Zəhmət çəkənin əli boşda qalmır
Region

Zəhmət çəkənin əli boşda qalmır

Fəsillər gözəli payız Aran torpağına bolluq, ruzi-bərəkət gətirib. Kənd adamlarının qayğıları daha da artıb, aylardan bəri çəkilən zəhmət öz bəhrəsini verib, bir tərəfdə tarlalarda “ağ qızıl”yığımı davam edir, o biri tərəfdə torpaq şumlanır, mala çəkilir,  gələn ilin məhsulu üçün taxıl əkilir. Kəndlər arı pətəyinə bənzəyir, sübh tezdən qaş qaralana kimi adamlar qarşıdan gələn qış aylarına tədarük görür, onlar hər bir işi vaxtında, vədəsində görməyə alışıblar. Pambıq əkilən sahələrdə də adamlar çox böyük həvəslə çalışırlar. Bu da səbəbsiz deyil.  Pambıqçılığın inkişaf etdirilməsinə dövlət dəstəyinin gücləndirilməsi,  subsidiyaların verilməsi ağcabədili “ağ qızıl” ustalarının fəaliyyətinə güclü təkan verib. Mütəxəssislərin hesablamalarına görə bu il rayonda 40 min tondan çox pambıq tədarük ediləcək.

Pərioğullar kənd sakini Tələt Qasımov rayonda bacarıqlı və təcrübəli pambıqçılardan sayılır.  O,  hələ sovet dönəmində də bu gəlirli təsərrüfat sahəsi ilə məşğul olub,  keçmiş Bakı kolxozunun qabaqcıl briqadiri kimi tanınıb. İşdən ayrılmadan təhsil alaraq aqronom ixtisasına yiyələnib, aqrotexniki qaydaları və torpağın dilini yaxşı bilir. Səriştəli təsərrüfatçı altı ildən çoxdur ki,  ailə üzvləri ilə birlikdə yaratdığı fermer təsərrüfatında pambıq yetişdirməklə məşğuldur. Ötən il fermer 17 hektar əkin sahəsindən 34 tondan çox pambıq tədarük edib. Əkin sahəsini genişləndirən fermer cari mövsümdə 25 hektar əkin sahəsində “ağ qızıl” yetişdirib və sahələrdən bol məhsul yığılır, emal müəssisəsinə göndərilir. Fermer Tələt Qasımov deyir ki, bu mövsümdə,  inşallah 80 ton “ağ qızıl” yığacağıq.  Pambıqçılığa göstərilən dövlət dəstəyini yüksək qiymətləndirən fermer inamla, nikbinliklə deyir:

- Pambıq yığımına hazırlaşanda şad bir xəbər aldıq.  Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən,  pambığın növlər üzrə mövcud alış qiymətləri hər ton üçün 50 manat artırılıb. Yaxşı bilirik ki,  bu möhtərəm  Prezidentimiz  İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən pambıqçılığın dəstəklənməsi istiqamətində atılan  uğurlu bir addımdır. Vaxtilə Ağcabədi rayonunda yüz min tondan çox pambıq istehsal edilib, bu da əhalinin güzəranının yaxşılaşmasına səbəb olub. İndi rayonumuzda keçmiş şöhrəti bərpa etmək üçün fermerlərimiz səy göstərirlər.

Hər il “Azərpambıq” MMC Ağcabədi filialı ilə müqavilə  bağlayan pambıq ustası sahələrdə aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə aparıb,  əkin sahələrində becərmə qaydalarına ardıcıl və düzgün əməl olunub,  cərgələrarası becərmələr,  alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb,  bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Məhz buna görə də tarlalarda çox keyfiyyətli “ağ qızıl” yetişib.  Pambıq yığımını vaxtında aparmaq üçün femer təsərrüfatına “Azərpambıq” MMC Ağcabədi filialı tərəfindən pambıqyığan maşın,  traktor,  lafetlər və digər texniki vasitələr ayrılıb. Demək olar ki, məhsulun yarıdan çoxu yığılaraq emal müəssisəsinə göndərilib. Belə bir məsəl var, yaxşı iş üz ağardar, zəhmət çəkənin əli boşda qalmaz. Fermer Tələt Qasımov bu adi həqiqəti yaxşı bilir.

                                                              Salman ALIOĞLU,

                                                                “Respublika”.