Xalqın düşüncə və ideologiyasını uğura və zəfərə yönləndirən milli-siyasi Lider
Siyasət

Xalqın düşüncə və ideologiyasını uğura və zəfərə yönləndirən milli-siyasi Lider

Tarix sadəcə hadisələrin təsvir və təhlili ilə deyil, açılan imkanların - tarixi şansların və tarixi şəxsiyyətlərin mövcudluğu ilə xarakterizə olunur. Bu istilahların biri digərini tamamlamaqla vəhdəti hər hansı ölkənin işıqlı gələcəyindən sürətli inkişafının nikbin ruhlu təminatıdır. Tarixi şəxsiyyətin olmaması ucbatından nə qədər şanslar istifadə olunmayıb, nə qədər imkanlar gerçəkləşməyib. Dövlətçiliyi ümumxalq işinə çevirməyi, qorumağı əməli surətdə həyata keçirən, xalqa liderlik etməyi bacaran şəxsiyyət, siyasətçi - diplomat, sərkərdə və komandanın olması yaranan tarixi şansın gerçəkləşməsi üçün zəruri və kafidir. Tarixi şəxsiyyətlərin varlığı imkansızlıqda da imkan axtarmaq, gələcəyə hesablanmış, zahirdə görünməyən alt qatlarda təhlil aparmaq, məğzi anlamaq fürsətidir. Ölkəmizin yeni tarixinə - ötən əsrin 90-cı illərinin əvvəlinə müraciət etsək, bunu aydın hiss edə bilərik.

Xalq hərəkatı nəticəsində siyasətdən xəbərsiz, naşı, səbatsız diletantların hakimiyyətə gəlməsi ilə siyasi, iqtisadi, mədəni tənəzzül vəziyyətinə düşdük, deqradasiya başladı. Hər hansı hakimiyyət daxildən idarə oluna bilmədiyinə görə xaricdən asanlıqla idarə olunur. Nəticədə xalqın ümidləri doğrulmadı. Həmin dövrdə müstəqil ölkənin bayraqdarı olacaq tarixi şəxsiyyətin olmaması tarixin təkrarlanması ilə nəticələnməklə üz-üzə qalmışdı. Belə ki, Azərbaycan parçalana, xarici ölkələrin təsiri altına düşə, bununla da müstəqilliyini real olaraq yenidən itirmək təhlükəsi qarşısında qala bilərdi. Hakimiyyətdəkilərin səriştəsizliyi ucbatından ərazilərimizin 20 faizi işğal olundu, əhalimizin 1 milyondan artığı qaçqın və məcburi köçkün halına düşdü. Vətəndaş müharibəsi təhlükəsi yaşandı. Onların acizliyi sayəsində həlli çox mürəkkəb olmaqla uzun müddət tələb edən "Qarabağ" problemi yaradıldı. Adətən tarixi şəxsiyyətlərin ictimai-siyasi fəaliyyəti məhdudlaşdırılanda, izolyasiya ediləndə və ya necə deyərlər, həmin meydanda olmayanda cəmiyyətdə siyasi vakuum yaranır, gücsüzlük və kəsərsizlik formalaşır. Kənardan idarə olunan xaos vəziyyəti ölkədə siyasi, iqtisadi və mədəni-mənəvi mühiti dəyişdirməyə məhkum etsə də, tənəzzül dərinləşdi.

Böyük şəxsiyyətləri ancaq böyük xalqlar yetişdirir

Müstəqilliyin əldə olunması üçün yaranmış tarixi şans xaricdən hazırlanmış ssenariyə uyğun olaraq məqsədyönlü şəkildə yaradılmış siyasi gərginlik və zorla cəlb edildiyimiz müharibə nəticəsində, xalqı gerçək siyasi liderdən süni yolla ayrı salmaqla əldən çıxarılmaq üzrə idi. Ancaq xalqımız bu tarixi sınağı uğurla keçmək üçün Heydər Əliyev fenomenini düzgün dəyərləndirməklə tarixi şans hələ tam itirilməmiş bu tarixi şəxsiyyəti siyasət meydanına dəvət etdi. Axı, böyük şəxsiyyətləri ancaq böyük xalqlar yetişdirə bilər. Xalqın böyüklüyü isə dünyaya bəxş etdiyi dühalarla ölçülür. Dünya xalqlarının da qəbul etdiyi böyük şəxsiyyət Heydər Əliyev milli-ictimai şansı düzgün dəyərləndirərək milyonların görə bilmədikləri işi tək görməklə Azərbaycanın gələcək sürətli inkişafının təməlini yaratdı.

