Doğma torpaqlara əbədi qayıtmışıq
Siyasət

Doğma torpaqlara əbədi qayıtmışıq

44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaratdı, həqiqət, ədalət zəfər qazandı. Əlbəttə, işğalçı Ermənistan üzərində ildırımsürətli qələbə onun himayəçilərini, ermənidən çox ermənilik edən ölkələri, dünyanın bətnində qara yaraya çevrilmiş erməni lobbisini şoka saldı və bu qüvvələrə ağır zərbələr dəydi.

Hazırda bölgədə iki ölkə arasında yaranan sülh fürsəti, gələcək əməkdaşlıq və kommunikasiyaların açılması istiqamətində rəsmi Bakının mövqeyi sabit və dəyişməzdir.

Araqatanların, naxələflərin, ermənilərə "qorxma" deyənlərin niyyətlərinə, islam din pərdəsinə bürünən, əslində isə ermənilərdən çox ermənilik edən, nifaq salmağa, suyu bulandırmağa cəhd edən bədnam qonşunun çabalarına baxmayaraq, Azərbaycanın hərbi, siyasi, mənəvi-psixoloji üstünlüyü qara qüvvələrin qarşısına möhkəm sipər çəkib. Azərbaycan bölgədə sülhün, əmin-amanlığın, sabitliyin, inkişafın, tərəqqinin, əməkdaşlığın mərkəzinə çevrilib, bir çox beynəlxalq tədbirlərin işğaldan azad edilən, həm tarixi, həm də modern şəhərsalma üslubunda bərpaolunan, yenidən qurulan Şuşa şəhərində keçirilməsi hər birimizdə qürur hissi yaradır, düşmənin vurduğu yaraları sağalan Şuşanı indi bütün dünya tanıyır. Sıldırım qayalar üzərində inci kimi bərq vuran bu qədim şəhər bura gələn və bu nadir gözəlliyi görən əcnəbiləri sözün əsl mənasında ofsunlayır. Prezident İlham Əliyevin dediyi kimi, biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır. Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq. Bəli, ən fərəhli hal odur ki, işğaldan azad edilən torpaqlara Böyük Qayıdış başlayıb və uğurla davam etdirilir. Bu hadisənin dünyada analoqu yoxdur, işğaldan azad edilən ərazilərdə düşmən tərəfindən dağıdılan, yandırılan, xarabalığa çevrilən, minalarla çirkləndirilən şəhər və qəsəbələrə üç ilə yaxın bir müddətdə insanların qayıdışı Azərbaycanın iqtisadi gücünün ən layiqli göstəricisidir.

Ötən müddətdə dövlətimizin başçısı İlham Əliyev işğaldan azad olunan ərazilərə dəfələrlə səfərlər edir, Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa, quruculuq, yenidənqurma işləri ilə özü şəxsən yerindəcə tanış olur, tövsiyə və tapşırıqlarını verir. Digər tərəfdən, Prezidentimiz həmin bölgələrdən havadarlarının diktəsi, təhdidi altında çabalayan Ermənistana, erməni xalqına, Qarabağdakı erməni vətəndaşlarımıza, Avropanın bəzi dövlətlərinə mesajlar verir. Elə bu günlərdə Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev Xocalı rayonunun Çanaqçı və Sığnaq kəndlərinə baş çəkdi, təbiətin əsrarəngiz mənzərələrini seyr etdi. Dövlətimizin başçısı həmin iki kəndə səfəri ilə Xocalını erməniləşdirmək istəyənlərə, qərargahını orada yerləşdirən sülhməramlılara, Xocalını əldə saxlayacaqlarını vəd edən separatçılara, Ermənistanın Qarabağdakı ordusunun qalıqlarına, Xankəndidə və ətraf ərazilərdə gizlənən daşnaklar, xunta rejimi, onların havadarları, Rusiyanın bölgədəki sülhməramlılarının komandirlərinə və digərlərinə açıq şəkildə mesaj verdi ki, biz gəlirik, bu gün Çanaqçıdayıq, sabah Xocalıda, Xankəndidə, Ağdərədə olacağıq, qarşımızı isə heç bir qüvvə ala bilməyəcək, çünki biz öz torpaqlarımızdayıq, haqq və hüquq bizim tərəfimizdədir. Qarabağın dağlıq hissəsində Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasındakı qondarma rejim "başçı"larının Azərbaycana qarşı "aksiya" şousunun davam etdiyi, quldur erməni silahlı dəstələrinin Xocalı istiqamətində atəşkəsi davamlı şəkildə pozulduğu əkin işləri adı altında hərbi mövqelər qurmağa cəhdlər edildiyi bir vaxtda dövlətimizin başçısının həmin kəndlərə səfəri bir daha Azərbaycan  mövqeyində nə qədər qətiyyətli və revanşist qüvvələrə qarşı barışmaz olduğunu açıq-aydın göstərdi və onlara sonuncu xəbərdarlıq edildi.

