Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş olub
Sosial həyat

Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş olub

Noyabrın 24-də Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş keçirilib.

Bu barədə Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev demokratik və müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycanın ilk milli Konstitusiyasının ölkəmizin gələcəyini, hüquqi inkişaf strategiyasının əsas prioritetlərini müəyyən etdiyini vurğulayaraq, hüquq sisteminin mahiyyətini müəyyənləşdirən mütərəqqi qanunların qəbul olunması və dünyəvi, hüquqi dövlətin qurulmasında Əsas Qanunun rolundan bəhs edib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və bu il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan Qələbə sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa olunub, Konstitusiyada təsbit edilmiş hüquqların tam şəkildə bərpası üçün real zəmin yaranıb.

Sədr bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarının əsas təyinatı məhkəmə sisteminin müasirləşdirilməsi vasitəsilə ölkəmizdə qanunun aliliyinin təmin olunması məqsədi daşıyır. Qeyd olunub ki, dövlətimizin başçısı məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi hakimlərin müstəqil olaraq qanuna uyğun ədalətli və əsaslandırılmış qərarlar qəbul edilməsi və şəffaflıq əsasında fəaliyyət göstərməsinə daim diqqət yetirir.

Vurğulanıb ki, ədalət mühakiməsinin səmərəliliyi, vətəndaşların məhkəmələrə inamı və etimadı bilavasitə hakimlərin fəaliyyətindən asılıdır. Daha sonra sədr çıxışında hakimlərin yüksək nəzəri bilik və peşə hazırlığı ilə yanaşı, ədalət, qanunçuluq, qərəzsizlik və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı tövsiyələrini verib, hər hansı qərar qəbul edərkən qanunun tələbləri və vicdan kimi insani keyfiyyətlərin rəhbər tutulmasının vacibliyini gənc hüquqşünasların diqqətinə çatdıraraq, onlara gələcək peşə fəaliyyətində uğurlar arzulayıb.

Sonra Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə gənc hüquqşünaslara ətraflı məlumat verilib, Plenum tərəfindən qəbul edilən 562 qərar və 164 qərardadda əks olunmuş hüquqi mövqelər və yanaşmalarla bağlı bir sıra məsələlərdən bəhs olunub. Həmçinin Konstitusiya Məhkəməsinin beynəlxalq hüquq əməkdaşlığına toxunularaq, qəbul edilmiş qərarlarda beynəlxalq hüquq normaları, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi ilə bağlı məlumat verilib.

Görüşdə Konstitusiya Məhkəməsinin hakimləri, Aparatın məsul əməkdaşları iştirak ediblər.

Sonra namizədlər məhkəmə binası ilə tanış olublar.