Zəngəzur dəhlizi global güclərin maraq dairəsindədir
Region

Zəngəzur dəhlizi global güclərin maraq dairəsindədir

Zəngəzur dəhlizi regional və beynəlxalq əhəmiyyətə malikdir. Qafqazın iqtisadi mənzərəsinin və geosiyasi konfiqurasiyanın dəyişəcəyi halda istər regional istərsə də Qərb və ərəb dövlətlərinin, həmçinin Çinin diqqəti Zəngəzur dəhlizi üzərində cəmələşəcək. Bununla yanaşı, Abxaziyadan keçən dəmir yolu xətlərinin açılması yenidən gündəmə gətirilir. Eyni zamanda, hətta bəzi ekspertlər Zəngəzur dəhlizi açıldıqdan sonra Çinin əldə edəcəyi faydanı hesablamağa çalışırlar.

Zəngəzur dəhlizinin açılmasının xüsusi əhəmiyyətini Prezident İlham Əliyev hələ 12 il bundan öncə, 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. O bildirmişdi ki, vaxtilə Zəngəzuru Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi türk dünyasının coğrafi parçalanması demək idi. Çünki qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən körpü rolunu oynayırdı. Buradan keçəcək nəqliyyat, kommunikasiya və infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcəkdir.

Məsələ ilə bağlı “Respublika” ya açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, Azərbaycan çox önəmli, geostrateji əhəmiyyətə malik olan ölkələrdən biridir:

“Həm Cənub-Şərq dəhlizi, həm də Şərq-Qərb dəhlizi Orta dəhlizin üzərində yerləşir. Bildiyiniz kimi, Çindən Avropaya yüklərin daşınmasında açar mövqeyini oynayan ölkələrdən biri məhz Azərbaycandır. Zəngəzur dəhlizinin açılması nəticəsində deyə bilərik ki, il ərzində 400 milyard dollardan çox yüklərin transportasiyası gerçəkləşə bilər. Buna görə də, bir çox oyunçular üçün bu, olduqca əhəmiyyətli layihədir.”

Ekspert bildirib ki, Azərbaycan da bu dəhlizin açılmasında  əlindən gələni edir:

"Yükdaşıma qabiliyyəti ilə yanaşı, Azərbaycanın bu beynəlxalq layihədəki mövqeyi eyni zamanda türk dünyasının birləşməsində də rol oynayacaq. Bildiyiniz kimi, türk dünyası Türkiyədən Mərkəzi Asiyaya qədər olan bir coğrafiyanı əhatə edir və bu baxımdan 300 milyon nəfərlik böyük bir coğrafiyanın tranzit ehtiyacının bu yol vasitəsi ilə ödənməsi olduqca əlamətdar olacaq. Düşünürəm ki, qısa zaman ərzində bu dəhlizin açılmasında çox önəmli addımlar atılacaq. Zərurət yaranarsa, hərbi metodlardan da istifadə olunaraq bu dəhlizin açılmasına şərait yaradılacaq. Burada təxribatlar ola bilərmi? Bəli, ola bilər. Bir çox ölkələrin Cənubi Qafqazda marağı olduğu üçün bunu deyə bilərik. Xüsusəndə, İran və Ermənistan burda əsas maneələrdir".

"İran istəyir ki, Hindistandan Avropaya məhsulların çıxarılması üçün əsas yol kimi onun tranzit xəttindən istifadə edilsin. Buna görə də, Zəngəzur dəhlizinin  açılmaması üçün əlindən gələni edir. Ardınca Rusiyanın maraqları mövcuddur. Hal-hazırkı vəziyyətdə Zəngəzur dəhlizinin açılması Rusiya üçün də sərf edir. Çünki bir çox sanksiyalardan yayınmaq üçün Rusiya bu yoldan istifadə edə bilər. Lakin Rusiya bu dəhlizin öz nəzarəti altında olmasını istəyir” - deyə, Asif İbrahimov bildirib.

Nurlan ABDALOV,

“Respublika”.