Füzulinin Baş planı ilə tanışlıq
Siyasət

Füzulinin Baş planı ilə tanışlıq

Avqustun 23-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə, xanımı Ziroatxon Mirziyoyevaya Füzulidə görülən və görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq.

Yaşayış ərazilərinin sıxlığının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə yanaşı, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb.

Diqqətə çatdırıldı ki, Baş planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və xanımı Ziroatxon Mirziyoyevaya işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə də məlumat verildi.