Yeni konstitusiya da yarıtmaz siyasəti gizlədə bilməz
Siyasət

Yeni konstitusiya da yarıtmaz siyasəti gizlədə bilməz

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Ermənistanın müstəqillik bəyannaməsi Azərbaycanla sülhə maneədir.

Nikol bunu ölkənin İctimai radiosuna müsahibəsində deyib. "Əgər Ermənistanın dövlət siyasəti müstəqillik bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq", - deyə Paşinyan bildirib.

Baş nazir vurğulayıb ki, Ermənistanın qonşuları ilə münasibətlərini inkişaf etdirməsi və yaxşılaşdırması üçün ölkəyə yeni konstitusiya lazımdır. Nikol həqiqətən də  qonşu dövlətlərlə münasibətləri inkişaf etdirmək istəyirsə, bəs onda nə üçün ölkəsini blokadada saxlayır? Azərbaycanın kommunikasiyaların açılması ilə bağlı təklifinə biganə yanaşır. Halbuki, Zəngəzur dəhlizi Azərbaycandan çox Ermənistana lazımdır.

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 19-da keçirilən hökumətin iclasında da oxşar açıqlamanı verib. O qeyd edib ki, Ermənistana yeni geosiyasi və regional şəraitdə ölkəni daha rəqabətli və həyat qabiliyyətli edəcək fundamental qanun lazımdır. Ermənistan parlamentinin spikeri Alen Simonyan da həmçinin deyib ki, yeni konstitusiya ehtiyacı regionda baş verən geosiyasi dəyişikliklərin nəticəsidir. O, hakimiyyətin Azərbaycanın təzyiqi ilə ölkənin əsas qanununu dəyişmək istəməsinə dair iddiaları təkzib edib. Ölkəmiz tərəfindən bildirilib ki, sülh sadəcə Ermənistan konstitusiyasında dəyişiklik ediləcəyi təqdirdə əldə oluna bilər.

Paşinyan bundan bir qədər əvvəl isə deyirdi ki, hücum etməmə paktı imzalayaq. Bu isə o deməkdir ki, sülh müqaviləsini hələ imzalamaq fikrim yoxdur. İndi də deyir ki, konstitusiya dəyişikliyi vacibdir. Deyəsən, Ermənistan baş naziri psixoloji vəziyyətindən asılı olaraq açıqlama verir. Təəssüf ki, Nikol prezident olmağın məsuliyyətini dərk edə bilmir. Fərqli-fərqli açıqlamalar verən Paşinyanın nə etməyə çalışdığını anlamaq çətindir. Əgər baş nazir həqiqətən sülh tərəfdarıdırsa, onda nə üçün real addım atmaqdan çəkinir? Xalqın reaksiyasından qorxur, yoxsa Qərbin?

Aydındır ki, regionda güc sahibi olmaq istəyən müxtəlif qüvvələr Cənubi Qafqazda sülh istəmir. Çünki bölgədə qarışıqlıq olduqda müdaxilə daha asan olur, vasitəçilik adı ilə məkrli maraqlar reallaşdırılır. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ilə revanşist qüvvələrin son ümidləri də üzülüb. Ölkəmizin bütün cəhdlərinə baxmayaraq, İrəvan sülhə doğru addım atmır. Çünki Ermənistan müxtəlif yalan vədlərə aldanıb. Qərbin yönəltməsi ilə bataqlığa sürüklənib. Aparılan ikitərəfli danışıqlarda sülh sazişinin imzalanmasına yaxınlaşma onu göstərir ki, vasitəçilər olmadan prosesin davam etdirilməsi daha faydalıdır.

Ölkələrin inkişaf edən ictimai dəyərlərə uyğunlaşmaq, siyasi islahatlar həyata keçirmək, azlıqların hüquqlarını qorumaq, iqtisadi dəyişikliklərə cavab vermək, qlobal çağırışlarla mübarizə aparmaq, məhkəmə müstəqilliyini artırmaq və sair kimi səbəbdən konstitusiya dəyişikliyinə ehtiyacı ola bilər. Konstitusiya dəyişiklikləri əsas qanunların aktuallığını və ədalətliliyini təmin etmək məqsədi daşıyır. Keçirilən sorğuya görə isə Ermənistan əhalisinin 80%-i ölkə konstitusiyasının dəyişdirilməsini istəmir. Onlar "Müstəqillik bəyannaməsi"nə istinadı (hansı ki, Azərbaycana ərazi iddiası var) çıxarmağa "yox" deyib. Bu statistika rəsmi olmasa da, yenə də Ermənistanın Azərbaycandan qisas almaq istəyən, revanşist qüvvələrinin varlığını ortaya qoyur. Bəlkə bu səbəbdən Nikol Paşinyan bir qərar verə bilmir. Bu günə qədər populist, revanşist açıqlamalar verib xalqı oyuncaq edəndə işin buralara qədər gələcəyini də düşünmək lazım idi. Bu vəziyyəti ölkə rəhbərliyi özü yaradıb. İndi isə düzəltmək üçün çabalayır. Yeni konstitusiya isə yarıtmaz siyasəti gizlədə bilməz. Artıq bu, Paşinyanın öz problemidir.

Ermənistan baş naziri və parlamentin sədri Alen Simonyan konstitusiyanı, ölkənin himn və gerbinin dəyişdirməyin vacibliyindən danışır. Lakin vacib olan müxtəlif açıqlamalar vermək deyil, real addım atmaqdır. Onlar Türkiyənin Ağrı dağı ("Ararat") əks olunmuş gerbin dəyişilməsini istəyir. Anlamaq lazımdır ki, vacib olan türkofobiya deyil, müstəqil siyasət yürüdülməsidir. Kimlərisə razı salmaq üçün fərqli-fərqli açıqlamalar verməklə, gah sülhə, gah da revanşizmə xidmət etməklə konstitusiyanı nə qədər dəyişsən də inkişaf əldə etmək mümkün olmayacaq.

Nurcan SÜLEYMANOVA,

"Respublika".