Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq memorandumları imzalanıb
Siyasət

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq memorandumları imzalanıb

Özbəkistanın hakim partiyası

İyunun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokratik Partiyasının (UzLiDep) nümayəndələri ilə görüş keçirilib.

Qonaqları salamlayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov diqqətə çatdırıb ki, Özbəkistan nümayəndə heyəti iyunun 15-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşa şəhərində "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün YAP-ın dəvəti ilə ölkəmizə səfərə gəlib.

Tahir Budaqov Azərbaycanla Özbəkistan arasında dostluq, qardaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini bildirib.

Azərbaycanın xarici siyasət kursunda türk dövlətləri ilə əlaqələrin strateji prioritet olduğunu söyləyən YAP Sədrinin müavini bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm addımlar atıldığını və müsbət nəticələr əldə olunduğunu vurğulayıb.

Tahir Budaqov Azərbaycan-Özbəkistan əməkdaşlığının həm ikitərəfli münasibətlərin inkişafı, həm də Türk dünyasında çoxşaxəli işbirliyinin dərinləşdirilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Öz ərazi bütövlüyü və suverenliyinin bərpasına nail olan Azərbaycanın regional və beynəlxalq miqyasda mühüm geostrateji reallıqlar formalaşdırdığını vurğulayan Tahir Budaqov ölkəmizin tarixi Zəfərinin türk dövlətləri üçün də yeni perspektivlər yaratdığını bildirib. Türk dövlətlərinin ortaq maraqlara əsaslanan birgə təşəbbüslərinin önəminə diqqəti cəlb edən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, bu kontekstdə Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ölkələrimizin müştərək strateji hədəfidir.

Tahir Budaqov Türk dünyasında hakim siyasi partiyalar, o cümlədən Yeni Azərbaycan Partiyası və Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokratik Partiyası arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb. İki hakim partiya arasındakı əlaqələrin Azərbaycan-Özbəkistan münasibətlərinin önəmli tərkib hissəsi olduğunu nəzərə çatdıran YAP Sədrinin müavini partiyalar arasında Əməkdaşlıq Memorandumunun imzalanmasının qarşılıqlı faydalı işbirliyi üçün etibarlı zəmin yaratdığını bildirib. "Bu Memorandum əməkdaşlığımızın əsas istiqamətlərini müəyyənləşdirən mühüm "yol xəritəsi"dir", - deyən Tahir Budaqov qarşıda duran bütün hədəflərin gerçəkləşdiriləcəyinə əminliyini bildirib.

YAP Sədrinin müavini Şuşa şəhərində keçiriləcək beynəlxalq konfransın Türk dünyasında münasibətlərin inkişafı baxımından səmərəli olacağına inamını ifadə edib.

YAP Mərkəzi Aparatından verilən məlumata görə, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini, Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri Aktam Xaitov ölkəmizə səfər etməkdən məmnunluğunu bildirib və yüksək qonaqpərvərliyə görə rəhbərlik etdiyi nümayəndə heyəti adından minnətdarlığını ifadə edib.

Özbəkistanın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini diqqətə çatdıran Aktam Xaitov iki dost və qardaş ölkənin əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. O, "Dövlət başçılarının iradəsi və uzaqgörən siyasəti Özbəkistan-Azərbaycan çoxşaxəli tərəfdaşlıq münasibətlərinə yeni ruh verib", - deyə bildirib.

Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsini tarixi nailiyyət kimi xarakterizə edən A.Xaitov özbək xalqının Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəklədiyini söyləyib. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yüksəksəviyyəli quruculuq işlərinin aparılmasının təqdirəlayiq olduğunu vurğulayıb.

Hakim partiyalar arasında əməkdaşlığın önəmini diqqətə çatdıran Aktam Xaitov "Biz partiyalararası əlaqələrə ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi vasitəsi kimi baxırıq. YAP və UzLiDep arasında Memorandumun imzalanması ilə partiyalararası əməkdaşlıqda yeni mərhələ başlanır. Dostluğun, qarşılıqlı hörmət və etimadın təzahürü olan Memorandumun uğurla icra olunması bizə yeni nailiyyətlər qazandıracaq, işbirliyimiz səmərəli nəticələr verəcək", - deyə bildirib.

İyunun 15-də Şuşa şəhərində keçiriləcək beynəlxalq konfransa dəvətə görə minnətdarlığını ifadə edən A.Xaitov bu tədbirin Türk dünyası üçün aktual məsələlərlə bağlı fikir mübadiləsinin aparılması və gələcək işbirliyi prioritetlərinin müzakirəsi baxımından böyük önəm daşıdığını söyləyib.

