Yaz-yay suvarma mövsümünə hazırlıq
İQTİSADİYYAT

Yaz-yay suvarma mövsümünə hazırlıq

Artıq Aran bölgələrində yaz əkininə başlanılıb, yaxın günlərdə isə bu daha da sürətlənəcək. Buna uyğun olaraq meliorasiya təşkilatları da suvarma mövsümünə  hazırlığı sürətləndirirlər. Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Hacıqabul Suvarma Sistemləri İdarəsi yaz-yay suvarma mövsümü üçün hazırlıqlarını yekunlaşdırmaq üzrədir. İdarə mülkiyyətində olan meliorasiya irriqasiya sistemlərinin istismarını təşkil edir, sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Bu məqsədlə Meyniman suvarma sahəsi üzrə torpaq məcralı Ələtli kanalının bir hissəsi üzərindəki 7 ədəd hidrotexniki qurğu təmir olunub betonla üzlənərək istismara verilib.

Əkinlərin su təminatının yaxşılaşması

 üçün cari ildə idarənin texnikaları vasitəsilə 332 kilometr magistral təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilib. İdarə üzrə cari ildə 78 ədəd hidrotexniki qurğuda, 2 kilometr müxtəlif növ kanallarda, 3 kilometr beton kanallarda, 2 kilometr boru xətlərində cari təmir işləri görülüb.

Bununla bərabər, quraq keçən vaxtlarda əkinlərin su təminatında yaranmış çətinliklərin aradan qaldırılması üçün daxili imkanlar səfərbər edilərək vəziyyətdən çıxmaq mümkün olub. 2023- təsərrüfat ili üçün əkilən bitkilərin suvarılması hazırda davam edir.

Qeyd edək ki, Hacıqabul Suvarma Sistemləri İdarəsi 19 min hektara yaxın suvarılan torpaqlarda kənd təsərrüfatı əkinlərini, meşə zolağını rayonun 34 min hektar qış otlaqlarında su təminatını həyata keçirir.

N.ƏHMƏDOĞLU,

"Respublika".