Eldar Həsənov
Sosial həyat

Eldar Həsənov

Azərbaycanın Milli Qəhrəmanı Eldar Həsənovun ömür və döyüş yolunu vərəqlədikcə hiss edirsən ki, bu yaşda da xalqın qəlbində əbədi yer tuta bilərsən. Birdə ki, qəhrəmanlar üçün nə uzun, nə qısa ömür? Qəhrəmanlar öz şərəfli ömürləri ilə gələcək nəsilləri, müstəqil Azərbaycanımızın mətin gənclərini mübarizəyə səsləyir, Vətən sevgisi adlı əzəli və əbədi duyğunu məşələ döndərib azadlıq yollarında işıq saçırlar.

Eldarın qəhrəmanlığı bir elin, bir xalqın, bir əsrin tarixinə yazılmış qəhrəmanlıqdır. Onun vətən sevgisindən, qeyrətindən söhbət açmaq böyük şərəfdir. O, erməni quldurlarına qarşı döyüş meydanında nələr etməmişdir?

Eldar İsfəndiyar oğlu Həsənov 26 dekabr 1965-ci ildə Cəlilabad rayonunun Hallar kəndində dünyaya göz açmışdır. 1983-cü ildə Xanagah kənd orta məktəbini bitirmiş, 1984-cü ildə valideynlərinin xeyir-duası ilə ordu sıralarına yollanmışdır. İlk əsgər məktubunda Eldar yazırdı: "Əsgərlik həyatından qürur duyuram. Ordu sıralarında hərbi texnikanın sirlərini mükəmməl öyrənəcək, hərbi andıma sadiq qalacağam".

Vaxt gəlib çatdı. Günlərin bir günündə həyətdə əsgər geyimli bir oğlan dayandı. Bu, Eldar idi, hamının yolunu səbirsizliklə gözlədiyi Eldar. O, söz verdi ki, fəal həyat mövqeyi tutacaq, yaxşı işi ilə valideynlərini sevindirəcəkdir. Bir müddət kənddə sürücü işlədi.

...1988-ci il. Erməni faşizminin hərbi cinayətləri günbəgün artır, daşnak quldurlar Azərbaycan ərazilərində təxribatlar törədirdilər. SSRİ-nin ermənipərəst rəhbərləri isə buna göz yumur, xaç "qardaşları"na kömək əli uzadırdılar.

Vətənin taleyi təhlükədə olanda, daşnaklar yurdumuza göz dikəndə, günahsız insanlar güllə yağışına tutulanda Eldar Həsənov Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazıldı. O, Azərbaycanın hər qarış torpağı uğrunda fədakarlıqla vuruşurdu. Eldarın cəbhədə göstərdiyi hünər düşməni lərzəyə salırdı. Koroğlu tək hər nərəsində saqqallı erməni vandalları cəhənnəmə vasil olurdu. Laçın döyüşlərində Eldar öz məharəti ilə dəstəni mühasirədən itkisiz çıxarmışdı. Eldar qurduğu planı qabaqcadan kimsəyə deməyi xoşlamazdı. Bəzən kəşfiyyata tək gedir, iki-üç əsirlə geri dönürdü. O, Azərbaycan torpaqlarını azad görmək istəyirdi. Elə buna görə də qətiyyən qorxu nə olduğunu bilməzdi. Ermənilərə sarsıdıcı zərbələr vuran Eldar Həsənovun başına daşnaklar 50 min ABŞ dolları məbləğində mükafat qoymuşdular.

Eldar Həsənov həm də 1991-ci ildə Polis Akademiyasına daxil olmuşdu.

1994-cü ilin yanvar ayında Cəlilabadın qartal oğlu Eldarın ikinci cəbhə həyatı başlayır. Füzuli bölgəsində ermənilərə qan udduran Eldar düşmənin xeyli canlı qüvvəsini, texnikasını məhv edir. Onun göstərdiyi qəhrəmanlıq dildən-dilə gəzirdi. Ermənilər onu daim izləyir, öldürmək üçün məqam gözləyirdilər.

...21 may 1994-cü il. Horadiz qəsəbəsi uğrunda ağır döyüşlər gedirdi. Eldar özünəxas olan mərdliklə yenə də ermənilərə qarşı igidliklə vuruşur, düşmənin planlarını pozur, onlara sarsıdıcı zərbələr endirirdi. Bu ağır döyüşdə Eldarın sinəsi erməni gülləsinə tuş gəldi. Cəsur Vətən oğlunu ölümün pəncəsindən xilas etmək mümkün olmadı.

O, Cəlilabad rayonunda dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə Eldar İsfəndiyar oğlu Həsənov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Eldar Həsənovun cəsur döyüşçü kimi adı əbədiləşdirilmiş, Cəlilabad Rayon Polis Şöbəsinin həyətində büstü qoyulmuşdur.

Qədir ASLAN,

"Respublika".