Vətən yolunda...
Sosial həyat

Vətən yolunda...

Azərbaycan ordusunun zabiti Vətən müharibəsi şəhidi Əsədov Əsəd Cəmaləddin oğlu 29 mart 1978-ci ildə Neftçalanın Tatarməhlə kəndində anadan olub. 1995-ci ildə şəhər 1 saylı orta məktəbi bitirərək Bakı Dövlət Universitetinə qəbul olub. 1999-cu ildə BDU-nun İqtisadiyyat fakültəsini bitirib. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətini baş leytenant kimi başa vurub. 2007-ci ilə qədər Əhalinin Sosial Müdafiə Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsində və müxtəlif banklarda işləyib.

Əsəd 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib. Əsəd kimi oğullar 44 günlük Vətən müharibəsi adlı tarixin hər səhifəsini canı və qanı hesabına yazdılar.

Atası Cəmaləddin kişi: "Əsəd haqqında keçmişdə danışmaq çox çətindir. Sonuncu dəfə ailəsinə zəng edəndə valideynləri ilə də vidalaşıb. Belə bir deyim var, "evdən getmədi, eldən getdi". Uşaqlıqdan həmişə davranışı və qabiliyyəti ilə hər kəsin rəğbətini qazanmışdı. Ailəmizə, nəslimizə hər zaman başucalığı gətirib. O, mənim üçün sağdır. Elə bilirəm ki, sabah, ya birisi gün qayıdacaq".

Əsədin haqq savaşımızda tanış olduğu, sonradan dostluğa çevrilən silahdaşlarından biri də həkim Elpay Şükürovdur. Döyüş meydanında güllə yağışının, mərminin altından yüzlərlə yaralını təxliyə edən həkimin sözlərinə görə, Əsədlə sentyabrın 21-i təlimlərdə tanış olub: "On beş gün birlikdə təlimlərdə olduq. Çox möhkəm dostluğumuz yarandı. Vətən müharibəsi başladı, bizim bölüklər ayrı-ayrı istiqamətlərdə döyüşə girdi. Döyüş yoldaşlarının içərisində hörməti vardı. Oktyabrın ortalarında eşitdim ki, şəhid olub, çox üzüldüm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onu tanıdığıma görə fəxr edirəm, hər zaman qəlbimizdə yaşayacaq".

42 yaşında şəhidlik məqamına yüksələn Əsədin özündən 3 yaş kiçik olan qardaşı Elsevər hələ də onun yoxluğuna inana bilmir: "O, hər birimizi, valideyinlərimizi, övladlarımızı, Vətənimizi qorudu. Bu yolda canını fəda etdi".

 2007-ci ildə Ülkər xanımla ailə quran Əsədin bu izdivacdan 3 övladı dünyaya gəlib. İki oğlu - Cəmaləddin, İslam və qızı Selin. Əsəd haqq savaşımızda son nəfəsinədək döyüşərək şəhadətə ucalanda 10 aylıq Selinin şəklini öpərək gözlərini əbədilik yumub. Əsəd Vətən müharibəsində işğalçı Ermənistan ordusuna qarşı 16 gün mərdliklə vuruşub və Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə - oktyabrın 13-ü düşmən snayperindən açılan güllə ilə şəhidlik zirvəsinə ucalıb. Əsəd Cəmaləddin oğlu Əsədov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə"medalları ilə təltif edilib.

M.MİRZƏ,

"Respublika".