Siyasi kursa sadiq qalan qalib lider
Siyasət

Siyasi kursa sadiq qalan qalib lider

"Əziz dostum, görürəm ki, indi siz Avropada çox məşhurlaşmısınız. Mən sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm, O, nə edib, amma qeyd edim ki, bunun sirrini mən də bilmək istərdim". Bu fikirləri: "...Biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərək", - deyən Serbiya Prezidenti Aleksandar Vuçiç Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışında layihənin reallaşdırılmasında iştirakına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərkən söyləyib. Vətəndaşı olduğumuz bir ölkənin lideri haqqında deyilən bu xoş sözlər hər kəsdə qürur doğurur və əsl həqiqəti əks etdirir. Çünki bu, fəaliyyəti dünya miqyasında təqdir edilən dövlət başçımızın nüfuzunun göstəricisidir. Azərbaycan liderindən dünya həqiqətən çox şey öyrənir...

2003-cü il oktyabrın 31-də andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdi: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır...".

Ulu öndər Heydər Əliyevin siyasətinə, onun müəyyən etdiyi siyasi kursa söykənərək Azərbaycanı daha yüksək zirvələrə qaldırmaq üçün 2003-cü ildə Prezident İlham Əliyev olduqca çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. O zaman Azərbaycan dövləti ulu öndərimiz tərəfindən qurulub möhkəmləndirilsə də, onun güclənməsinə müəyyən qədər vaxt lazım idi. Eyni zamanda qarşıda beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq, həm də ölkə daxilində mövqeləri daha da gücləndirmək və xalqımızın inam və etimadını da qazanmaq kimi çətin bir vəzifə dururdu. Lakin siyasətdə kifayət qədər yetkinləşmiş, müdrikləşmiş və əhəmiyyətli mövqeyə sahib olan, elə bu səbəbdən də 2002-ci il avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri təyin olunan İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlişilə Azərbaycan dövləti üçün yeni səhifə açdı, onu regionun lider dövlətinə çevirmək, beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başladı. Dərhal ciddi əhəmiyyət daşıyan proqramlara imza atdı, struktur dəyişiklikləri apardı, eyni zamanda ulu öndərimiz tərəfindən əsası qoyulan neft strategiyasının beynəlxalq səviyyədə uğurlu gedişini təmin etmək üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin başa çatması və istifadəyə verilməsi kimi bir vəzifənin yerinə yetirilməsilə ölkəmizə xarici valyuta axınını təmin etdi, həmçinin Azərbaycan Avropanın ən etibarlı partnyorlarından birinə çevrildi. Bu tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox böyük rol oynadı.

Ötən 20 ildə Azərbaycan dövləti böyük uğurlara imza atdı. Ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilən, 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan bir vaxtda, Azərbaycanın iqtisadi qüdrətini gücləndirmək üçün düşünülmüş və təkamülə söykənən islahatların daha ciddi şəkildə aparılması, digər tərəfdən işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün beynəlxalq səviyyədə diplomatik müstəvidə mübarizə aparması dövlət başçısının fəaliyyətinin əsas istiqaməti oldu. Beynəlxalq güclər Ermənistanın yanında olsa da, "Azərbaycan heç bir zaman öz ərazisində ikinci bir qondarma dövlətin yaradılmasına imkan verməyəcək" kimi bəyanatlar səsləndirərək bunun arxasında durdu və 2020-ci ildə Azərbaycanı qələbəyə qovuşdurdu. Ölkəmiz 30 ilə yaxın bir müddəti əhatə edən erməni işğalına son qoydu, bu Zəfər savaşında isə Prezident İlham Əliyev özünü Ali Baş Komandan kimi də yüksək səviyyədə təsdiq etdi və Azərbaycanı qalib dövlətə, xalqını qalib xalqa çevirdi.

