Fransanın çoxölçülü iflası
Digər xəbərlər

Fransanın çoxölçülü iflası

Tarixə nəzər yetirsək, imperialist dövlətlərin ədalət prinsipini qəti şəkildə pozaraq bəşəri cinayətlərə imza atdığının şahidi olarıq. Heç şübhəsiz bu istək onların güc amili vasitəsilə reallaşdırdığı sərvət qazanma arzusundan irəli gəlir. Təkcə Afrika və digər bölgələrdə yox, eyni ilə Avropada da bu ünsürlərin fəaliyyəti geniş vüsət almışdır. İkinci Dünya müharibəsindən sonra BMT-nin strukturunu formalaşdıran və beynəlxalq hüquq prinsiplərini müəyyən edən də elə sözügedən qüvvələr olmuşdur. Nə qədər ironik səslənsə də bəşəriyyət üçün həyati önəm daşıyan beynəlxalq hüquq normalarının təsisçiləri bu gün müxtəlif sferalarda bu prinsipi kəskin şəkildə pozur. Xüsusilə, son dövrdə Cənubi Qafqaz regionuna soxulmağa cəhd edən "ədalət qoruyucusu" Fransa da bəşəri cinayətlərlə dünyada tanınmaqdadır.

Yeni dünya nizamında qlobal oyunçuların güc statusu sual altındadır. Rusiya-Ukrayna müharibəsinin fonunda yaranan qlobal hərc-mərclik Fransanın ifasında Cənubi Qafqaz regionuna sıçramaqdadır. Lakin bundan əvvəl qeyd edilməlidir ki, Emmanuel Makronun Fransadakı nüfuzu kəskin şəkildə müzakirə edilir, Afrikadakı müstəmləkəçilik siyasətinin iflası, daxili çəkişmələrin verdiyi narahatlıq onun "səriştəsiz" siyasi hakimiyyətini müzakirə obyektinə çevirib. Xüsusilə, Afrikadakı rıçakların əldən çıxması Fransaya siyasi-iqtisadi zərbə vurur. Afrika ölkələri, o cümlədən Əlcəzair, Ruanda, Niger, Kot-di Vuar və s. Fransanın törətdiyi soyqırımları unutmayıb. İndiki Prezident Emmanuel Makronun "yumşaq güc" siyasəti isə məhsuldar deyil. Afrika ölkələri rəsmi Parisə artıq etimad etmirlər. Fransanın Malidən qoşunlarını çıxarması da bunu təsdiqləyir. Nigerin də bu ölkə ilə çox sıx əlaqəsi var. Ancaq çevrilişin əsas hədəflərindən biri "anti-Fransa"dır. Ona görə də Makronun Afrika siyasətinin iflasa uğradığını da söyləmək mümkündür. Nigerdə hakimiyyəti ələ keçirən generalların Fransaya qarşı tutduğu mövqe də bunu təsdiqləyən faktlardan biridir. Afrikanın uranla zəngin, amma vətəndaşları yoxsul olan bu ölkəsində reallaşan çevrilişlər bunu deməyə əsas verir ki, Fransanın burada yeri yoxdur. Məhz Nigerdəki çevrilişdə üsyançıların lideri öz ifadəsində bildirdi ki, "Sərvətimdən əlini kəsirəm", bununla da Niger Fransaya uran və qızıl ixracını dayandırdı. Qeyd edək ki, Niger Fransanın uran ehtiyacının təxminən 15 faizini təmin edir və bu Aİ-nin ümumi uran idxalının beşdəbirini təşkil edir.

Afrikadakı Fransa dominantlığının iflas prosesi ilkin mərhələdə beynəlxalq qurum və təşkilatlarda dilə gətirildi. Xüsusilə, ölkəmizin başçısı İlham Əliyev bu il iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşü zamanı söylədiyi fikirlər Fransanın iç üzünü bir daha ifşa etmiş oldu. Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər dövlətlərdən üzr istəməli olduğunu da vurğulaması beynəlxalq aləmdə önəmli rezonans yaratdı.

Rəsmi Paris hələ də bəzi xalqları əsarətdə saxlamağa davam edir. Ölkə daxilindəki problemlərin həlli əvəzinə, digər regionlara müdaxilə cəhdlərini artıran Makron hakimiyyəti Ermənistanın manipulyativ addımlarının beynəlxalq miqyasdakı konnektorudur. Riyakarcasına qanlı tarixləri boyunca Afrikada, Asiyada yaratdığı yoxsulluq, qeyri-sabitliyin həlli istiqamətində addım atmaq əvəzinə, Cənubi Qafqaza müdaxilə cəhdlərini intensivləşdirən Fransa Azərbaycan-Ermənistan münasibətlərindəki əsas predmet ola bilməz. Bu cür reallıqlar fonunda Fransanın insan haqlarından dəm vurması səmimiyyətsizlik, siyasi əxlaqsızlıq kimi qiymətləndirilməlidir.