Qarşılıqlı maraq doğuran digər bir sıra məsələlərin də müzakirə edildiyi görüşün sonunda Yeni Azərbaycan Partiyası ilə Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokratik Partiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri Aktam Xaitov imzalayıblar.

Qazaxıstanın "AMANAT" partiyası

İyunun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP-ın dəvəti ilə ölkəmizdə səfərdə olan Qazaxıstanın "AMANAT" partiyasının İcra katibi Daulet Kəribekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əvvəlcə məlumat verib ki, "AMANAT" partiyasının nümayəndələri iyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə səfər ediblər.

Tahir Budaqov Azərbaycan ilə Qazaxıstan arasında tarixi köklərə və ortaq dəyərlərə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin nümunəvi xarakter daşıdığını və yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.

Beynəlxalq münasibətlər sisteminin hazırkı reallıqlarının Türk dünyası üçün də yeni çağırışlar yaratdığını söyləyən YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan milli maraqlara əsaslanan siyasət həyata keçirməklə türk dövlətləri arasında münasibətlərin inkişafına və Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə dəyərli töhfələr verirlər: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır".

YAP Sədrinin müavini bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra yaranmış reallıqlar nəticəsində Türk dünyasında da münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib: "Ölkələrimizin birliyi Türk dünyasında tərəqqiyə xidmət edir və yeni mərhələdə birgə fəaliyyətimiz Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzinə çevrilməsinə hədəflənib".

Azərbaycanla Qazaxıstanın hakim partiyaları arasında münasibətlərin inkişafının diqqət mərkəzində olduğunu bildirən Tahir Budaqov "Biz dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq partiyalarımız arasında əməkdaşlığın genişləndirilməsi yönündə sistemli fəaliyyətimizi uğurla davam etdiririk", - deyə bildirib.

O qeyd edib ki, Yeni Azərbaycan Partiyası ilə "AMANAT" partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandumun imzalanması partiyalararası münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyacaq, çoxşaxəli əməkdaşlığın əsaslarını daha da möhkəmləndirəcəkdir: "Qarşılıqlı səfərlərin həyata keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması, işbirliyinin uğurla davam etdirilməsi həm partiyalar, həm də dövlətlər arasında münasibətlərin inkişafına töhfələr verəcək. Birlikdə görəcəyimiz işlər bizə yeni nailiyyətlər qazandıracaq".

YAP Mərkəzi Aparatından verilən məlumata görə, Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən "AMANAT" partiyasının İcra katibi Daulet Kəribek dəvətə, yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkürünü bildirib.

Azərbaycan ilə Qazaxıstanın qarşılıqlı faydalı işbirliyinə xüsusi əhəmiyyət verdiklərini qeyd edən D.Kəribek hər iki ölkənin dostluq və tərəfdaşlıq münasibətlərini birgə səylərlə daha da gücləndirmək əzmində olduğunu vurğulayıb.

Türk Dövlətləri Təşkilatının ölkələrimiz və bütün Türk dünyası üçün səmərəli əməkdaşlıq platforması olduğunu diqqətə çatdıran İcra katibi qeyd edib ki, TDT-nin beynəlxalq münasibətlər sistemində rolunun artırılması real strateji hədəfdir və bu istiqamətdə səylərin səfərbər edilməsi olduqca önəmlidir.

Daulet Kəribek siyasi partiyaların dövlətlərarası münasibətlərin inkişafında önəmli rol oynadıqlarını vurğulayaraq YAP ilə "AMANAT" partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandumun imzalanmasının tarixi əhəmiyyətə malik olduğunu bildirib. O, Memorandumda əksini tapan məsələlərin partiyalararası əməkdaşlığın əsas istiqamətlərini və ümumi hədəfləri müəyyən etdiyini diqqətə çatdırıb.

İyunun 15-də Şuşa şəhərində keçiriləcək beynəlxalq konfransa dəvətə görə rəhbərlik etdiyi nümayəndə heyəti adından minnətdarığını ifadə edən Daulet Kəribek tədbirin bütün iştirakçı tərəflər üçün faydalı olacağına və səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Qarşılıqlı maraq doğuran digər bir sıra məsələlərin də müzakirə edildiyi görüşün sonunda Yeni Azərbaycan Partiyası ilə "AMANAT" partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumu YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və "AMANAT" partiyasının İcra katibi Daulet Kəribek imzalayıblar.

Xaqani KOSAYEV,

“Respublika”.