Azərbaycanla Türkiyə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə olunub
Siyasət

Azərbaycanla Türkiyə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə olunub

Martın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüşüb.

"Respublika" xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə iki ölkə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Ölkələrimizin bütün səviyyələrdə strateji müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi istiqamətində səylərdən məmnunluq ifadə olunub. Azərbaycan-Türkiyə strateji müttəfiqlik gündəliyinin siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, nəqliyyat və kommunikasiya, humanitar, təhsil, mədəniyyət və digər sahələr üzrə daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Antalya Diplomatiya Forumunun yüksək səviyyədə təşkili ilə bağlı təəssüratlarını bölüşüb, qardaş Türkiyənin diplomatik uğurları və diplomatik təmsilçiliklərinin sayına görə dünyada üçüncü yerə yüksəlməsi ilə fəxr etdiyini bildirib. Azərbaycan-Türkiyə Universitetinin yaradılması istiqamətində qərarın iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı daha da dərinləşdirəcəyini diqqətə çatdırıb.

Habelə beynəlxalq və regional təhdidlər, miqrasiya problemi və digər istiqamətlərdə ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığın nümunəvi xarakter daşıdığı vurğulanıb.

Azərbaycanın əsas xarici siyasət prioritetlərindən olan Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə tədbirlərin intensivliyinin artırılmasının, yeni çoxtərəfli təşəbbüslərin irəli sürülməsinin əhəmiyyəti qeyd olunub.

Görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfi Azərbaycan Ermənistan arasında sülh prosesi istiqamətində atılan son addımlar barədə məlumatlandırıb.

Nazir bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialardan əl çəkməsinin vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.