AZƏRBAYCAN  XARİCİ İNVESTORLAR ÜÇÜN MARAQLI ÖLKƏDİR
İQTİSADİYYAT

AZƏRBAYCAN XARİCİ İNVESTORLAR ÜÇÜN MARAQLI ÖLKƏDİR

Dost və strateji tərəfdaş İtaliya ilə iqtisadi əməkdaşlıq geniş miqyas alır

Tarixi Zəfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə dost ölkələrin şirkətlərinin də çalışacağını bildirmiş, onları bu bölgədə yenidənqurma prosesində əməkdaşlığa dəvət etmişdi. Hazırda Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işlərinə dost və tərəfdaş ölkələrin cəlb olunması istiqamətində Azərbaycan mühüm addımlar atır. Bu baxımdan, ərazilərə investisiyaların yatırılması aktuallıq kəsb edir. Azərbaycan xarici investorlar üçün maraqlı ölkədir.

Bu gün Qarabağın bərpa-quruculuq prosesində çox sayda tikinti şirkətləri iştirak edir. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma layihələrində dünyanın bir sıra şirkətlərinin təmsil olunması müsbət və təqdirəlayiq haldır. Qardaş Türkiyədən sonra İtaliya bərpa işlərində iştirak edən ilk tərəfdaş ölkə olub. Siyasi dialoqun davamlı konsolidasiyası ilə müşayiət olunan ikitərəfli iqtisadi əlaqələr 2018-ci ildə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana  dövlət səfəri ilə daha da gücləndi. Prezident İlham Əliyevin 2020-ci ilin fevralında Romaya səfəri və yüzlərlə italyan və azərbaycanlı sahibkarın qatıldığı İtaliya-Azərbaycan Biznes Forumu işlərin keyfiyyətinə də təsir etdi. Səfər çərçivəsində "Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə", ticarət, texnologiya və mədəniyyət sahəsində əhəmiyyətli müqavilələr imzalandı və İtaliyanın Kosmik Agentliyi ilə “Azərkosmos” arasında iki ölkənin texnologiyanın ən qabaqcıl sıralarında işbirliyinə dair saziş bağlandı. İtaliya bir neçə ildir ki, Azərbaycanın dünyada birinci ticari tərəfdaşıdır.

Azərbaycan Prezidenti İlham Əliyev ilə fevralın 13-də müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və "Made in Italy" naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinin vacibliyi qeyd olunub, bu komissiyanın iclasının tezliklə keçirilməsinin qarşıya qoyulmuş vəzifələrin icrası baxımından önəmli olduğu vurğulanıb. Görüşdə Azərbaycanla İtaliya arasında enerji sahəsi ilə yanaşı, bərpaolunan enerji, kənd təsərrüfatı texnikası, əczaçılıq sənayesi, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə fikir mübadiləsi aparılıb. Ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin inkişafına İtaliyanın verdiyi dəstək yüksək qiymətləndirilib.

"İtaliya-Azərbaycan əlaqələri o qədər dərin və səmimidir ki, biz özümüz üçün ən vacib saydığımız layihələri məhz İtaliya şirkətlərinə həvalə etmişik. Məsələn, Bakı şəhərində, azad edilmiş bir çox şəhərlərdə Qələbə və İşğal muzeyləri İtaliya şirkətləri tərəfindən yaradılır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dağılmış 3 məscid və yeni inşa edilən 1 məscid İtaliya şirkətləri tərəfindən bərpa olunur və inşa edilir. Yəni bütün digər sahələrlə yanaşı, qeyd etdiyim bu layihələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu, bizim həm tarixi keçmişimizdir, eyni zamanda, Qələbəni əks etdirən yeni rəmzlər olacaq. "Bu fikirləri ölkə başçısı görüşdə bildirib. Dövlət başçısı həmçinin qeyd edib ki, İkinci Qarabağ müharibəsi başa çatandan bir ay sonra "Azərenerji" ilə "Ansaldo" arasında çox önəmli müqavilə imzalanmışdır. İşğaldan azad edilmiş torpaqlar 10 min kvadratkilometrə bərabərdir. Burada hər şey dağıdılıb, indi yenidən qurulur və istəyirik ki, bu işlərdə daha çox İtaliya şirkəti iştirak etsin - həm inşaat, həm xidmət, həm sərmayə səhələrində, həm də kontraktor kimi. Artıq İtaliyanın "IVECO" şirkəti orada öz müəssisəsini yaratmağa başlayıb. Burada yük maşınlarının istehsalı nəzərdə tutulur. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası da inşa olunur. Dünyanın pendir istehsalının üç brendindən biri olan İtaliyanın Mozarella pendiri Zəngilanda istehsal olunacaq. Şirkət artıq 1-ci Ağalı kəndində Çamışçılıq fermasını yaradıb. Bu, işğaldan azad edilmiş ərazilərdə ilk pilot layihədir. Layihənin uğurlu icrası dövlətimizin əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəsini nümayiş etdirir.

 İtaliya-Azərbaycan əlaqələri, eyni zamanda böyük coğrafiyanın maraqlarını təmin edir. İki ölkə arasında əməkdaşlıq təkcə energetika sahəsi ilə məhdudlaşmır. Bölgədə İtaliyanın apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Enerji sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə 3-cü yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini təmin edən vacib faktordur. TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10 faizini qarşılayır. Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin artırılması ilə İtaliyanın qaza olan tələbatının ödənilməsinin iki dəfəyə qədər artacağı gözlənilir.

 Yalnız azad edilmiş ərazilərimizdə yox, ümumilikdə, ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı, sənaye zonalarının, həmçinin Ələt Azad İqtisadi Zonasının logistika imkanları, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış, bu ərazilərdə reallaşdırılacaq "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları sərmayədarlar üçün yeni biznes və investisiya mühiti yaradır. Ümumiyyətlə, azad edilmiş ərazilərimizin zəngin təbii sərvətləri, mineral ehtiyatları, aqrar və turizm potensialı xarici şirkətlərin diqqətini cəlb edir. Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarının strateji əhəmiyyəti, azad edilmiş ərazilərdə sənaye zonalarının yaradılması xarici şirkətlərin investisiya yatırmaq imkanlarını daha da genişləndirəcək. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan Rusiyanın "KamAZ" ASC ilə Cəbrayılda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin yaradılması da xarici sərmayədarların azad edilmiş ərazilərimizdə biznesin qurulmasında iştiraka da maraqlı olduqlarının göstəricisidir.

Mustafa KAMAL,

"Respublika".