Yeni reallıqlar yaradan LİDER
Siyasət

Yeni reallıqlar yaradan LİDER

2018-ci il aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib

2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Elə hər şey dahi lider Heydər Əliyevin dediyi kimi də oldu. Bundan sonra 2008, 2013, 2018 və 2024-cü illərdə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev ölkəyə rəhbərliyi dövründə böyük uğurlara imza atıb. Dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib, Azərbaycanın hərtərəfli inkişafına nail olub, əhalinin rifahı daha da yaxşılaşıb, respublikamızın siyasi, iqtisadi imkanları şaxələndirilib. Azərbaycan hərb sənayesinin inkişafının təzahürü olaraq müasir ordu yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Hazırda Cənubi Qafqazda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr rəsmi Bakının iştirakı, milli maraqların nəzərə alınması ilə icra edilir.

Strateji düşüncə tərzinə və yanaşmalara malik olan Prezident İlham Əliyev verdiyi qərarlarla zamanı qabaqlayır. Başqa sözlə desək, ölkə başçımız özünün də dediyi kimi, nəyi, necə və nə zaman etməyi hamıdan yaxşı bilir. Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də inaqurasiya mərasimi zamanı Azərbaycanın əsla işğalla barışmayacağını diqqətə çatdırmışdı: "Ermənilər, vandallar, Ermənistan rəhbərliyi bizim tarixi abidələrimizə də soyqırımı törədib, məscidlərimizi dağıdıb. Amma onlar başa düşmürlər ki, biz dağılmış məscidləri qəlbimizdə yaşadırıq. Biz dağılmış məscidləri qəlbimizdə ucaltmışıq. Torpaqlar işğaldan azad olunandan sonra vandallar tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq Mərcanlıya gətirdik, orada tikdik. Bu gün bu torpaqlarda bizim insanlarımız ibadət edə bilirlər. Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq". Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi. Dövlətimizin başçısı ulu öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusunu reallaşdırdı. İkinci Qarabağ savaşı zamanı Ali Baş Komandan İlham Əliyev müntəzəm olaraq xalqa müraciətlər edirdi. Azərbaycan xalqının bir yumruq kimi birləşməsində həmin müraciətlərin böyük rolu oldu. Prezidentin xalqına, xalqın isə öz liderinə inamı məhz müharibənin gedişatına və taleyinə mühüm töhfə verdi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur qaldı. Bununla Azərbaycan gücünü nəinki döyüş meydanında, hətta siyasi arenada da bütün dünyaya nümayiş etdirdi.

44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev informasiya cəbhəsində də rəsmi İrəvanın yalanlarını dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələrində ifşa etdi. Dövlətimizin başçısı istər xalqa müraciətləri, istərsə də "X" platformasındakı paylaşımları ilə Azərbaycanın haqq carçısına çevrildi.

Ötən ilin sentyabrında Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması istiqamətində həyata keçirilən lokal antiterror tədbirləri tarixə həkk olundu. 23 saatdan bir qədər çox davam edən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Beləliklə, Ermənistan ağ bayraq qaldıraraq növbəti dəfə təslim oldu, respublikamızın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edildi. Bu gün Qarabağın hər nöqtəsində ölkəmizin üçrəngli şanlı bayrağı dalğalanır.

Prezident İlham Əliyevin müvafiq göstərişlərinin təzahürü olaraq dövlətimizin iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq işləri sürətlə davam edir, sosial proqramlar həyata keçirilir. Bu gün Qarabağ cənnətə çevrilir, öz ata-baba yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlər təhlükəsiz şəkildə yeni evlərinə qayıdırlar. Müharibə bitdikdən sonra quruculuq və bərpa işlərinə təxminən 7 milyard ABŞ dolları ayrılıb. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan bu vəsaitləri heç bir ölkədən borc almır, sırf öz gücünə təmin edir. Bütün bunlar bir daha Azərbaycanın sosial-iqtisadi inkişafı üçün etibarlı maliyyəyə malik ölkə olduğunu əyani şəkildə təsdiqləyir. Azərbaycan hələ bir neçə il bundan əvvəl xarici borc öhdəliyinin azaldılması strategiyasını qəbul edib. Məhz bu səbəbdən dövlətimizin xarici borcu ilbəil azalır. Hazırda respublikamızın xarici borc öhdəliyi ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Bununla yanaşı, ölkəmizin xarici valyuta ehtiyatları birbaşa xarici borcu on dəfə üstələyir. Respublikamızın iqtisadiyyatı tarixən enerji sektoru ilə sıx bağlı olub. Ölkəmiz enerji resurslarının istehsalı və emalı sahəsində zəngin ənənələrə malikdir. Sözügedən sahə indi də iqtisadiyyatımızın əsas sütununu təşkil edir. Dövlət başçısının qətiyyətli siyasi iradəsi sayəsində postneft dövrünün iqtisadiyyatının qurulması istiqamətində inamlı addımlar atılır. Bu gün enerji məhsullarının ixracından əldə olunan gəlirlərin müəyyən hissəsi məqsədyönlü şəkildə insan kapitalının formalaşdırılması ilə yanaşı, qeyri-neft sənayesinin inkişafına xərclənir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin nəticəsi kimi bir sıra iqtisadi göstəricilərə nəzər salsaq görərik ki, 2003-cü ildə Azərbaycanda ümumi daxili məhsulun dəyəri 7,1 milyard manat olduğu halda, 2022-ci ildə 133,7 milyard manat təşkil edib. Ümumiyyətlə, son 20 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Qeyri neft-qaz sektorunda ÜDM-in həcmi 2003-cü illə müqayisədə 4,4 milyard manatdan 2022-ci ildə 69,8 milyard manata çatdırılıb. 20 il əvvəl regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan 1,6 milyard ABŞ dolları strateji valyuta ehtiyatlarına sahib idi. Ötən il isə dövlətimizin valyuta ehtiyatları 67 milyard ABŞ dollarını ötüb ki, bu da təxminən 41 dəfə artım deməkdir.

Bütün bunlar bir daha Prezident İlham Əliyevin Azərbaycanda yeni reallıqlar yaratmaqla mühüm strateji perspektiv təmin etdiyini söyləməyə əsas verir. Bütün nailiyyətlərimizin əsası İkinci Qarabağ savaşında əldə etdiyimiz tarixi hərbi-siyasi qələbəmizdir. Dövlətimizin başçısı şanlı qələbəmizin qəhrəmanı kimi Azərbaycan əsgərini göstərsə də, milli gücün yalnız liderin düzgün idarə qaydası ilə formalaşdığı hər kəsə məlumdur. Prezident İlham Əliyev müdrik dövlət xadimi, müzəffər sərkərdə, yeni reallıqlar yaradan liderdir.

Nəzrin ELDARQIZI,

"Respublika".