Dövlət başçıları tarixi şəxsiyyət olanda yaranan imkanlardan düzgün istifadə edilir. Əvvəlki dövrlərdə fərqli ölkələrin dövlət başçılarının üstünlüyü, məharəti döyüş meydanlarındakı qəhrəmanlıqları ilə müəyyən olunurdu. Sonradan dövrün dəyişməsi, texnologiyaların istismarının geniş yayılması ilə bu meyar sərkərdəlik, komandanlıq məharəti ilə əvəzləndi. Bura müharibələrdən sonrakı, yəni sərkərdəlikdən sonrakı sülh prosesləri də daxildir. Əsl sərkərdə, komandan həm döyüş meydanında, həm də masada - hərbi və diplomatik proseslərdə qalib olur. Tarixdə müharibəni udub, sülhü uduzanlar da mövcuddur. Tarixin müəyyən məqamlarında isə əmin-amanlıq, dövlətin strateji xəttini xalqa bəyan, onu beynəlxalq tribunalarda müdafiə, iqtisadi inkişafı təmin etmək kimi məsələlər öncül mövqe qazandığından qurucu, yaradıcı liderlik məharəti üstünlük əldə etdi.

Hazırda dördüncü sənaye inqilabı dövründə yaşadığımızdan dövlət başçılarından həm sərkərdəlik, komandanlıq, həm ideoloji liderlik, diplomatik məharət, həm də qurucu, yaradıcı lider olmaq keyfiyyətləri tələb olunur. Bu xüsusiyyətləri özündə ehtiva edən dövlət başçısı tarixdə böyük sosial, mədəni-mənəvi iz qoyur və yaddaşlara əbədi həkk olunur.

Qonşu ölkələrin tarixinə müraciət edək:

Rusiya tarixində Birinci Pyotr apardığı müharibələrlə yanaşı, həm də dövlətçiliyi və onun maddi-texniki fundamentini möhkəmləndirən islahatları ilə bir şəxsiyyət kimi qaldı.

Türkiyə tarixində Atatürk Osmanlının süqutundan sonra istilaçılara qarşı müharibə başlamaqla yeni bir dövlət yaratmaq üçün şans qazanması və hərblə başladığı işi quruculuqla başa çatdırması ilə yadda qaldı. Bu günlərdə Atatürkün qurduğu Cümhuriyyətin 100 illiyi qeyd olundu.

Ulu öndər Heydər Əliyev müasir inkişaf səviyyəsinə çatmaq üçün ictimai islahatların, sosial-iqtisadi quruculuq işlərinin əhəmiyyətini, ölkəmizin böyük iqtisadi potensialını düzgün dəyərləndirməklə ən böyük xidmət etdi. Ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə gələcək müstəqil Azərbaycan üçün qeyri-aşkar şəkildə olsa da, toplanmış sosial-iqtisadi, mədəni-mənəvi potensial dövlətin özünü təsdiqində mühüm rol oynadı. Azərbaycanı vətəndaş müharibəsindən xilas edərək, onun müstəqilliyini qoruyub saxlamaq, dönməzliyinin bütün dövrlər üçün təmin olunmasına yönəlmiş beynəlxalq müstəvidə atdığı addımlar ən ali mükafatlara layiqdir. Məhz bu tarixi şəxsiyyətin iradəsi, qətiyyəti, həqiqi siyasi liderliyi, unikal şəxsi keyfiyyətləri sayəsində Azərbaycan yenidən sürətli inkişaf mərhələsinə qədəm qoydu.

