Zakir Məcidov
Sosial həyat

Zakir Məcidov

İstər Birinci Qarabağ savaşı, istərsə də 44 günlük Vətən müharibəsində Azərbaycanın igid oğulları hər qarış Vətən torpağı uğrunda mərdliklə vuruşmuş, uğurlu döyüş əməliyyatları keçirmiş, erməni işğalçılarına sarsıdıcı zərbələr endirmişlər.

Bu yazıda biz onlardan birinin - Zakir Nüsrət oğlu Məcidovun rəşadətli döyüş yolundan söhbət açacağıq.

Hər kəsin qismətinə bir ömür payı yazılır, Ulu Tanrı Zakir Məcidova şəhidlik yazmışdı...

O, 26 iyun 1956-cı ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açmışdır. 1963-cü ildə Bakı şəhər 17 saylı orta məktəbə getmiş, dərslərinə böyük maraq göstərmiş, ictimai işlərdə fəallığı ilə diqqəti cəlb etmiş, təhsilini 70 saylı orta məktəbdə tamamlamışdır.

Zakir 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək burada Ali Hərbi Aviasiya Məktəbinə daxil olmuşdur. 1977-ci ildə həmin məktəbi uğurla bitirib leytenant rütbəsi almışdır. Bir müddət sonra Yevlax aviadəstəsində AN-2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlamışdır.

Zakir Məcidov 1980-ci ildə təyinatla Zabrat aviadəstəsində AN-2 təyyarəsinin komandiri təyin edilmişdir. Gənc leytenant 7 il burada çalışmış və istehsalatdan ayrılmadan Ukraynanın Kremençuq Təyyarəçilər Məktəbində Mİ-2 vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçmişdir. Onun ekipajı dəfələrlə sərhəd bölgələrində ermənilərin xeyli canlı qüvvəsini və texnikasını raket zərbələri ilə darmadağın etmişdir.

Z.Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində təşkil olunan 843 saylı hərbi hava hissəsində Mİ-24 vertolyotlarından birinə komandir təyin olunur. O, həmin vertolyotla Ağdərənin Aterk kəndində erməni daşnaklarının yerləşdiyi qərargahı darmadağın edərək düşmənin xeyli texnikasını sıradan çıxarır. 1992-ci il avqustun 6-da Zakir yağı düşməndən qisas almaq üçün yenidən Kasapet yüksəkliyindəki faşist xislətli erməniləri susduraraq geri dönür. Cəsur komandir dördüncü dəfə havaya qalxır... Dəfələrlə düşmənə zərbələr endirən Mİ-24 vertolyotu yağı düşmən tərəfindən nəzarətdə saxlanırdı. Zakir isə məqam düşən kimi ermənilərin "dərsini" verir, onlara öz şücaətini göstərir, heç vaxt ölümündən qorxmurdu.

Tale elə gətirdi ki, düşmənin atdığı raketlərdən biri vertolyotun müvazinətini pozdu. Cəsur pilot nə qədər cəhd göstərsə də hədəfdən yayına bilmədi. Vertolyot düşmən olan əraziyə düşdü, Zakir öz ekipajı ilə birlikdə qəhrəmancasına həlak oldu. Şəhidlik zirvəsinə ucaldı. Son mənzili Bakı şəhərindəki Şəhidlər Xiyabanı oldu. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüş, adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazılmışdır.

Qədir ASLAN,

"Respublika".