İşğalçı Ermənistan - müstəmləkəçi Fransa
Siyasət

İşğalçı Ermənistan - müstəmləkəçi Fransa

"Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır... Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir". Bu il iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda keçirilən nazirlər görüşü zamanı bu fikirləri səsləndirən Azərbaycan Prezidenti İlham Əliyev Fransanın geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışdığını təəssüflə qeyd etmişdir.

İkinci Qarabağ müharibəsində düşmənin işğalçılıq siyasətinə son qoyan dövlətimiz postmüharibə dövründə də ayrı-seçkilik, beynəlxalq hüquq normalarına məhəl qoyulmaması və ikili yanaşma ilə üzləşdi. Ərazi bütövlüyünü təmin edən Azərbaycanın qalibiyyətini qəbul edə bilməyən bəzi ermənipərəst qərb dövlətləri anti-Azərbaycan siyasəti yürüdərək ölkəmizin nüfuzuna xələl gətirmək üçün müxtəlif yollara əl atdılar. Müstəmləkəçi dövlət kimi qəbul edilən Fransa isə həm 30 il davam edən Azərbaycan-Ermənistan münaqişəsi zamanı, həm 44 günlük müharibədə, həm də müharibədən sonra ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirdi. Hələ 30 il qabaq ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olarkən Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində heç bir iş görməyən Fransa münaqişənin davamlı xarakter almasına səy göstərdi. Bu mənada, əsrlər boyu 50-dən çox dövlətin torpaqlarını zəbt edən, sərvətlərini talayan, müharibə cinayətləri törədən Fransa Ermənistanın işğal, terror, təxribat əməllərinə dəstək verən ölkələrin ön sırasında qərarlaşıb. Saxta "erməni soyqırımı"nı tanımaqla, eyni zamanda 44 günlük müharibədə Azərbaycanın Ermənistana qarşı dəhşətli müharibə apardığını deməklə riyakar, qərəzli münasibətini açıq-aşkar nümayiş etdirib.

Fransa Respublikası Senatının və Milli Assambleyasının ölkəmizin əleyhinə "Azərbaycan və digər regional aktorların Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət etməsini, Fransa hökumətindən Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin olunmasını, Ermənistana humanitar yardımın artırılmasını" və s. bu kimi tələblərin irəli sürüldüyü qətnamə qəbul etməsi Fransa-Ermənistan dostluğunun bariz nümunəsidir. Bu "dostluq" münasibətləri isə Fransanı bir çox ölkələrlə, o cümlədən Azərbaycanla düşmən edir, Fransa Ermənistanın işğalçılığını, terrorçuluğunu dəstəkləməklə ölkəmizlə münasibətlərini heçə endirir. Öz ərazilərini düşməndən geri alan, bununla da haqq-ədaləti bərpa edən Azərbaycanı işğalçı adlandıran, ölkəmiz haqqında beynəlxalq aləmdə yalan, böhtan dolu əsassız ittihamlar səsləndirən Fransa öz tayı olan beynəlxalq qurumların, nüfuzlu təşkilatların Azərbaycan əleyhinə bir-birinin ardınca qərəzli, həqiqəti əks etdirməyən qətnamələr qəbul edilməsinə, bəyanatlar səsləndirilməsinə vəsilə olur. Avropa dövlətlərinin əksəriyyətini buna sözün əsl mənasında təhrik edən müstəmləkəçi ölkə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına, artıq 3 ildir ki, sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olur.

Belə ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra beynəlxalq vasitəçilərin təşkilatçılığı ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması çərçivəsində üçtərəfli formatda keçirilən görüşlərdə sülh prosesinin irəliləməsi müşahidə olunurdu. Lakin Fransanın bu görüşlərə müdaxiləsindən sonra yekun mərhələdə olan danışıqlar bu günə qədər nəticəsiz qalıb. Məsələn, ötən il oktyabr ayının 6-da Çex Respublikasının paytaxtı Praqada "Avropa siyasi birliyi" Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən dördtərəfli görüşdən bir həftə keçməmiş "France 2" telekanalına müsahibəsində Emmanuel Makron şər, böhtan xarakterli ifadələrlə çıxış edərək sentyabr ayında Ermənistanın törətdiyi təxribata öz ərazisində cavab verən Azərbaycanın dəhşətli müharibə apardığını bildirmiş, ölkəmizi əsassız ittihamlarla günahlandırmış və "Fransa burdadır və vasitəçi dövlətdir, heç bir zaman Ermənistanı atmayacağıq", - deyə bəyan etmişdir.

Müstəmləkəçilik tarixində dəhşətli cinayətlər törədən, lakin özünü demokratik ölkə kimi göstərməyə çalışan, işğal etdiyi ərazilərin milyonlarla əhalisinə muxtariyyat verməyən Fransa öz azadlığı, müstəqilliyi, ana dili uğrunda mübarizə aparan korsikalıların tələblərini təmin etmək yerinə, bu gün Azərbaycanın daxili işlərinə müdaxilə edir və açıq şəkildə Ermənistanın müdafiəçisi rolunu ifa edir.

Əlcəzair xalqını soyqırımına məruz qoyan, bir sıra Cənub-Şərqi Asiya ölkələrinin dinc sakinlərini öldürən, Afrikada cinayətlər törədən Fransa doğruluğun, dürüstlüyün, tarixi həqiqətin nə olduğunu birdəfəlik unudub. Buna ən bariz nümunə Azərbaycanın Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olmasına, Ermənistanla münasibətlərin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına göstərdiyi səylərin fonunda Ermənistana hərbi əməkdaşlıq təklifidir. Bu, açıq-aydın Fransanın Ermənistanı silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsidir ki, bunda da məqsəd gün kimi aydındır: Fransa Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin qəti şəkildə əleyhinədir. İkili yanaşmasından, ayrı-seçkiliyindən, beynəlxalq hüquq normalarına hörmətsizliyindən əl çəkməyən müstəmləkəçi ölkənin Cənubi Qafqazda qarışıqlıq yaratmaq və yeni təxribatlar törətmək niyyətini həyata keçirməsi üçün isə ən yaxşı vasitə Ermənistandır. Çünki iki ölkəni eyni dəyərlər birləşdirir: işğalçı Ermənistan - müstəmləkəçi Fransa.

Mehparə ƏLİYEVA,

"Respublika".