Görünən odur ki, Xankəndidə təşkil edilən "aksiya" şousunda Rusiya sülhməramlılarının barmağı var. Təbii ki, bunun haradan sifariş edildiyi də məlumdur. Çox təəssüf ki, yenə də sadə erməni ailələrinin faciəsi üzərində oyunlar qurulur, şoular təşkil edilir, Xankəndidəki dırnaqarası rejimin nökərləri "müqavimət"dən, "müharibə"dən, "mübarizə"dən dəm vururlar. Hansı ki, o separatçı "qəhrəman"lar İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizlənmişdilər. Öz xalqını əzab və zillətə məhrum edən həmin buqələmunlar dara düşən kimi yenə də aradan çıxacaqlar. Separatçılar və onları müdafiə edən Rusiya sülhməramlıları Qarabağın erməni əhalisinin reinteqrasiyasına ciddi "müqavimət" göstərirlər, eyni zamanda ermənilər Xocalıda sülhməramlıların qərargahı önündə aksiya keçirirlər. Ermənilərin kartı artıq açılıb, onların şüvəninə və saxta göz yaşlarına inanan qalmayıb. Prezident İlham Əliyevin Xocalının işğaldan azad edilən kəndlərinə səfəri həm Ermənistana, eyni zamanda onun hamilərinə bu torpağın gerçək sahibinin kim olduğunu nümayiş etdirdi və önəmli mesaj oldu. Dövlətimizin başçısı "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışında dünyada baş verən hadisələri siyasi məharətlə şərh edərək bəzi ermənipərəst dövlətlərə də xəbərdarlıq etdi: İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonra Ermənistana yaxınlığı ilə seçilən ölkələr öz ermənipərəst mövqelərini daha gizlədə bilmədilər, yaxud da bunu istəmədilər. Ancaq bu o demək deyil ki, bu, əbədi belə olacaq. Bu mərhələ də başa çatacaq, yeni mərhələ açılacaq. Əsas odur ki, sənin gündəliyin olsun. Biz postmüharibə dövründə hər şeyi ardıcıllıqla etmişdik, bir addım əvvəlki addımın məntiqi davamı idi. Biz hədəfə doğru gedirdik, gedirik və bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var, onlara çatmamışıq, amma onlara da çatacağıq.

