Bu günə və gələcəyə qayğı nümunəsi
Sosial həyat

Bu günə və gələcəyə qayğı nümunəsi

Yaradılmasından 20 il keçməsinə baxmayaraq, ölkəmizin ictimai, sosial, elmi, mədəni həyatının bütün sahələrində Heydər Əliyev Fondunun əvəzsiz rolu var. Əsası 2004-cü il may ayının 10-da qoyulan Fond nəinki Azərbaycanda, müxtəlif xarici dövlətlərdə də sosial, humanitar, mədəniyyət sahələrində layihələr, xeyriyyə fəaliyyəti həyata keçirir. "İctimai və sosial məqsədlərlə təsis edilmiş fondların siyahısı"na Heydər Əliyev Fondunun daxil edilməsi onun əhəmiyyətini bir daha təsdiqləyir.

Xüsusi vurğulamaq lazımdır ki, təhsilin inkişafı Fondun diqqət yetirdiyi əsas məsələlərdəndir. Təhsil millətin, dövlətin və bəşəriyyətin gələcəyidir. Prezident İlham Əliyevin "Neft kapitalını insan kapitalına çevirək" ideyası əsasında reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər təhsil sahəsinin inkişafına mühüm töhfələr verir. Ölkəmizdə təhsilin inkişafında, gələcək nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulmasında, onların Azərbaycanın layiqli vətəndaşları kimi yetişməsində Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Heydər Əliyev Fondu dövlətin təhsil sahəsində apardığı siyasətə dəstək göstərərək gənc nəslin keyfiyyətli təhsil almalarına lazımi şərait yaradır. Heydər Əliyev Fondunun prezidenti Mehriban  xanım Əliyeva dövlətin və cəmiyyətin inkişafını yüksək dəyərləndirdiyindən təhsil imkanlarının yaradılması istiqamətində mühüm işlər görür. Fondun yaranmasından cəmi bir il sonra - 2005-ci ildə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının icrasına başlandı. Geniş rezonans doğuran bu layihə Azərbaycanda bərabərhüquqlu təhsil imkanları yaratdı. Bununla yanaşı, təhsil müəssisələrindəki mövcud şəraiti qiymətləndirmək üçün birinci xanımın tapşırığı ilə xüsusi monitorinqlərin həyata keçirilməsinə başlandı. Bu məqsədlə, Heydər Əliyev Fondu tərəfindən 2005-ci ilin iyununda müvafiq qurumların, eyni zamanda beynəlxalq təşkilatların iştirakı ilə "dəyirmi masa" keçirildi. Həmçinin 100, 200 və 240 şagird yerlik məktəb layihələri hazırlandı. Mehriban xanım Əliyeva layihənin həyata keçirilməsi ilə bağlı cəmiyyətə çağırış etdi. İlk 4 ay müddətində 132 yeni məktəb tikilərək istifadəyə verildi. 2005-ci ildə tikilmiş 49732 şagird yerlik 328 yeni məktəbdən 22060 şagird yerlik 132 məktəb məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdı. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 43770 şagird yerlik 226 yeni məktəb binası inşa edildi. Bütövlükdə isə 2004-2008-ci illərdə 300-ə yaxın yeni məktəb, internat məktəbi, uşaq bağçası və körpələr evi tikildi. 2009-cu ildə isə 1600 yerlik 6 məktəb binası inşa edildi. Bundan əlavə, 40-dan çox təhsil ocağı, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 31 internat məktəbi əsaslı təmir olundu. Daha sonra "Təhsilə dəstək" layihəsinin icrasına başlanıldı. Layihə çərçivəsində maddi-texniki bazası gücləndirilmiş məktəblərdə birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həlli istiqamətində mühüm addımlar atıldı. Artıq müasirləşən məktəblərdə yeni dövrün tələblərinə cavab verən təhsil üçün əlverişli şərait yaradıldı.

Fond tərəfindən təhsil sahəsində həyata keçirilən uğurlu layihələrdən biri də "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı idi. Fond rəhbərliyinin sözügedən proqram çərçivəsində Bakıda və Abşeronda yerləşən hər bir uşaq evi və internat məktəbinə ziyarəti baş tutub. Proqram üzrə uşaq evləri və internat məktəblərində mövcud problemlərin həll olunması üçün 4 əsas istiqamət müəyyənləşdirilib: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq. Sözügedən istiqamətlər üzrə ciddi nəticələr əldə olunub.

Heydər Əliyev Fondu Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə artan tələbatı nəzərə alaraq "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramını həyata keçirib. Proqrama uyğun olaraq, yeni binaların inşası və təmiri, təhsilin, tibbi xidmətin, qidanın keyfiyyətinin yaxşılaşdırılması və digər məsələlər üzrə mühüm işlər görülüb. Fondun gördüyü işlər təkcə Azərbaycan daxilində deyil, həmçinin region ölkələrini də əhatə edib. Bu baxımdan, Fond tərəfindən Gürcüstanda, Hollandiyada, Misirdə, Rumıniyada, Rusiyada və Pakistanda bir sıra məktəblər yenidən qurulub, yaxud əsaslı təmir olunub. Eyni zamanda ABŞ-ın Merilend ştatındakı məktəblərə interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlıqların alınmasına maliyyə yardımı edilib, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda görmə qüsurlu və ya zəif görən uşaqlar, həmçinin gənclər üçün mərkəzin yenidən qurulması həyata keçirilib. 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin binası inşa edilərək istifadəyə verilib. 2010-cu ildə isə Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanın Marneuli şəhərindəki 7 nömrəli Azərbaycan ümumtəhsil məktəbi, Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəki 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmir olunub və istismara verilib. Gürcüstanın həmyerlilərimiz yaşayan bölgələrindəki, eləcə respublikamızın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatlarının göndərilməsi davam edir. 2010-cu ildə isə Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbin binası əsaslı təmir olunub. Əlavə olaraq, 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilib. 2023-2024-cü tədris ilində Elm və Təhsil Nazirliyinin sifarişi əsasında 23, Heydər Əliyev Fondunun sifarişi ilə 19 təhsil müəssisəsinin açılışı nəzərdə tutulub. Fond tərəfindən hər il məktəblilərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılması məqsədilə olimpiadalar təşkil olunur. Eyni zamanda Fond uşaqların dünyagörüşünün genişləndirilməsi məqsədilə xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə onların iştirakını təmin edir, həmçinin digər ölkələrin analoji müəssisələrində tərbiyə alan uşaqların Azərbaycana gəlməsi və ölkəmizlə tanış olması üçün şərait yaradır.

Heydər Əliyev Fondunun təhsildə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində gördüyü işlər də bu sektora mühüm töhfə verir. Bu baxımdan, BMT-nin İnkişaf Proqramı ilə imzalanmış saziş böyük əhəmiyyətə malikdir. Sazişə müvafiq olaraq Azərbaycanda kor və görmə qabiliyyəti zəif olanların informasiya və kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihənin həyata keçirilməsinə başlanılıb. Bu layihə ilə həmin insanların cəmiyyətə qovuşması, onların informasiya-kommunikasiyaları vasitəsilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsi, məşğulluğun artırılması, onların yaşayış tərzinin yaxşılaşdırılmasına nail olunur. Saziş Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın uğurlu nəticəsidir. İşğaldan azad olunan tarixi torpaqlarımızın bərpasında Heydər Əliyev Fondunun xüsusi rolu var. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı", "Tibb müəssisələrinin yenidən qurulması və inşası", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələri sözügedən ərazilərdə uğurla həyata keçirilir.

Nəzrin ELDARQIZI,

"Respublika".