Xalqımızın ən böyük sərvəti
Sosial həyat

Xalqımızın ən böyük sərvəti

Azərbaycan dili xalqımızın varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli fikirlər söylənilmişdir. Çünki bu dil dünyaya dahilər bəxş edən bir xalqın dilidir. Hər bir millətin maddi və mənəvi irsinin qorunmasında, inkişafında mühüm rol oynayan Ana dili millətin simasını səciyyələndirən milli sərvətidir.

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Həmin günün tarixi 1952-ci ildə Banqladeşli tələbələrin Şərqi Pakistanda öz ana dilinin rəsmi dil olması uğrunda mübarizəsi ilə bağlıdır. 1952-ci il fevralın 21-22-də Pakistanda Benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində dörd tələbə həlak oldu. Banqladeş nümayəndələri fevralın 21-i həmin gənclərin xatirəsinə ehtiram əlaməti olaraq Ana Dili Günü adlandırılması üçün UNESCO-ya müraciət etmişdilər. 1999-cu ilin noyabrında UNESCO baş konfransının 30-cu sessiyasında 21 fevral tarixi Beynəlxalq Ana Dili Günü elan olunub. Və üzv ölkələrə elan edilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər keçirilsin. 

Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn siyasətinin nəticəsidir. 1970-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Bundan sonra Ana dilimiz dövlət əhəmiyyətli tədbirlərə də yol açıb. Keçmiş Azərbaycan SSR-in 1978-ci il konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi həmin dövr üçün əhəmiyyətli hadisə olub. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Fərmana əsasən hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Lakin milliliyimizi birinci təsdiq edən bizim dilimizdir.  Azərbaycan dilinin dövlət dili kimi yaşaması və inkişaf etməsi dövlət olaraq bizim ən böyük nailiyyətimizdir.

Bu gün dövlət dilimiz olan Azərbaycan dili hərtərəfli inkişaf edib və dünyanın ən mötəbər tribunalarından səslənir. Hər il fevral ayının 21-i Beynəlxalq Ana Dili Gününün keçirilməsi həm də dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunub saxlanması üçün ən gözəl təbliğatdır. Bu tarixi gün ölkəmizdə də yüksək səviyyədə qeyd olunur. Dilimiz bizim keçmişimiz,  bu günümüz və işıqlı gələcəyimizdir. Azərbaycan dili türk dilləri ailəsinin Oğuz qrupuna daxil olan ən qədim və zəngin dillərdəndir. Yaranması miladdan əvvəlki dövrlərə gedib çıxan dilimiz ifadə zənginliyi, axıcılığı, səlis ahəngi ilə dünya dilləri arasında ən zəngin dillərdən biri kimi tanınmışdır. Azərbaycan dili poeziya, şeir-sənət dili, musiqi dili olmaqla yanaşı, kamil qrammatik quruluşa, zəngin, mükəmməl söz fonduna və yüksək səviyyəli yazı normalarına malikdir.

"Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik". Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan dilinə yüksək diqqət və qayğısının təcəssümüdür. Cənab Prezident daim çıxışlarında nitqinin səlisliyi və dilimizə dərindən bələdliyi ilə seçilir. İstər ulu öndər, istərsə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ana dilimizin hərtərəfli inkişafı, tətbiq dairəsinin genişlənməsi, saflığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirmişlər. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Röya RÜSTƏMLİ,

"Respublika".