Düzgün vasitə ilə məqsədinə nail oldu

1993-cü ildən Azərbaycanda bütün atributlara malik güclü dövlət quruculuğu ilə yanaşı, dövlətçiliyin inkişafı sahəsində işlər başlandı. Böyük iqtisadi və sosial islahatların, mədəni-mənəvi quruculuq işlərinin həyata keçirilməsi üçün ölkənin suverenliyi vasitə olduğu kimi, ictimai həyatın bütün sahələrində demokratikləşdirmənin reallaşdırılması üçün də güclü dövlətin olması vasitədir. Ulu öndərin təbirincə desək, qanunçuluğun, asayişin və əmin-amanlığın bərpası üçün güclü dövlət məqsəd deyil, vasitədir.

Ümummilli lider siyasi məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev radikallığa və ya mühafizəkarlığa deyil, rasional düşüncəyə əsaslanan təkamül yoluna üstünlük verdi. İstənilən struktur özünüsaxlama instinkti kimi daxili müqavimət qüvvəsinə malik olduğundan sosial-iqtisadi sistemləri, münasibətləri dərhal deyil, öz daxili enerjisi hesabına dəyişdirmək, proseslərin təbii gedişini istiqamətləndirmək əsas taktika oldu. Yeni yaradılmış, formalaşdırılmış dövlətçilik təfəkkürünün möhkəmləndirilməsi üçün mürəkkəb proseslərə müxtəlif rakurslardan yanaşmaqla, problemlər arasında optimal nisbət gözlənilməklə təkamül yolu ilə qarşıdakı qlobal problemlərin həlli üçün zəmin hazırlandı. Beləliklə də köklü dəyişiklikləri, əsaslı yeniləşdirməni birdən-birə deyil, tədricən həyata keçirməklə, yəni öz sələfi kimi məqsəddən başlamadan məqsədə nail olmaq yolunun tərəfdarı olduğunu bildirdi. Bunun üçün də güclü dövlətin formalaşdırılması üçün ən zəruri olan iqtisadiyyatın gücləndirilməsidir. Ulu öndər də deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Möhkəm təməllər üzərində qurulmuş ölkə iqtisadiyyatının müasir tələblər çərçivəsində inkişafı ötən 20 ildə xüsusi nailiyyətlər, güclü iqtisadi potensialın yaradılması ilə yadda qaldı. Sxolastik, statistik rəqəmlərlə oxucunu yormadan ən əsas iqtisadi göstəriciləri sadalayaq və mühüm məqamlara nəzər salaq:

ÜDM 4, dövlət büdcəsinin xərcləri 30, strateji valyuta ehtiyatları 47, orta aylıq əməkhaqqı 10 dəfədən çox artıb, yoxsulluq səviyyəsi isə 9 dəfədən çox düşərək 5,5% olub.

Ulu öndərin müəllifi olduğu neft strategiyasının uğurla davamı sayəsində iqtisadiyyat şaxələndirilməklə qeyri-neft sektorunun və sahibkarlığın inkişafına rəvac verildi. İqtisadi inkişaf parametrlərinə görə ölkəmiz liderlər mövqeyinə malik oldu. Xarici ölkələrin iqtisadi maraqları milli dövlətçilik mənafelərimizə tam uzlaşdırılmaqla iri enerji layihələri (BTC, CQD, TANAP, TAP) icra edilərək neft hasilatının pay bölgüsü haqqında sazişin müddəti 2050-ci ilə qədər uzadıldı.

Yaranan güclü iqtisadi dayaqlar siyasi müstəqilliyə də təkan verdi. Azərbaycan beynəlxalq aləmlə, dünya ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişafında böyük nailiyyətlər əldə etdi. Ölkəmizin dostlarının sayı çoxaldı, müttəfiqlik etmək istəyənlərin sırasına yeniləri əlavə olundu. Buna görə də 155 ölkənin səsini qazanan Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü seçildi. 2019-cu ildən 120 dövlətin təmsil olunduğu, BMT-dən sonra 2-ci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına (QH) uğurlu sədrliyi səmərəli fəaliyyətinə görə daha 1 il uzadıldı. Bunun nəticəsidir ki, QH-nin beynəlxalq miqyasda siyasi nüfuzu müqayisə olunmayacaq dərəcədə artıb.

