XİN-də Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Sosial həyat

XİN-də Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Sentyabrın 27-də Xarici İşlər Nazirliyində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə həlak olan əsgər və zabitlərimizin, eləcə də mülki vətəndaşlarımızın xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, XİN-in rəhbər heyəti, o cümlədən nazir müavinləri, xüsusi tapşırıqlar üzrə səfirlər, struktur-bölmə rəhbərləri, habelə Vətən müharibəsi iştirakçısı, Müdafiə Nazirliyinin nümayəndəsi tədbirdə iştirak ediblər.

Anım tədbiri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tərəfindən Xarici İşlər Nazirliyinin 27 sentyabr - Anım Günü ilə əlaqədar bəyanatının səsləndirilməsi ilə başlayıb.

Sonra çıxış edən nazir müavini Xələf Xələfov Ermənistanın təcavüzkar siyasəti, davam edən hərbi təxribatları, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi şanlı Qələbəyə aparan yol, dövlətimizin başçısının hərbi, diplomatiya və informasiya sahələrində parlaq Qələbəsi, hərb meydanında qazanılmış Zəfərin beynəlxalq münasibətlərin reallığına çevrilməsi üçün siyasi və diplomatik səylərin davam etdirilməsi barədə danışıb.

Müdafiə Nazirliyinin nümayəndəsi, Vətən müharibəsi iştirakçısı polkovnik Elşad Əbilov İkinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi əməliyyatlarında iştirakı, rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Nazir müavini Xələf Xələfov polkovnik Elşad Əbilova Qələbə rəmzi olan Xarıbülbül keramik heykəlini təqdim edib.

Sonda Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş edilib.

Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AZƏRTAC