Xalqa və dövlətçiliyə şərəflə xidmət peşəsi
Digər xəbərlər

Xalqa və dövlətçiliyə şərəflə xidmət peşəsi

2 iyul -Azərbaycanda Polisi Günüdür

Yaranmasının 105-cü ildönümünü qeyd edən Azərbaycan Polisi bu müddətdə şərəfli və keşməkeşli yol keçib. Xalqımızın ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla  1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis  edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan olunub. 

Daxili İşlər Nazirliyi (DİN) və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayıb, müstəqilliyin müdafiəsinin ön sıralarında olub. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları uğurla inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə, ulu öndər Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövrü nazirliyin tarixinə ən mühüm mərhələ kimi həkk olub. Ümummilli lider uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı önəmli qərarlar qəbul edib. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra hüquq-mühаfizə orqаnlаrı da yeni inkişаf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdən etibarən polis orqanlarının fəaliyyəti üçün də hərtərəfli şərait yaradılmış, ciddi kadr islahatları aparılmış, ictimai asayişin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

Sаğlаm vətəndаş cəmiyyəti qurmаq və güclü dövlət yaratmaq üçün, ilk növbədə, ölkədə sаbitlik və əmin-аmаnlıq olmalıdır. Yаlnız ictimаi аsаyişin bərqərаr olduğu cəmiyyətdə inkişаf mümkündür. Onа görə də ümummilli lider Heydər Əliyev bu sahədə zəngin qanunvericilik bazası yaratmış, cinаyətkаrlığа qаrşı mübаrizə üzrə nоrmаtiv-hüquqi аktlаr, ən əsası isə 1999-cu ildə “Polis hаqqındа” Azərbaycan Respublikasının Qаnunu qəbul edilmişdir.  Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olubdu. Azərbaycan polisi Birinci Qarabağ Müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb. Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurlu olub. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.

2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb.Daim yüksək peşəkarlıq nümayiş etdirən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdi. Müharibədə doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq, yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirir. Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna, o cümlədən DİN-in Daxili Qoşunlarının fəaliyyətinin təkmilləşdirilməsinə, xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların mükafatlandırılmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ötən il fevralın 13-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirakı, eləcə də dövlət başçısının Azərbaycan Polisi Günü ərəfəsində - iyulun 1-də imzaladığı Sərəncamla nazirliyin bir qrup əməkdaşının təltif etməsi bunun əyani göstəricisidir.

2 İyul – Azərbaycan Polisi Günü ərəfəsində Daxili İşlər Nazirliyinin (DİN) müxtəlif struktur qurumlarına aid dörd yeni inzibati bina istifadəyə verilib. Həmçinin kibercinayətlərə qarşı əks tədbirlərin gücləndirilməsi, sistemli və daha məqsədyönlü aparılması, müvafiq sahədə vətəndaş məmnunluğunun təmin edilməsi üzrə fəaliyyətin beynəlxalq standartlara uyğun iş şəraitində həyata keçirilməsi məqsədilə DİN-in Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin yeni inzibati binası tikilib, istifadəyə verilib. Təhsilalanların sosial və məişət şəraitinin müasir tələblər səviyyəsinə yüksəldilməsi məqsədilə nazirliyin yeni Təlim-Tədris Mərkəzi inşa edilib.

Bu gün ölkəmizdə ictimai asayişin və ictimai qaydanın keşiyində ayıq-sayıq dayanan Azərbaycan Polisi istənilən təxribatın qarşısının operativ şəkildə alınmasında yüksək peşəkarlığa malikdir. Daxili işlər orqanlarının əməkdaşları bu yüksək peşəkarlığı "Bravo” mağazalar şəbəkəsinə məxsus hipermarketə hücum zamanı nümayiş etdirdilər. Həmin terror hadisəsini törətməkdə şübhəli bilinən şəxslərin dərhal zərərsizləşdirilməsi polisin növbəsi uğurlu əməliyyatlarından biri oldu. Azərbaycan Polisi silahlı yolla mütəşəkkil cinayətkar qrupların Azərbaycanın konstitusion quruluşuna çıxanlara qarşı qətiyyətlə mübarizə aparır. Belə ki, polis əməkdaşlarımız bir neçə səsli-küylü cinayətlərin, o cümlədən Milli Məclisin deputatı Fazil Mustafanın həyatına sui-qəsd cinayəti törədənlərin saxlanılmasını təmin ediblər. Laçın-Xankəndi yolunda təşkil olunan ekofəalların aksiyasında Azərbaycan Polisi nümunəvi xidmət göstərdi. Polis əməkdaşları aksiya iştirakçılarının təhlükəsizliyini və mühafizəsini yüksək səviyyədə təmin etdi.

Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Bu gün hüquq-mühafizə orqanlarının fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, peşəkarlıq səviyyəsinin artırılması, ixtisaslı və geniş dünyagörüşü gənc kadrların hazırlanması kimi üzərilərinə düşən əsas vəzifələri layiqincə yerinə yetirməsi nəticəsində Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Belə ki, ölkəmizin kriminal indeksi Litva, İspaniya, Macarıstan kimi Avropa İttifaqı ölkələrindən daha aşağıdır. Ötən il Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 89,7 faizi açılıb. Ağır və xüsusilə ağır cinayətlərin 85,3 faizi, şəxsiyyət əleyhinə qanun pozuntularının 98,2 faizi açılıb.Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı şərəflə doğruldur.

Mustafa KAMAL,

“Respublika”