2003-cü il

Prezident İlham ƏLİYEV:

  • Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm;
  • Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik. Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılacaq, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəkdir;
  • Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır;
  • Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.

 

Demokratik cəmiyyət quruculuğunda ictimai şüurun, xalqın siyasi düşüncə səviyyəsinin, bir sözlə, dövlətin də xalqla birlikdə inkişaf etdirilməsi əsas vəzifələrdəndir. Bu baxımdan da xalqın inkişaf səviyyəsinə uyğun proqramların qəbulu, layihələrin icrası mühüm şərt olduğundan xalqın maarifləndirilməsi dövlət quruculuğunda həlli vacib atributlardan biridir. Belə məqamda ABŞ-ın 32-ci prezidenti Franklin D.Ruzveltin - "xalqın tərbiyə olunması dövlət xadiminin ən ali vəzifəsidir" fikirləri yada düşür. Məhz bu səbəbdən də ulu öndərin misilsiz xidmətləri sırasında milli-mənəvi dəyərlərin qorunması, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə və dövlətçiliyə sədaqət əsasında yetişdirilməsi önəmli yer tutmaqla mühüm əhəmiyyət kəsb edirdi. Dünyanın müxtəlif məkanlarında fərqli meyillərin baş verdiyi, əks-tendensiyaların müşahidə olunduğu, mənəvi dəyərlərin deqradasiyaya uğradığı bir vaxtda ölkəmizdə ənənəvi dəyərlərə sadiqlik nümayiş etdirildi. Gələcəyimiz olan gənclərin öz adət-ənənələrimizə, ədəbiyyatımıza, incəsənətimizə, musiqimizə bağlı yetişməsi, möhkəm milli-mənəvi təməl üzərində, Vətənə, torpağa məhəbbət, milli ləyaqət uğrunda tərbiyələnməsi üçün ciddi addımlar atıldı.

Son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəslin yetişməsi haqqında Prezident İlham Əliyev demişdir: "Biz elə gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər". Həqiqətən də ailələrdə, məktəblərdə, bütövlükdə cəmiyyətimizdə aparılan siyasət, Qarabağ, Zəngəzur kimi tarixi torpaqlarımız haqqında təbliğat öz bəhrəsini verdi. O torpaqları heç vaxt görməyən, ancaq ailə-məktəb-cəmiyyət tandeminin təsiri ilə böyüyən gənclər xalqımızın tarixi missiyasını şərəflə yerinə yetirməsində əvəzsiz rol oynadılar. Xalqın liderə olan ehtiyac və inamının mühüm faktor olduğunu dəqiqliklə, çox korrekt qiymətləndirən ulu öndər vaxtilə Azərbaycan xalqının həmişə güclü olduğunu, onu səfərbər etmək lazım gəldiyini bildirirdi. Səfərbərlik dedikdə, təkcə hərbi potensialın səfərbərliyi deyil, cəmiyyət həyatının bütün sahələrini əhatə edən səfərbərlik nəzərdə tutulur. Çünki millətin, xalqın müxtəlif sahələrə paylanmış gücü-qüdrəti içərisində iqtisadi, intellektual, mədəni-mənəvi və psixoloji potensialın məqsədyönlü şəkildə səfərbər olunmasından söhbət gedir. Hər şeydən əvvəl, çətin mümkün olan nəzəri və əməli fəaliyyət imkanlarının vahid ideya, vahid məqsəd ətrafında səfərbər olunması reallaşdırılır, gerçəkləşdirilir.

