərbaycanın öz ərazilərində suverenliyi tam bərpa edildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha yüksək zirvələr fəth edəcək və böyük uğurlara imza atacaq.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı, Bakı Dövlət

Universitetinin kafedra müdiri,

professor.