ŞƏHİD VƏ ÜMİD ŞƏHƏRİM
Sosial həyat

ŞƏHİD VƏ ÜMİD ŞƏHƏRİM

Masallıda məskunlaşmış Quliyevlər ailəsi Xocalıya tezliklə qayıdacaqlarına əmindirlər

1984-cü ildə Yusif Kamilə xanımla ailə həyatı quranda Quliyevlər ən xoşbəxt, bəxtəvər günlərini yaşayırdılar. Necə deyərlər, dünyanın düz vaxtları idi. Heç ağıllarına gəlməzdi ki, nə vaxtsa doğulub boya-başa çatdıqları doğma Qarabağdan, isti yuva qurduqları Xocalıdan zorla çıxarılacaqlar. Ailələrinin, qohumlarının, xocalılıların başına dəhşətli müsibətlər gələcək, doğma yurdlarından didərgin düşəcəklər.

Yusif Xankəndidəki 9 nömrəli tikinti trestində, Kamilə isə ayaqqabı fabrikində işləyirdi. Ailədə üç azyaşlı uşaq böyüyürdü: Zaur, Vüsalə və Vüsal. Xankəndi şəhərində fasiləsiz mitinqlər gedir, silahlı erməni quldurları havadarlarına arxalanaraq soydaşlarımıza hücum çəkir, onların şəhərdən çıxmalarını tələb edirdilər.

Kamilə xanım o ağır, dəhşətli, faciəli illəri belə xatırlayır: "1988-ci ildən çox müsibətlər çəkmişik. O vaxt Xankəndi şəhərində yaşayırdıq. İrəvandan gəlmiş hayların təhriki ilə yerli ermənilər şəhərin azərbaycanlı sakinlərini rahat yaşamağa qoymurdular. Bizə qarşı kin-küdurət, nifrət, qəzəb hiss olunurdu. İşləməyə qoymurdular. Məcburi şəkildə işdən çıxarıb yerimizə özününküləri götürürdülər. Küçəyə, dükan-bazara çıxa bilmirdik. Dükanlarda bizə ərzaq satmağı qadağan etmişdilər.

İsti yay günü sonuncu dəfə iş yerimə əmək kitabçamı almağa getmişdim. Vüsalə qucağımda idi. Fabrikin rəhbər işçilərindən olan erməni çaydandakı qaynar suyu düz körpənin üstünə atdı, məni hədələyib otaqdan qovdu.

Azərbaycanlılar məcburi şəkildə Xankəndidən Xocalıya köçürüldü. Şəhər 1991-ci ilin oktyabr ayından blokada vəziyyətində idi. Yollar bağlanmışdı, maşınlar hərəkət edə bilmirdi. Yalnız vertolyotla əlaqə qalmışdı.

Erməni quldurları gecələr benzin dolu butulkaları yandırıb evlərə atır, camaatı çölə çıxmağa məcbur edirdilər. Axşamlar lampanı masanın altında qoyur, pəncərələri qalın adyallarla örtürdük ki, çölə işıq düşməsin.

Ancaq həmyerlilərimizin, xüsusən gənclərin igidliyi, cəsurluğu sayəsində yaşayırdıq. Əhalidən olan silahları yığmışdılar. Camaat balta, dəryaz, digər alətlərlə postda durub Xocalını qoruyurdu. Ermənilər qarşılarına çıxan soydaşlarımızı döyür, təhqir edir, çoxlu işgəncələr verirdilər. Kimisini yolda, kimisini meşədə tutub vəhşicəsinə öldürürdülər. Xocalı sakinlərinin asayişi, əmin-amanlığı tamam pozulmuşdu. Hamı narahatlıq içində yaşayır, qadın, uşaq və qocaların taleyini düşünürdü. Əsl faciənin isə qabaqda olduğunu bilmirdik".

Fevralın 25-dən 26-na keçən gecə Xocalı adlı şəhər Ermənistan siahlı qüvvələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə yerlə-yeksan edildi, 613 nəfər günahsız, əliyalın, dinc sakin xüsusi amansızlıqla qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi. Xocalılılar dəhşətli soyqırımın qurbanı oldular.

Xocalı qətliamını xatırlayarkən ürəyim parçalanır, dözə bilmirəm, - deyə Kamilə xanım söhbətini davam etdirir: "Allaha şükürlər olsun ki, günahsız insanların qanı yerdə qalmadı. Artıq şəhidlərimizin Xocalıda ruhları şaddır. Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində Xocalıda müqəddəs üçrəngli bayrağımız əzəmətlə dalğalanır".

Quliyevlər ailəsi Xocalı faciəsindən sonra Şuşaya köçməli olub. "Şuşa" sanatoriyasının binasında məskunlaşıblar. Sonra Şirvan şəhərinə, oradan isə Masallı rayonunun Ərkivan qəsəbəsinə pənah gətiriblər.

32 il bundan əvvəl Xocalını məcburi tərk edəndə Zaurun 7, Vüsalənin 4, Vüsalın isə cəmi 2 yaşı vardı. Uşaqlar Masallıda böyüyüb ərsəyə çatıblar. Ailə qurublar, ev-eşik, oğul-uşaq sahibidirlər.

Ailə üzvləri dövlətimizin davamlı qayğısını daim hiss edir. Masallı Rayon İcra Hakimiyyəti və rayonun əlaqədar təşkilatları Ərkivan qəsəbəsində müvəqqəti məskunlaşmış Quliyevlər ailəsini diqqət mərkəzində saxlayır.

Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində icra başçısı Araz Əhmədov ailəyə baş çəkib. Ailənin üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıb. Rayon rəhbəri bildirib ki, Xocalı faciəsi təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə yönələn soyqırımıdır. Bu, erməni vandalizminin dünya tarixinə yazdığı ən dəhşətli qətliamdır. 44 günlük Vətən müharibəsində və keçən ilin sentyabr ayında 23 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz düşmən üzərində qələbə qazanaraq işğala birdəfəlik son qoydu, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Dövlətimizin başçısı xalqa verdiyi vədlərə tam əməl edərək üçrəngli bayrağımızı Xankəndidə, Xocalıda, Qarabağın və Şərqi Zəngəzurun digər rayonlarında dalğalandırdı.

Xocalı sakini Kamilə Quliyeva sevincli, fərəhli, qürurlu günlər yaşadıqlarını vurğulayaraq göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını bildirdi.

 Bu gün Yusif baba, Kamilə nənə nəvələri: Zümrüd, Yusif, Əli, Bətul, Səccad və Zəhraya doğma yurdla, ocaqla bağlı xatirələrindən, müzəffər ordumuzun qələbəsindən danışırlar. Tezliklə qalib ölkənin vətəndaşları kimi Xocalıya, ata-baba ocaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".