Məhz bu halda əsrlər ərzində buraxılan səhvləri, uğursuzluqları aradan qaldıraraq vəziyyəti ölkəmizin xeyrinə dəyişməklə regionun geosiyasi xəritəsini yenidən çəkmək olar. Bunun üçün, ilk növbədə, hərbi güc balansında, informasiya mübarizəsində və beynəlxalq ictimai rəyin, siyasi simpatiyaların istiqamət vektorunda müsbət dəyişiklik mütləq idi. Çünki qarşı tərəfin işğal etdikləri torpaqlarımızı özümüzə sülh yolu ilə qaytarmağı təzyiq vasitəsi olaraq kompromis kimi təqdim etmələri problemin həllinə ümidləri azaldırdı. Bundan başqa, Ermənistanın dövlət rəsmilərinin təhdid xarakterli bəyanatlarla çıxış etməsi problemin sülh yolu ilə həllinə olan ümidləri tam sıfıra endirmişdi. Bu və ya digər səbəblər, hər şeydən əvvəl, milli-mənəvi vətənpərvərlik hisslərinin bütün potensialını səfərbər etməklə ordu quruculuğunu aktivləşdirdi. Modern və güclü ordu quruculuğunu müəyyən funksional asılılığın analitik düsturu kimi müəyyən edən Prezident bu asılılığın arqumentləri olan müasir silahlar və texnika ilə təchiz, hərbi zavodlar yaratmaqla müdafiə sənayesini formalaşdırmaq, hərbi təyinatlı müxtəlif yerli, müasir məhsullar istehsal etmək, ordunun döyüş qabiliyyətini, hərbçilərimizin peşəkarlığını yüksəltmək, sosial-məişət şəraitini yaxşılaşdırmaq və s. kimi məsələləri ön plana aldı. Müharibə şəraitində yaşadığımızdan, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək ən ümdə vəzifəmiz idi. Buna görə də müstəqilliyimizin ən böyük qarantı olan Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasını möhkəmləndirmək üçün 2003-cü ildən sonrakı dövrdə hərbi xərclər 15 dəfədən çox artırıldı. Nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu.

Vaxtı çatmış ideya

Qeyd etdiyimiz kimi, cəmiyyətdə insanların səfərbər olunması, vahid konseptual ideya ətrafında cəmlənməsi ictimai inkişafa təkan verməklə məqsədin gerçəkləşməsinə səbəb olur. İctimai tərəqqinin səviyyəsi liderlərin səviyyəsindən asılı olmaqla hərəkətverici qüvvəsi məhz fərqlənənlərin qalxdığı yüksəkliyin potensial enerjisi ilə ölçülür. Çünki müəyyən çətin problemi həll etmək üçün liderin yüksək səviyyəsi kifayət edə bilir. Sonrası isə xalqın öz içərisindən çıxmış, cəmiyyəti inkişaf etdirən liderə inam bəsləməsidir. Liderlər siyasi və milli olmaqla iki qrupda təsnif olunur. Hər iki liderlik keyfiyyətlərinin bir şəxsdə birləşməsi unikal hal olmaqla milli və ümumbəşəri dəyərlərin vəhdətinə nail olmağa imkan verir. Yeni ideyalarına görə fərqlənən liderlərin səbəb olduğu ictimai tərəqqi bu ideyaların xalqa çatdırılması və maddi-ictimai potensial arasındakı koordinasiyanın effekliyindən asılıdır.

Yazdıqlarımızın daha bir nümunəsi üçün 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun sessiyasına qayıdaq. Həmin sessiyada Prezident İlham Əliyev Ermənistan baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayaraq dedi: "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi". Həmin dövrdə dünyaya, beynəlxalq aləmə bir diplomatik mesaj olan "Qarabağ Azərbaycandır!" fikri günlər, aylar ötdükcə kəlama, aforizmə çevrildi, dillər əzbəri oldu, hamımızın ruhuna qida olmaqla ürək yanğımıza su çilədi və nəhayət, vətənpərvərlik duyğularımızı coşduran bir ideya oldu. Bu ideyanın təxminən bir il ərzində mövcud şəraitdə gerçəkləşməməsi o demək deyildir ki, ideyadan imtina edilib və ya unudulub. Fenomenal yaddaşa, qeyri-adi intuisiyaya, rasional düşüncəyə, güclü məntiqə malik Prezident İlham Əliyevə bəlli idi ki, hadisələr həmişə müəyyən bir ideyanın kontekstində cərəyan edir. Ona görə də ideyaları münbit şərait yaranmadan, vaxtı çatmadan reallaşdırmağa çalışmağı deyil, ictimai-tarixi zərurətdən çıxış edərək həyata keçirməyi əsas götürdü.