Dövlət başçısının idarəçilik prinsiplərində qətiyyət, tələbkarlıq daha qabarıq özünü göstərir. O, öz komandasının üzvlərinin arxayınlaşmasına imkan vermir, bütün məmurların qarşısında prinsipial tələblər qoyur: "Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməli, xalqla bir yerdə olmalı, təvazökar, işgüzar və vətənpərvər olmalı, rüşvət almamalı, özünü xalqdan üstün tutmamalı, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin... Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidir...".

Dövlət başçısının bu prinsipləri ilk növbədə onun fəaliyyətində öz əksini tapır. Müxtəlif tədbirlərdə, görüşlərdə o, xalqla canlı ünsiyyət ənənəsi yaradır. Bu isə ona hər şeydən əvvəl, mövcud problemlərlə vaxtında tanış olmağa, bəzən yerində qərar verməyə imkan yaradır. Açıqlıq, müsahibələrinə sərbəstlik vermək, səmimi söhbət etmək keyfiyyəti Prezidentin davranışının səciyyəvi xüsusiyyətinə çevrilmişdir. Məhz real vəziyyətə xüsusi həvəslə nüfuz etmək bacarığı dövlət idarəetmə strategiyasının işlənib hazırlanmasına və lazımi anda düzgün qərar qəbul olunmasına kömək edir. Belə siyasi xadimlər həmişə öz diqqətini cəmiyyətə, xalqa yönəldir.

Məlumdur ki, hər bir dövlətin xarici siyasətinə birbaşa təsir edən amillərdən biri onun liderinin beynəlxalq nüfuzudur. Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, istər ən yüksək tribunalardan Azərbaycan həqiqətlərini dünyaya çatdırması, düşmənin əsassız arqumentlərini tutarlı, tarixi, hüquqi fatklarla çözməsi, Vətən müharibəsi dövründə beynəlxalq aləmə mesajların "öz dili və üslubu" ilə çatdırılması, paralel olaraq xalqın nəbzini tutaraq sadə xalqa rəvan formada müraciətləri fonunda formalaşıb.

Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamlar müxtəlif ölkələrin prezidentləri, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu mətbuat işçiləri tərəfindən də qeyd edilir.

Respublikamızın dünyada sürətlə yeniləşən, dəyişən, müasirləşən ölkə statusunun hamılıqla qəbul edilməsi milli qürur hissi yaratmaya bilməz. Dəyişən təkcə ölkənin siması deyil, onun yaşamaq, müasirləşmək, gələcəyə layiq olmaq imkanlarını qazanmasıdır. Ölkə başçısının düşünülmüş islahatları sayəsində Azərbaycan ulu öndər Heydər Əliyevin dediyi kimi, sanki dünyaya günəş kimi doğmuşdur. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dövlət başçımızın ünvanına söylədiyi fikirlərdə də bu deyilənlər öz əksini tapır: "Azərbaycan dövlətinin inkişafının sosial-iqtisadi, mədəni sahələrdə sanballı uğurlar qazanması və beynəlxalq mövqeyinin möhkəmlənməsilə əlamətdar olan ən mühüm dövrü, bilavasitə sizin adınızla bağlıdır. Siz öz xalqınızın əsl lideri, onun amal və istəklərinin ifadəçisisiniz. Sizin həm ölkədə, həm də onun hüdudlarından kənarda yüksək siyasi nüfuzunuz şəksizdir. Siz Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox işlər görən təcrübəli və uzaqgörən dövlət xadimi kimi haqlı olaraq həmvətənlərimizin səmimi hörmətini qazanmısınız və beynəlxalq aləmdə yüksək nüfuza sahib olmusunuz. Rusiyada sizi ölkəmizin etibarlı dostu kimi tanıyırlar".

Bəli, Azərbaycan Prezidenti sözün hər bir mənasında müstəqil, gündən-günə modernləşən Azərbaycanın gələcəyi üçün var gücü ilə çalışır. Axı, bugünkü qüdrətli Azərbaycan onun əsəridir!..

Zümrüd QURBANQIZI,

"Respublika".