Dildə sülh, əldə silah...
Siyasət

Dildə sülh, əldə silah...

Cənubi Qafqazın alqoritmini dəyişməyə cəhd edənlər unudur ki, Azərbaycan regionun taleyini artıq çoxdan dəyişib. Daha erməni qəsbkarlığına buralarda yer yoxdur. Qərbin Qafqazdakı iqamətgahı - kapitulyant Ermənistan 44 gün + 23 saatın sonunda diplomatik və hərbi müstəvidə Azərbaycana boyun əydi.

Daha doğrusu,"dəmir yumruq"la onların boynunu əydik... İndi nə istəyirsiniz? Sülh yolu ilə həll edəcəyik deyərək uzun illər prosesi dondurdunuz, yurd yerindən didərgin düşmüş 1 milyondan çox soydaşımızı, dağıdılan məscidlərimizi, abidələrimizi görməzdən gəldiniz. Başa düşüləndir ki, bu, Qərb blokunun ənənəsinin təcəssümüdür. 30 il bundan öncə də bu belə idi, indi də dəyişən bir şey yoxdur. Əksinə, bitərəflilik prinsipi pozulur, bəşəriyyətin gözü qarşısında haqq nahaqqa qurban verilir. Okeanın o tayında ABŞ "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmə keçirir, Avropa Parlamenti sanksiya təklifi irəli sürür, Fransa isə silah alveri ilə məşğuldur.

Qlobal güclər iddia edir ki, onlar regiona "zeytun budağı" uzadır. Heç silahla sülh eyni yerdə olarmı? Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Müqəddəs Pyotr meydanında ənənəvi "Angelus" duası zamanı çıxışında deyib ki, Yaxın Şərqdə silahlar dayanmalıdır. Silahlar heç vaxt sülh gətirməyəcək və münaqişə genişlənməməlidir. Sual olunur: bəs Ermənistana silah satmaqla hədiyyə verməklə və ya Cənubi Qafqazda sülhü necə əldə edəcəyinizi düşünürsünüz? Hər vəchlə dəstək verilən Ermənistandan gələcəkdə necə yararlanacaqları isə hər kəsə bəllidir. Artıq öz texnikalarını Hayastanda yerləşdirməyə başlayan Qərb bloku Rusiyaya qarşı cəbhəni açmağa hazırlaşır.

Postmüharibə dövründə silah-sursatın, hərbi texnikanın Ermənistana axını Hindistanın təşəbbüsü ilə start götürdü. İki ölkə arasında 400 milyon dollarlıq hərbi müqavilənin imzalanmasının ardınca İranın Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana hərbi yükün olduğu avtomobil karvanının hərəkəti videogörüntülərdə qeydə alındı. Son zamanlarda isə təşəbbüsü rəsmi Paris ələ alıb. Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan "Acmat" şirkətinin istehsalı olan "Bastion" çoxməqsədli zirehli texnika və komponentləri artıq təhvil verilib. Fransız senatorlar Ermənistanın sərhədlərinin "müqəddəsliyini" nəzərə alaraq növbəti "yardım" kampaniyasına da başlayıblar. Daha 26 "Bastion" tipli zirehli texnika yollamağa hazırlaşan Fransa bununla da kifayətlənmir. GM-200 radarlarının alınması ilə bağlı müzakirələrdə gündəmdə qalacaq. Fransa Senatı isə "SEZAR" artilleriya sistemlərinin Ermənistana mümkün qədər tez tədarük edilməsini zəruri sayır. Bundan başqa, Fransanın Ermənistanda hərbi attaşe ofisini yaratması da məlumdur. Bu yolla onlar Ermənistana silah tədarükünə nəzarət edirlər.

Sülh prosesinin həyata keçirilməsi üçün önəmli şərtlərdən biri Ermənistanın silahlandırılmasının dayandırılmasıdır. Afrikadan əli kəsilən Fransa indi də burada möhkəmlənməyə çalışır. Tarix boyu bəşəri cinayətlərin müəllifi olan ölkənin kilometrlərlə uzaqdakı Cənubi Qafqazda sülh axtarışı real deyil. İlk öncə gərək onlar Azərbaycan Prezidenti İlham Əliyevin "Fransa müstəmləkəçilik siyasətinə və soyqırımlarına görə əlaqədar ölkələrdən üzr istəməlidir" məsələsini reallaşdırsınlar, işgəncələrlə öldürülən əlcəzairlilərin cəsədlərini təhvil versinlər, ölkədaxilində irqçiliyi aradan qaldırsınlar, milli azlıqların hüquq və azadlıqlarını təmin etsinlər.

Fransanın timsalında Qərb bloku əgər doğrudan da sülh istəyirdisə, 30 ilə yaxın bir dövrdə bu fürsət onların əlində idi. ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri kimi Fransa ötən illər ərzində yalnız anti-Azərbaycan mövqeyi ilə seçildi. Rəsmi Paris İkinci Qarabağ savaşında və sonrakı mərhələdə də ermənilərin "qoruyucu mələyinə" çevrildi. Fransa açıq şəkildə Ermənistanı silahlandırmaqla, bölgəyə sülh yox, qalıcı münaqişə gətirməyə çalışır. Avropa İttifaqının aparıcı ölkələrindən biri regiona ölümcül silahların tədarükündən imtina üzrə ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozub. Onilliklər ərzində Afrikada, yaxın Şərqdə ayrı-ayrı ölkələri nəzarəti altında saxlayan, onların sərvətlərini talayan Fransa özünün kolonist siyasətini indi Cənubi Qafqaza daşımaq və regionda hərbi tarazlığa Ermənistanın xeyrinə təsir göstərmək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxır.

Rəsmi Paris antiterror tədbirlərini bəhanə gətirərək silahlandırma prosesini genişləndirəcək. Çünki dinc əhalini illər boyu girov saxlayan separatçı rejimin ərazilərimizdən təmizlənməsi Fransanı dərindən narahat edib. Heç şübhəsiz, bu addım da digərləri kimi şər və böhtan kampaniyasının bir hissəsidir. Prezident İlham Əliyevin dediyi kimi, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası artıq iki dəfə məhz bunu vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirinin gedişində də, ondan sonra da bütün humanitar normalara əməl olunub.

Nurlan ABDALOV,

"Respublika".