Demokratiyanın təntənəsi
Siyasət

Demokratiyanın təntənəsi

2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin birlik və demokratiya şəraitində keçməsini bütün dünya gördü. Seçicilərin göstərdiyi fəallıq və seşki mədəniyyəti uğurlarımızın təntənəsi olmaqla Vətənimizin çiçəklənməsinə, ölkəmizin gələcək inkişafına verilən səs oldu.

Demokratik seçkilər, cəmiyyətin inkişaf ənənələrinin varisliliyini təmin edən vasitədir. Azərbaycanda demokratik seçki ənənələrinin formalaşması dövlət müstəqilliyinin bərpasından sonra əldə edilən böyük tarixi nailiyyətlərdən biridir. Ölkəmizdə keçirilən bütün seçkilər müstəqil dövlətimizin seçki təcrübəsində mühüm irəliləyişlər ilə səciyyəvidir. Demokratik seçkinin əsas şərti aşkarlıq, şəffaflıq və obyektivlikdir. Bütün demokratik cəmiyyətlərdə seçicilərin azad seçim hüququna kənar müdaxilələrin minimuma endirilməsi üçün onların gizli səs vermək hüquqları təmin olunmuşdur. Son seçkilərin nəticələrinə nəzərən bir daha təsdiqlənmişdir ki, Azərbaycan cəmiyyəti Ulu Öndərin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir.

Azərbaycan xalqının iradəsini əks etdirən prezident seçkiləri xalqın İlham Əliyevə olan inamını və etimadını bir daha təsdiq etdi. Cənab İlham Əliyevin yenidən Prezident seçilməsi Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi, tərəqqisi, rifahı və ali məqsədlərimizin reallaşdırılması yolunda bütün işlərdə davamlı nailiyyətlər deməkdir.

Dünya maraqla Cənubi Qafqazın ən potensiallı ölkəsində seçkilərin necə keçəcəyini səbirsizliklə gözləyirdi. Bir sıra siyasi dairələrin Azərbaycana qarşı qərəzli münasibəti fonunda bu məsələ əlavə aktuallıq kəsb edirdi. Prezident seçkisi ərəfəsində Azərbaycan ətrafında müəyyən qüvvələr qarayaxma kampaniyası aparmağa cəhd göstərdilər. Onlar ölkə haqqında yalan informasiyalar yaymaqla, öz məqsədlərinə çatmağa çalışdılar. Bunun, əsasən, Qərbdən qaynaqlandığı sirr deyil. Bəzi beynəlxalq təşkilatlar seçkiyə bir neçə gün qalmış onun demokratik qaydada keçməyəcəyi haqqında absurd iddialar ortaya atdılar. Təəssüf ki, həmin sırada Avropanın siyasi institutları da vardı. Xüsusilə insan haqlarının müdafiəsi ilə "məşğul olanlar" hay-küy saldılar.

Azərbaycanın uğurlarına qısqanclıqla yanaşanların bu kimi əməlləri yeni deyil. Dəfələrlə analoji hadisələrin şahidi olmuşuq. Lakin indiki halda məsələ daha ciddi geosiyasi kontekstlə əlaqəlidir. Yaxın Şərqdə cərəyan edən faciəvi hadisələrin fonunda kimlərinsə Cənubi Qafqazı da qarışdırmaq istəyi özünü göstərir. Əsas hədəf kimi də sürətlə inkişaf edən, demokratik islahatları ardıcıl həyata keçirən ölkəmiz seçilir. Ancaq Azərbaycan hamıya sübut etdi ki, həm müstəqil siyasət yürütməkdə, həm də demokratik normalara sadiqlikdə qətiyyətlidir. Onu bu yoldan heç kəs döndərə bilməz. Azərbaycanda prezident seçkisinin yüksək səviyyədə keçməsinin böyük geosiyasi əhəmiyyəti vardır. Bu proses faktiki olaraq bir çox dairələrə mesaj verdi. Birincisi, xaricdə olan və Azərbaycana qarşı daim qərəzli mövqe tutanlar gördülər ki, cəmiyyət hakimiyyəti tam dəstəkləyir, onun həyata keçirdiyi siyasətin doğru olduğunu dərk edir. Azərbaycanda sabitliyin əsas təminatı iqtidar-xalq birliyindədir.

İkincisi, vətəndaşların seçki mədəniyyəti yüksək səviyyədədir. Bu keyfiyyətə görə Azərbaycan Ermənistan və Gürcüstandan xeyli irəlidədir. Seçki günü insanlar aktiv surətdə məntəqələrə axışıb, demokratiya qanunlarına uyğun səs verdilər. Bu zaman nə seçki məntəqəsində çalışanlar, nə də seçicilər tərəfindən hansısa qanun pozuntusu olmayıb. Bu, ardıcıl və məqsədyönlü işlərin nəticəsidir.

Üçüncüsü, səsvermənin yüksək səviyyədə və demokratik qaydalara tam uyğun təşkil edilməsi onu sübut edir ki, Azərbaycan rəhbərliyi müstəqil daxili və xarici siyasət kursunu davam etdirməkdə qərarlıdır. Olduqca vacib olan bu məqam, hər şeydən əvvəl, dövlətin gücünün kifayət qədər olduğunu nümayiş etdirir. Azərbaycan rəhbərliyi kənardan olan heç bir təzyiqə boyun əyməyəcək. Eyni zamanda, demokratik inkişaf yolundan, vətəndaş cəmiyyəti quruculuğu kursundan da dönməyəcək. Müstəqil Azərbaycan dövləti demokratik tərəqqi xəttinə tam sadiqdir.

Aiza ŞABANOVA,

“Respublika”.