“Sürpriz” minalar daha təhlükəlidir
Sosial həyat

“Sürpriz” minalar daha təhlükəlidir

Qarabağ və Şərqi Zəngəzur düşmənin canlı qüvvəsindən təmizlənib qurtarsa da, onun ölümsaçan dəhşətli izləri hələ də təhlükə yaradır. Əlbəttə ki, söhbət Ermənistan ordusunun ərazilərimizdə basdırdığı minalardan gedir.

Demək olar ki, mütəmadi olaraq işğaldan azad edilən ərazilərdən mina partlayışı nəticəsində insanların xəsarət alması və ya həyatını itirməsi xəbərləri gəlir. Məsələn, son bir həftə ərzində Ağdam və Tərtər rayonlarında 3 partlayış hadisəsi baş verib. Sonuncu hadisə aprelin 7-də Ağdam rayonunun Novruzlu kənd ərazisində olub. Belə ki, minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə minaya düşüb. Ekskavator zədələnsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Ağdam rayonunda daha bir analoji hadisə aprelin 6-da baş verib. Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən alüminium gövdəli kiçikölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Ötən həftə 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi zamanı 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıblar. Beləliklə, faktlar da sübut edir ki, hər ötən gün mina qurbanına çevrilən insanların sayı artmaqda davam edir.

Aparılan araşdırmalara görə, dünyada ən azı 110 milyon mina basdırılıb və hər il təxminən 10 min insan bu minaların qurbanı olur (ölür və ya yaralanır). Minatəmizləmə işi yavaş və bahalı proses olduğundan bunun öhdəsindən gəlmək də çox çətindir. Məsələn, Xorvatiya da Azərbaycan kimi mina terroruna məruz qalan ölkələrdən biridir. Burada minaların təmizlənməsinə 1996-cı ildən başlansa da, prosesin tamamilə yekunlaşması 2026-cı ilə proqnozlaşdırılır.

Azərbaycan işğaldan azad edilən ərazilərdə minatəmizləmə işlərini sürətlə davam etdirir. Birinci və İkinci Qarabağ müharibəsi dövründə və 30 illik işğal illərində düşmən minaları ərazilərimizə yerləşdirib. Bu günə qədər ANAMA-nın fəaliyyəti nəticəsində minlərlə mina və partlamamış hərbi sursat aşkarlanıb.

Digər bir ciddi təhlükə də Qarabağ və Şərqi Zəngəzur ərazilərində sürpriz minaların olmasıdır. Vətəndaşlar ən çox da belə təhlükələrdən ehtiyatlı olmalıdırlar. Sürpriz mina deyildikdə, nəyin nəzərdə tutulduğuna diqqət yetirmək lazımdır. İşğaldan azad edilmiş ərazilərdə düşmənin torpaq altına basdırdığı minalarla yanaşı, tələ minalar da çoxluq təşkil edir. Elə ən təhlükəlisi də budur. Lakin sürpriz minaların harada, necə və nə vaxt qarşıya çıxacağı sirr olaraq qalır. Çünki xain düşmən tələ minaları insanların ehtimal etməyəcəyi ərazilərə yerləşdirir və onlara elə bir forma verir ki, qətiyyən təhlükə hiss olunmur. Məsələn, gündəlik istifadə etdiyimiz, ətrafımızda olan əşyalar, konservlər, xüsusilə də uşaq oyuncaqları, bəzək əşyaları toxunulan anda minaya çevrilə bilər və insan həyatına ciddi təhlükə törədər. Belə əşyalara daha çox yaşıllıqlarda, insanı cəlb edən gözoxşayan ərazilərdə də rast gəlmək olar.

Ona görə də vətəndaşlar bu barədə ayıq-sayıq və məsuliyyətli olmalıdırlar. Ələlxüsus, icazə ilə işğaldan azad edilən ərazilərə gedərkən maksimum diqqətli olmaq lazımdır. Yol üzərində nişan olmayan naməlum ərazilərdən kənar gəzmək vacibdir. Meşədə qarşımıza çıxan hər hansı qaba oxşayan əşya "OZM-72" tipli mina ola bilər ki, bu da ən təhlükəli minalardan biri hesab olunur. Boya qabına oxşayan bu mina partlayış zamanı 2500 qəlpəni 50 metr radiusda ətrafa səpələyir. Düşmənin digər bir çirkin üsulu minanı minanın üstündə basdırmasıdır. Normalda ağır çəki ilə partlayan minalar, üstünə yerləşdirilən digər bir minaya yüngün toxunuş zamanı partlaya bilir. Bu da çox böyük faciələrə gətirib çıxarır. Ona görə də həmin ərazilərə səfər edənlər maksimum ehtiyatlı olmalı və xüsusi nişanlara diqqət yetirməlidirlər. Çünki düşmənin məqsədi olduqca çox insanın taleyini məhv etməkdir. Hər bir kəs bilməlidir ki, mina və bu kimi hərbi sursatlar insanları ya öldürür, ya da bədəninə ağır xəsarət yetirir.

ANAMA işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 1-dən 7-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb. Ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 47, tank əleyhinə 10 mina və 718 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1576 hektar ərazi təmizlənib.

Artıq işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesinə Rusiya sülhməramlı kontingenti də qoşulacaq. Bu barədə ANAMA idarə heyətinin sədri Vüqar Süleymanov məlumat verib. O, aprelin 4-də "Beynəlxalq mina xəbərdarlığı və minatəmizləmə fəaliyyətinə yardım günü" çərçivəsində keçirdiyi brifinqdə bildirib ki, 2020-ci ildə Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərlə yanaşı, ötən ilki antiterror əməliyyatından sonra azad edilən ərazilərdə də mina və partladılmamış sursatların təmizləmə işləri aparılır. Həmin ərazilərə ilkin baxış zamanı müxtəlif yerlərdə, körpülərdə, yollarda çoxlu sayda tələ minaları aşkar edilib. Hazırda Xocalı, Malıbəyli, Xankəndi və Kərkicahanda minatəmizləmə fəaliyyəti davam edir". Qurum rəsmisi Rusiya sülhməramlı kontingentinin də Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb ediləcəyini deyib. Qeyd edib ki, bununla bağlı müəyyən sənədləşmə işləri gedir: "Artıq onlar akkreditasiyadan keçirilir. Texnikalar, itlər və canlı qüvvələr yaxın vaxtlarda Xocalıda minatəmizləmə prosesinə cəlb olunacaq".

Sonda qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzur ərazilərinin minalardan təmizlənməsi humanitar məsələ olduğundan, beynəlxalq ictimaiyyətin də diqqəti buna cəlb edilməlidir. İlk növbədə, mövcud mina xəritələrinin təqdim olunması üçün Ermənistana təzyiq göstərilməli, ölkəmiz isə yüksək ixtisaslı kadrlar və maliyyə baxımından təmin olunmalıdır.

Musa BAĞIRLI,

"Respublika".