Yaşıl dünya gələcək nəsillər üçün vacib mirasdır
Siyasət

Yaşıl dünya gələcək nəsillər üçün vacib mirasdır

Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı "Euronews" telekanalına verdiyi müsahibəsi özündə bir sıra önəmli mesajları ehtiva edir.

Dövlət başçısı noyabrda keçiriləcək COP29 kimi mühüm bir tədbir barədə suallara aydınlıq gətirdi və xüsusi olaraq qeyd etdi ki, konfrans zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss edəcəyi bir mühit yaradılacaq. Əslində Prezidentin bu bəyanatı dünyanın nüfuzlu "Euronews" telekanalı vasitəsilə dünya birliyinə ünvanlanmış təhlükəsizlik zəmanəti olduqca vacib mesaj idi. Belə ki, həmrəylik və əməkdaşlıq platforması olan COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi olacaq. Biz də ev sahibi ölkə olaraq həmin tədbirdə daha çox nümayəndənin iştirakında maraqlıyıq.

Cənab Prezident müsahibədə COP29-la bağlı gözləntilərini də bəyan etdi və bildirdi ki, iqlim dəyişmələri məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə necə hərəkət etməli olduğumuzu müəyyənləşdirmək, həmrəyliyi, ortaq məsuliyyəti gücləndirmək üçün atılacaq addımları müzakirə etmək və iqlim dəyişmələri məsələləri ilə bağlı inamsızlığı aradan qaldırmağın yollarını tapmaq prioritet vəzifələrdir.

Həqiqətən də bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaq kimi böyük təcrübəmiz var və Azərbaycan təkcə bu Hərəkata üzv olan 120 ölkə ilə deyil, Avropa İttifaqına üzv olan ölkələrlə də fəal şəkildə işləyir. Prezidentin də dediyi kimi, ölkəmizin Avropa İttifaqına üzv olan doqquz dövlətlə strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Odur ki, Azərbaycan Platforması COP29 üçün həqiqətən də qarşıda duran vəzifələri müzakirə etmək üçün unikal məkandır.

Prezident İlham Əliyev müsahibəsində təbii sərvətləri olan neft ölkələrinin haqsız yerə tənqidlərə tuş gəlməsinə də münasibət bildirdi və dedi ki, bəzi ölkələr inkişaf etmiş böyük ölkələrə "siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız" deməməli, nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidirlər. Həqiqətən də bu gün bəzi ölkələr var ki, onlar təbii sərvətlərinə görə mühakimə olunurlar. Bunu da o ölkələr edirlər ki, nefti olmasa da əslində ekologiya üçün daha çox ziyan vuran zavodları, istehsal müəssisələri var. Cənab Prezident də haqlı olaraq indi ittihamları bir kənara atıb əsas diqqəti yaşıl dünya üçün atılacaq addımlara yönəltməyin vacib olduğunu və bunun gələcək nəsillər üçün ən gözəl miras olacağını bildirdi.

Ölkə başçımız müsahibədə həmçinin COP üçün yenilik olan, Azərbaycan tərəfindən irəli sürülən "Üçlük, üç ölkə mexanizminin" yaradılması təşəbbüsü ilə bağlı açıqlama verdi. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə birgə iştirak edir.

Bütün bunlar onu deməyə əsas verir ki, biz Bakıda keçiriləcək COP29 çərçivəsində iqlim dəyişmələri ilə bağlı mövzuların tənzimlənməsi üçün çoxsaylı təşəbbüslərin şahidi olacağıq.

Yusif BAĞIRZADƏ,

politoloq.