Rəsmi Bakının İrəvana təklif etdiyi 5 maddəlik sülh gündəliyi beynəlxalq aləmdə dəstək qazanırsa, Azərbaycanın yaratdığı geosiyasi reallıqlar bu gün artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunursa, bu reallıqları artıq Ermənistan rəhbərləri də qəbul edirsə, demək, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz bir çox hədəflərə çatmışıq. Qarşımızda isə əsas məsələ dayanır, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası, separatçı quldur dəstələrinin Azərbaycan ərazilərindən tamamilə çıxarılması. Qeyd edək ki, rəsmi Bakı öz ərazisində olan qondarma rejim qalıqlarının təmizlənməsi, onların Qarabağdan tamamilə çıxarılması məsələsində qərarlıdır və bu istiqamətdə artıq ciddi proseslər gedir. Dəfələrlə rəsmi şəkildə bildirilir ki, ərazimizdəki erməni azlığının hüquqları və təhlükəsizliyi Konstitusiyamıza uyğun olaraq qorunacaq. Digər xalqların nümayəndələrinə Azərbaycanda hansı hüquqlar, səlahiyyətlər verilirsə, ermənilərə də eyni hüquqlar veriləcək. Yəni ermənilər öz kirli niyyətlərindən əl çəkməlidirlər. Etnik azlıq kimi yaşamalıdırlar. Bu isə anti-Azərbaycan təbliğatı aparan, guya Azərbaycan Qarabağ ermənilərini blokadaya alıb, onlara qarşı dözülməz vəziyyət yaratdığı barədə görüntü yaratmaq məqsədilə "aksiya" şouları üzərində düşünən qüvvələrin çıxardıqları oyunun təlxəklikdən başqa bir şey olmadığının təsdiqidir. Göründüyü kimi, rəsmi Bakının mövqeyi kifayət qədər konstruktiv və aydındır. Azərbaycan dövləti bölgədə regionda sülhü, sabitliyi ən çox istəyən tərəfdir. Prezident İlham Əliyev Cənubi Qafqazın inkişafı barədə danışarkən deyib ki, bilirsiniz, əslində, regional inkişaf, - Cənubi Qafqazı nəzərdə tuturam, - əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Ermənistan həqiqətən də regional inkişaf, sülh, sabitlik tərəfdarıdırsa Azərbaycan Prezidentinin bu çağırışına konstruktivlik nümayiş etdirməlidir. Qaldı ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsi, bu Azərbaycanın daxili işidir. Artıq hər iki xalq düşünür ki, sülh uzaq göründüyü qədər, eyni zamanda çox yaxındır. Dövlətimizin başçısı da növbəti dəfə bildirdi ki, əgər Ermənistan ərazi iddialarından imtina etsə, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündür. Başqa yol isə yaxşı heç nə vəd etmir.

Əslində, Azərbaycanın 7 şəhərini, yüzlərlə kəndini dağıdaraq xarabalığa çevirən, təbii sərvətlərimizi talan, mədəni və dini abidələrimizi təhqir edən, işğal altında saxladıqları yerlərin flora və faunasına görünməmiş vəhşiliklə ziyan vuran Ermənistanın insan hüquqlarından danışması absurddur. Danışıqlarda ərazi bütövlüyünü, sərhədlərin tanınmasını, sülh sazişinin bağlanılmasını qəbul etdiyini bildirən Ermənistan sonradan başqa mövqedə dayanır. Erməni hiyləgərliyi ilə xalqını dünyaya qurban kimi qələmə verir, haqqı, ədaləti yanıltmağa çalışır. Həqiqətdə isə Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının və sülhün tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Ermənilərin xəyalları, arzuları puç olub, nə qədər çabalasalar da, təxribat törətsələr də, ağalarından imdad diləsələr də Qalib Azərbaycan öz qəti mövqeyini ortaya qoyub. Otuz ilə yaxın işğal altında qalan dövlət sərhədləri bərpa edilib. İşğaldan azad edilən torpaqlarda gələcək inkişafın istiqamətləri ardıcıllıqla, qətiyyətlə müəyyən edilir. Hər şeydən əvvəl postmüharibə dövrünün üçüncü ilində ölkəmizdə qazanılan nailiyyətlər göz qabağındadır. Qarabağda və Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərdə quruculuq, yenidənqurma işlərinin aparılması, xüsusən həmin ərazilərdə su, külək, günəş elektrik stansiyalarının inşası, yeni avtomobil və dəmiryollarının çəkilməsi, hava limanlarının istifadəyə verilməsi, məktəblərin tikintisi, mədəni və dini abidələrin bərpa edilməsi və düşmənin torpaqlarımıza basdırdığı minaların təmizlənməsi Azərbaycan dövlətinin böyük gücünü və sarsılmaz iradəsini göstərir.

Salman ALIOĞLU,

"Respublika".