Belə məqamda cəmiyyət üzərində möhkəm hakimiyyətə malik olan ideyalar haqqında V.Hüqonun dediklərini xatırlamaq yerinə düşərdi: "Dünyanın heç bir ordusu vaxtı çatmış ideyanın gücü qarşısında duruş gətirə bilməz". Necə ki, Ermənistan silahlı qüvvələri və Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri "Qarabağ Azərbaycandır!" ideyasının qarşısında 44 gün +23 saat duruş gətirə bilmədilər.

Çətini deyil, qeyri-mümkün olanı həll etdi

İdeya aydın olduqda, görülən işin uğurla nəticələnəcəyinə daxili inam, bu yöndə ardıcıl və fasiləsiz templi siyasət məqsədin əldə olunmasına imkan yaradır. Çətinlik dərəcəsindən asılı olaraq bütün problemləri, həmçinin həllinin qeyri-mümkünlüyü fərz olunanları təsnif edərək həlli mümkün problemlərə proyeksiyalamaq mövqeyində israrlı olmaq tələb edir. Eyni zamanda çətin mümkün olanı qeyri-mümkün olandan seçə bilmək kimi məxsusi, spesifik keyfiyyətlər də zəruridir. Böyük maraqları kiçik maraqlardan, mühümü qeyri-mühümdən fərqləndirməklə hadisələrin, problemlərin həlli ardıcıllığını düzgün seçmək, lazım gələndə pauza verməklə həlli prosesini uzatmaq liderlərə xas xüsusiyyətlərdir. Məhz o liderlər qeyri-adi, təkrarsız təfəkkürə, irrasionallıqdan kənar prinsipiallığa, siyasi iradəyə malik olduqları üçün ekstraordinar qərarlar qəbul etməyə qadirdilər.

Məşhur sərkərdə Napoleon deyirdi ki, çətin olanla qeyri-mümkün olanı fərqləndirmək dahilikdir. Vaxtilə işğal altında olan ərazilərimizin tamamilə azad olunmasını, hər kənddə, hər qəsəbədə, şəhərdə üçrəngli bayrağımızın dalğalanacağının qeyri-mümkünlüyünü fərz edənlər az deyildi. Çünki "Gülüstan"dan, "Türkmənçay"dan üzü bəri parçalana-parçalana, itirə-itirə gəlirdik. Mövcud dünyada, şərin xeyiri, gücün haqqı üstələdiyi bir zamanda hansısa ideyanın həyata keçməsi ancaq xəyal olardı. İdeyalar ancaq güclü, ali məqsədi cari məqsədlərdən fərqləndirməyi, gerçəkliyin müxtəlif rakursları arasında əlaqəni görməyi bacaran fövqəl keyfiyyətli liderlərin əqli və qüvvəsi ilə həyata keçir və öz ardıcıllarını tapması müqabilində yaşayır. İdeyanın mümkünlüyünü qəbul edənlərdən də ucada dayanan isə onu reallaşdırmağın yollarını bilən, mövqe və məqsəd ardıcıllığını əzmkarlıqla yürüdən fenomenal liderlər, şəxsiyyətlərdir. Həmin insanlar bilik və qabiliyyətlərindən, taleyin qismətindən millət və xalq yolunda istifadə etməklə milli inkişafın öncül qüvvəsinə çevrilməyi bacarırlar. Bu baxımdan qlobal layihələrin, əsas problemimiz olan - Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının təsəvvür edilməyəcək dərəcədə müqavimətlərə, çətinliklərə baxmayaraq, gerçəkləşdirilməsi məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, əzmi, iradəsi, qətiyyəti və dahiliyi ilə bağlıdır.

