Mədəni irsin qorunub saxlanılması əsas prioritetdir
Digər xəbərlər

Mədəni irsin qorunub saxlanılması əsas prioritetdir

"Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi". Ölkə başçımız bu fikirləri may ayının 10-da ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan xalqa müraciətində səsləndirmiş, ulu öndərin ən böyük arzusunun Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək olduğunu vurğulamışdır.

İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu qəhrəmanlıq, cəsurluq, vətənpərvərlik nümunəsi göstərdi, düşməni torpaqlarımızdan qovub, ərazi bütövlüyümüzü təmin etdi.

Şuşanın azad olunması isə hərb tariximizdə yeni bir səhifə açdı. Heç bir artilleriyadan istifadə etmədən peşəkarlıq, milli ruh nümayiş etdirən igid oğullarımız yağı düşməni Şuşada əliyalın məğlub etdi, Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu gün vaxtilə düşmən tapdağında olan ərazilərimizin hər birində qürurumuz, iftixarımız olan üçrəngli bayrağımız dalğalanır.

Üç əsrə yaxın yaşı olan, "Şərqin konservatoriyası" adlandırılan, bütün dünyada mədəniyyət mərkəzi kimi tanınan qədim qala şəhəri Şuşa əvəzsiz sənət nümunələri - Xan, Qaxal mağaraları, Xurşidbanu Natəvanın, artilleriya generalı Mehmandarovun, şair-rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, əsas ticarət mərkəzi olan Rastabazar, Daşaltı dərəsi, Cıdır düzü, möhtəşəm qala divarları, memarlıq üslubu ilə inşa olunan sənət inciləri ilə nəsillərdən-nəsillərə yadigar qalmışdır. 30 ilə yaxın erməni işğalında qalan bu qədim şəhərin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində bu gün genişmiqyaslı infrastruktur layihələr həyata keçirilir. Zəfər yolunun çəkilməsi ilə başlanan bərpa işləri uğurla davam etdirilir. Magistral yolun inşası, elektrik təsərrüfatının bərpası, yarımstansiyaların tikintisi, bu qədim şəhərə suyun verilməsi görülən işlərin sırasındadır. Şəhərdə 200-ə yaxın tarixi abidə bərpa edilir, Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərinə Məkkədən gətirdiyi "Qurani-Şərif"i bağışlayan dövlət başçımızın göstərişi ilə bu müqəddəs yerlərimiz əsaslı təmir olunmuşdur. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi özündə yaşadan, Azərbaycanın unikal mədəniyyət mərkəzi, milli memarlığımızın və orta əsr şəhərsalma sənətimizin qiymətli abidəsi, Qarabağ xanlığının mərkəzi olan Şuşanın əvvəlki şöhrətinin özünə qaytarılması üçün böyük işlər görülür. İşğal dövründə dağıdılmış evlərdə bərpa işləri aparılır, həmçinin yeni yaşayış məntəqələri, yeni məktəb, xəstəxana binaları, məscid və otel kompleksi inşa olunur. Mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixiliklə müasirliyin vəhdətində qurulur, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Azərbaycanın dilbər guşəsi olan bu qədim şəhərin erməni vandalizminə məruz qalan tarixi abidələrinin bərpası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.

Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərinin memarlıq abidələrindən biri də Saatlı məhəlləsində yerləşən Saatlı məscididir. Ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınan, 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunan məscid 1992-ci il mayın 8-də Şuşa Ermənistan tərəfindən işğal olunduqdan sonra xarabalığa çevrilmiş, interyeri tamamilə, minarəsi isə qismən dağıdılmışdır. Həm ərazisi, həm də memarlıq quruluşu ilə şəhərin digər məhəlli məscidlərindən fərqlənən, XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin bərpasına 2021-ci ildə Heydər Əliyev Fondu tərəfindən başlanılmış və bu ilin may ayında məscidin açılışı olmuşdur. XVIII əsrdə Mehmandarov nəslinin nümayəndələri tərəfindən inşa edilən, Qarabağın işğalı zamanı dağıdılan Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidində və bulaqda təmir-bərpa işləri aparılıb. Bərpa işlərindən sonra kompleksdə qurulan muzey ekspozisiyasında XIX əsrin sonu - XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb.

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi vandalizm aktlarının başlıca istiqamətlərindən biri də mədəni irsimizə yönəlmişdir. İşğalçı dövlətin əsas məqsədi Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi, mədəni irsi yer üzündən silmək olmuşdur. Bu məqsədlə, 30 il ərzində xalqımıza məxsus tarixi abidələri, ziyarətgah və məscidləri, məzarlıqları dağıtmış, yüzlərlə mədəniyyət abidələrimizi yerlə-yeksan etmiş, adlarını dəyişdirib özününküləşdirmiş, tanınmış Azərbaycan ziyalılarının, şair və yazıçıların ev-muzeylərinin yerləşdiyi tarixi binaları, muzeyləri tamamilə məhv etmiş, xalqımızın mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət hesab edilən əməllər törətmişlər. Xalqımızın zəngin mədəni irsinin qorunması, təbliği, ölkəmizdə mədəniyyətin müxtəlif sahələrinin inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Hər zaman olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra da ölkəmizdə mədəni quruculuq işləri özünün ən yüksək zirvəsinə çatıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Ordusunun düşməndən azad etdiyi əzəli yurd yerlərimizdə sosial infrastrukturla yanaşı, bu istiqamətdə də genişmiqyaslı layihələr icra olunur. 30 ilə yaxın işğal altında qalmış, düşmənin yerlə-yeksan etdiyi çoxəsrlik mədəni abidələrimizin bərpası istiqamətində ardıcıl işlər həyata keçirilir.

Mehparə ƏLİYEVA,

"Respublika".