Fransanın hazırkı siyasətinin separatizmə münasibəti də eyni mahiyyəti daşıyır. Çünki rəsmi Paris separatçı hərəkatların fəaliyyətini nəinki nəzarətdə saxlayır, hətta onların mövcud olduğu ölkələrdən, separatçı qurumlardan öz siyasi planları üçün istifadə etməyə çalışır. Fransanın Qarabağdakı separatçı hərəkata göstərdiyi dəstəyini də bu qəbildən qiymətləndirmək mümkündür. Daha bir məqam isə fransız siyasətçilərin Qarabağa yanaşmada tərəf tutması faktıdır. Bunun başlıca səbəbi isə Fransadakı ermənilərdən seçkilərdə dəstək qazanmaq, separatizmdən siyasi təzyiq aləti kimi istifadə etməkdir. Şübhəsiz, öz xalqına belə zülm etməkdən çəkinməyən, insanların sərbəst toplaşmaq azadlığına qarşı çıxan, dinc aksiyaları güc tətbiqi ilə dağıdan, ölkədəki müsəlman icmasına separatçı damğası vuran Fransadan obyektiv yanaşma görmək yaxın dövrdə mümkün olmayacaq. Lakin beynəlxalq hüquqda ədalət amilinin tənzimlənməsi digər güclər tərəfindən təmin oluna bilsə, yalnız o zaman bəşəri cinayətlər törətmiş haylar öz layiqli cəzalarını ala bilərlər. Bununla yanaşı, ölkədə son zamanlarda daha tez-tez müşahidə olunan iğtişaşlar da Fransada diskriminasiyanın, sosial ədalətsizliyin, vətəndaşlarla hakimiyyət arasındakı uçurumun bariz nümunəsidir.

Hər kəsə məlumdur ki, Laçın yolu bağlı deyil. Bunu İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu yaxınlarda qəbul etdiyi qərarı da təsdiqləyir. Hətta Azərbaycan böyük humanizm nümunəsi göstərərək Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoylarından qeyri-qanuni fəaliyyətlər üçün sui-istifadə etməklə müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanmasına baxmayaraq, Laçın sərhəd-gömrük-buraxılış məntəqəsinin fəaliyyətini məhdudlaşdırmır. Lakin bu məqamda növbəti erməni xisləti özünü büruzə verir. Belə ki, Azərbaycan tərəfi ilə razılaşdırılmadan Laçın dövlət sərhədi ərazisinə "humanitar yük" daşıyan TIR-ların cəlb edilməsi növbəti siyasi şounun əsasını qoydu. Hansı ki, bu TIR-lar hələ də dövlət sərhədində gözləməkdədir. Çünki Azərbaycanın öz suveren ərazilərindən nəyin, necə, kim tərəfindən və hansı şəraitdə keçirilməsini bilmək hüququ var. Bu hadisədən sonra Fransanın da ermənilərin həmin şousuna qoşulması heç də təəccüb doğurmur. Bununla, ölkəmizə qarşı təhdidlərin, təzyiqlərin xüsusi mərkəzlər tərəfindən hazırlandığı bir daha öz təsdiqini tapmış olur. Belə ki, Makronun göstərişi ilə Paris meri Ann İdalqo 10 yük maşınından ibarət "humanitar yardımı" Laçınla sərhədə gətirib. Beləcə, sərhəddə gözləyən yük maşınlarının sayı 31-ə çatıb.

Sual olunur: Əgər Xankəndi və ətrafında "humanitar böhran" hökm sürürsə, o zaman nəyə görə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndidə yaşayan əhali üçün humanitar yardım məqsədilə göndərdiyi 40 tonluq 2 yük maşını qəbul edilmir? Bu sual öz növbəsində Ermənistanın manipulyasiya və spekulyasilarını açıq şəkildə ifşa edir. Fransa ilə bağlı isə deyə bilərik ki, onların Cənubi Qafqazda siyasi mövqelərini gücləndirmə istəyi nəticəsiz qalacaq. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlara əsasən mövcud geosiyasi prosesləri diktə edən tərəf Azərbaycan-Türkiyə tandemidir. Regional lider olan Azərbaycan ona qarşı qurulan bütün planları görür və bizə qarşı tuşlanan oxların hamısı böyük siyasi çeviklik nəticəsində sındırılır. Bundan başqa, beynəlxalq ictimaiyyət bir daha gördü ki, Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Təsadüfi deyil ki, tarixin bütün dövrlərində Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə, həm də region üçün çox önəmli rol oynayıb. Şübhəsiz, Fransanın, eləcə də digər təxribatçı qüvvələrin iki qardaşın yumruq kimi bir olduğu regionda hər hansı destruktiv fəaliyyəti əbəsdir.

Nurlan ABDALOV,

"Respublika".