Yeni Azərbaycan Partiyası Ulu Öndərin ideyalarının təcəssümüdür
Digər xəbərlər

Yeni Azərbaycan Partiyası Ulu Öndərin ideyalarının təcəssümüdür

"Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Dövlət müstəqilliyinin rəsmən elan olunduğu 1991-ci ilin 18 oktyabrından sonra bir-birini əvəz edən müvəqqəti iqtidarın səriştəsiz siyasəti, dövlətə və xalqa edilən xəyanətlər Azərbaycanı qazandığı müstəqilliyini itirmək və dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşdirmişdi. Sovet rejiminin və Kommunist partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar fəaliyyətə başlamışdı. Lakin bu partiyalar ölkəni düşdüyü ağır böhrandan qurtara bilmədi, əksinə, vəziyyəti daha da ağırlaşdı. Totalitar rejimin və kommunist ideologiyasının hakimiyyəti dövründə yetişmiş apolitik xalqın dünyagörmüş, təcrübəli və xarizmatik Liderə ehtiyacı var idi. Azərbaycanın taleyini düşünən ziyalılar ölkəni anarxiyadan xilas edəcək yeni partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və partiyaya rəhbərlik üçün Naxçıvana, Heydər Əliyevə müraciət göndərdilər. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, demokratiyadan bixəbər olan hakimiyyət onun Bakıya gəlməsinə maneələr yaratdı. Təşəbbüs qrupu Naxçıvana gedərək xalqın müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər və partiyanın təsis konfransını keçirməyə nail oldular.

Konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, Ulu Öndər tərəfindən hazırlanmış Proqram və Nizamnaməni qəbul etdi. Habelə, partiyanın Sədri, Siyasi Şurası, İdarə Heyəti və Sədr müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində böyük siyasi missiya daşıyan, xalqın həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyası yarandı.

YAP-ın təsis konfransında qəbul edilmiş Proqram və Nizamnamə müasir Azərbaycanın bu gün də eyni xətlə davam edən siyasətinin təməlini qoydu. Partiya ideologiyasının əsasını təşkil edən müstəqil dövlətçilik, azərbaycançılıq, vətəndaş həmrəyliyi prinsipləri Azərbaycanın gələcəyini şərtləndirdi.

Dövləti yaradan ideologiyadır, dövlət isə həmin ideyaları bir məqsədə yönəldir. Yeni Azərbaycan Partiyasının "azərbaycançılıq" ideologiyası isə dövlətin və xalqın mövqeyini müəyyənləşdirməyə xidmət etmişdir. Heydər Əliyev bu fikri öncə qurduğu və sədri olduğu partiyanın, 1993-cü ildə isə Prezident seçilməsi ilə ulu öndər dövlət ideologiyasına çevirdi. Bu ideyanın kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır.

Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının birinci qurultayında demişdir: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir".

1993-cü il oktyabr ayının 3-də Heydər Əliyevin Prezident seçilməsi ilə bu qurum iqtidar partiyası statusu aldı və ölkənin siyasi həyatında tutduğu mövqe daha da möhkəmləndi. Yeni Azərbaycan Partiyası vətəndaş cəmiyyətinin quruculuq prosesinin əsas və alternativsiz müəllifinə çevrildi.

Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının prinsipləri ölkəmizin müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməkdən ibarətdir.

Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün YAP ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində fəal iştirak edir, müstəqil dövlətimizin yüksəlişinə, tərəqqisinə öz töhfələrini verir.

Aiza ŞABANOVA.