Məhz Prezidentimizin sayəsində çoxəsrlik milli dövlətçilik tariximizin qızıl dövrünü yaşayırıq. Belə ki, əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış xalqımız silsilə qələbələrin, misli görünməmiş yüksəlişin, bənzəri olmayan tərəqqinin şahididir. Son 20 ildə kökü 200 ildən də artıq müddətdən qaynaqlanan, neçə-neçə nəslə acı tale, iztirablar, məşəqqətlər yaşadan bir problem kökündən həll edildi. Erməni yalanı, iftirası, böhtanına son qoyulmaqla yaratdıqları əsatirlər, miflər də dağıdıldı. Tarixi ədalət bərpa olundu. Necə deyərlər, çətini deyil, qeyri-mümkün olanı həll etdi. Bununla da dövlətimizin başçısının adı hərb və sülh tarixinə Müzəffər Ali Baş Komandan və Qalib Prezident kimi həkk edildi. Bu gün artıq Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş yeganə, dünyada isə çox nadir ölkələrdən biridir.

2023-cü il

Prezident İlham ƏLİYEV:

  • Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik;
  • Son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünəlayiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. 
  • Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik;
  • Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

 

Həqiqətin meyarı müqayisədir

Cəmiyyətin bütün sferalarında doğru ilə yalanı, orijinalla saxtanı, əsli ilə surətini, dürüstlə riyakarı, gerçəklə feyki fərqləndirmək üçün, ilk növbədə, müqayisəyə əsaslanırıq. Həqiqətə varmaq, gerçəyi bilmək naminə bəzən faktların müqayisəsinə, bəzən də həmin sahədə qəbul edilmiş vahid etalona müraciət edirik. Hətta dövlət notariusları, səlahiyyətli qurumlar belə bir çox sənədləri təsdiqləyəndə "əsli ilə düzdür" formulundan istifadə edirlər. Həyatda bir çox ölçü vahidlərinin etalonu beynəlxalq aləmdə müvafiq təşkilatlar tərəfindən uyğun yerlərdə saxlanılır. Bu etalonların özləri də müəyyən zaman vasitələri ilə korrektə olunurlar. Məsələn, vaxt, zaman anlayışı Qrinviç rəsədxanasının etalonu ilə müqayisəli şəkildə istifadə olunur. Bir sözlə, demək olar ki, həqiqətin ölçü vahidi, meyarı müqayisədir.

Bu baxımdan da son 20 ildə ölkəmizin hansı inkişaf yolu keçdiyini, haradan-haraya gəldiyini, nələr əldə etdiyini, hansı nailiyyətlər, uğurlar qazandığını, necə sınaqlardan çıxdığını, çətinlikləri dəf etdiyini görmək üçün müqayisə ən yaxşı metodologiyadır. 20 il bundan əvvəl məhz bu gün Prezident İlham Əliyevin andiçmə mərasimindəki gələcəyə hesablanmış konseptual baxış xarakterli nitqində bəyan etdiyi fikirlərdən iqtibaslar edək:

- Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm;

- Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik. Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılacaq, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəkdir;

- Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır;

- Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.

20 il bundan əvvəl söylənilən bu fikirlərin hamısı sözü ilə imzası identik olan dövlət başçımız tərəfindən həyat həqiqətlərinə çevrilmişdir. Bunu hər birimiz öz həyatımızda da, cəmiyyətdə də hiss etmişik, görmüşük. Necə deyərlər, görünən dağa nə bələdçi. Buna baxmayaraq, deyilən fikirlərlə bugünkü reallıqlar arasında qarşılıqlı birqiymətli uyğunluq yaratmaq, müqayisə aparmaq gerçəkliyin əyani təzahürü olar.

Gətirdiyiniz iqtibaslar Heydər Əliyev siyasi kursuna, tarixi irsinə, dühasına sadiqlik, iqtisadiyyat, sosial həyat, ordu quruculuğu və o illər üçün ən əsas problemimiz olan Qarabağ probleminin həllinə yönələn fikirlərdəndir.

Qayıdış Konsepsiyası

Geosiyasi və qlobal müstəvidə mövcud trendləri aydın görən, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri və kommunikasiya bacarığı ilə beynəlxalq aləmdə də böyük nüfuz qazanan Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin 2023-cü ildəki analoji fikirləri dediklərimizi tam mənasında təsdiq edir:

- Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik;

- Son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünəlayiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. 

- Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik;

- Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Göründüyü kimi, dövlətin və xalqın gələcəyi ilə bağlı tarixi missiyanı öz üzərinə götürməklə nəyi, nə vaxt və necə etməyi çox dəqiq və aydın bilən əsl lider olan Prezident İlham Əliyev tarixi qələbələrə imza ataraq güclü, müstəqil və suveren Azərbaycanın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir.

Hər bir ideya özünün hadisəyə çevrilərək reallaşması və tükənməsi prosesidir. Bəzən hadsələrin müddəti bir insan ömrünə sığmayan ideyalarla bağlı olur. İdeyanın formalaşmasından onun tam reallaşmasına qədər olan zaman kəsimi təbii olaraq hadisənin müddəti hesab olunur. Öz ideyalarını gerçəkləşdirməsi tarixi şəxsiyyətlərə xas olan xüsusiyyətlərdəndir. Bəzən siyasi və milli liderlərə, tarixi şəxsiyyətlərə məxsus ideyaların reallaşdırılması, onların həyata keçirilməsi, yəni ideyanın maddiləşməsi prosesi baş vermir. Tarixdə buna dair nümunələr mövcuddur. Bu ya ideyanın öz ardıcıllarını tapması yolu ilə, ya da genetik - bioloji varisliklə tamamlanır.

Elm, sənət, mülkiyyət sahələrindən fərqli olaraq dövlət quruculuğu, geopolitik strategiyalar sahələrində, ümummilli və ümumbəşəri idealların, amalların kim tərəfindən davam etdirilməsi dünyəvi xarakter daşıyır. İdeyalarının əbədiliyi naminə tarixi şəxsiyyətlər ideyalarının ictimai prosesə çevrilib yaşaması üçün də seçim edirlər. Bu, həm də sosial-mənəvi, ictimai-siyasi sferada əbədilik qazandırır. Şəxsiyyətlərin, öndərlərin ictimai proseslərə çevrilən böyük müddətli ideyalarının onların hər iki mənada davamçıları tərəfindən yaşadılması mahiyyət etibarı ilə fərqlənmir. Ulu öndər Heydər Əliyevin xalqa müraciətini yada salaq: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək". Göründüyü kimi, varislik əsasında edilən seçimlə ideyaların yaşadılması mədəni-mənəvi, genetik əlamətlərlə sıx bağlıdır.

Ulu öndər ikinci hakimiyyəti dövründə rüşeym şəklində formalaşdırdığı Qərbi azərbaycanlıların taleyinə biganə qalmama ideyasını "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci il tarixli Fərmanı ilə təsdiqlədi. İlk dəfə idi ki, bu məsələyə ən yüksək səviyyədə münasibət bildirilirdi.

Məhz bu ideya da Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyev tərəfindən ictimai-siyasi prosesə çevrilərək reallaşma mərhələsinə qədəm qoydu. Belə ki, ötən il dekabrın 24-də dövlətimizin başçısı Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Görüşdə Qərbi azərbaycanlıların tarixi yaşayış yerlərinə qayıtmaları üçün Qayıdış Konsepsiyasının vacibliyini vurğulayaraq dedi: "Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur".

Bəli, əsas məsələ odur ki, inamı itirməyəsən, bu yöndə fəaliyyət göstərəsən. Onda istəyimizə nail ola bilərik. Qeyd etdiyimiz kimi, əzmlə, fədakarlıqla və inadkarlıqla, usanmadan çalışmalıyıq ki, ideyanı münbit şəraitdə və uyğun vaxtda reallaşdıraq. Bizim gələcək nəsillər barədə düşünən milli-siyasi Liderimizin, siyasət ustadımızın olması da buna tam əminlik yaradır. Bu gün güclü xalq, güclü dövlət, güclü lider formulu Azərbaycanın güc mənbəyidir. Siyasəti də güclülər ölkəsinin mənafeyi naminə istədikləri kimi, zəiflər isə bacardıqları kimi yürüdürlər, zəiflər də güclülər qarşısında onunla barışmaqdan başqa heç nə bacarmırlar.

 

Hümbət MUSAYEV.