Vətən torpağı igid oğulları ilə ucalır
Sosial həyat

Vətən torpağı igid oğulları ilə ucalır

Brinci Qarabağ Savaşı zamanı 162, 44 günlük Vətən müharibəsində isə 30 balakənli şəhidlik məqamına yüksəlib... Şəhidlik ən ali, müqəddəs şərəfli zirvədir. Onlar yüksək əxlaqi keyfiyyətlərə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar.

Bunlardan biridir Nəcməddin Əli oğlu Sarkayev. 1999-cu il oktyabrın 9-da Balakən rayonunun Şərif kəndində anadan olub. 2006-2017-ci illərdə N.Davudov adına 1 saylı Şərif kənd tam orta məktəbində təhsil alıb.

2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır. Bu savaşın ilk günündən yüzlərlə vətənpərvər Azərbaycan gənci könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdi. Belə gənclərdən biri canı, qanı ilə yaşadığı torpağa, Vətənə bağlı olan Sarkayev Nəcməddin Əli oğlu idi.

Ailədəki üç övladdan evin sonbeşiyi olan Nəcməddin 2017-2019-cu illərdə Tərtər rayonunda "N" saylı hərbi hissədə hərbi xidmət keçmişdi. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıdakı iri ticarət mərkəzlərindən birinin təhlükəsizliyini təmin edən "Sabit Mühafizə Xidməti" MMC- mühafizəçi olaraq işləyən Nəcməddin kollektiv arasında səmimiyyəti, mehribançılığı işgüzarlığına görə hər kəsin hörmətini qazanmışdı.

Vətən müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə yola düşdü. Döyüşlərin birində yaralandı. Müalicəsi bitər-bitməz yenidən cəbhə xəttinə, torpaqlarımızı işğaldan azad edən döyüş yoldaşlarının yanına yollandı. Azərbaycan gəncinin millətinə, dövlətinə torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan Nəcməddin Sarkayev doğulduğu Balakən rayonuna şəhid kimi qayıtdı.

Şəhidlik əbədiyyət zirvəsidir. Nəcməddin Sarkayev artıq doğma kəndinin, rayonunun deyil, bütün Azərbaycanın qəhrəman oğludur. Onun əziz xatirəsi çalışdığı kollektivdə daim ehtiramla yad ediləcək. İş yoldaşlarının şəhid olması xəbərini üzüntü ilə qarşılayan kollektivin hər bir üzvü eyni zamanda belə cəsur, vətənsevər bir gənclə bir yerdə çalışdıqları üçün qürur hissi keçirirlər.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Nəcməddin Əli oğlu Sarkayev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir

Nəcməddin Sarkayev yağı düşmən üzərində şanlı Qələbəni görə bilməsə , bu gün ruhu şaddır. Çünki Vətən torpağı şəhidləri ilə ucalır.

Xalqımız şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizi unutmur, daim yad edir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlətimizin suverenliyi xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş Nəcməddin kimi qəhrəman oğullarımız müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi hesab edilir.

M.MİRZƏ,

"Respublika".