Uşaqlar efir dalğalarında
Sosial həyat

Uşaqlar efir dalğalarında

Dekabrın 11-i Uşaqların Beynəlxalq Televiziya və Radio Günüdür. Qeyd edək ki, bu bayram günü BMT-nin Uşaq Fondu (UNİCEF) tərəfindən 1994-cü ilin aprelində Kann şəhərində elan edilib. O vaxtdan bəri, hər il dekabrın ikinci bazar günü dünyanın bir çox böyük teleradio şirkətləri efiri uşaqların ixtiyarına buraxır.

Azərbaycanda uşaqlara göstərilən diqqət və qayğı hər zaman yüksək səviyyədə olub. Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanunu imzalanıb. Dövlət qayğısının daha bir nümunəsi isə 22 iyun 1999-cu il tarixdə qüvvəyə minmiş "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur.

Uşaqlıq insanın ən məsum, xoşbəxt, qayğısız günləridir. 1998-ci ilin dekabrında Beynəlxalq Televiziya və Radio Günü münasibətilə "Uşaqlar dünyanın sevincidir" devizi altında keçirilən mərasimdə çıxış edən Ümummilli lider Heydər Əliyev də bunu vurğulayaraq deyib ki, Azərbaycanın böyük söz ustaları, şairləri, yazıçıları, incəsənət xadimləri, musiqiçiləri, müğənniləri var. Onların hər birinin fəaliyyətini yüksək qiymətləndirən ulu öndər daha sonra qeyd edib: "Ancaq mən öz təəssüratımı deyirəm, - hansı mərasimdə, hansı konsertdə uşaqlar çıxış edirsə, öz istedadlarını göstərirsə, onların çıxışları tamaşaçılara, dinləyicilərə bütün tanınmış sənət ustalarının çıxışlarından daha da çox təsir bağışlayır". Ulu Öndər vurğulayır ki, böyük sənət ustası, peşəkar incəsənət xadimi öz istedadını inkişaf etdirmək üçün böyük bir yol keçib, lakin azyaşlı uşaqlar mahnı oxuyursa, rəqs edirsə bu insanı daha çox sevindirir, çünki burada heç bir hazırlıq yoxdur.

Azərbaycanda daim uşaqların, gənclərin inkişafı istiqamətində böyük işlər görülüb. Çünki ölkəmizin siyasətində onlar bizim gələcəyimiz kimi mühüm yer tutur. Bunu həm Heydər Əliyevin, həm də onun siyasi kursunu uğurla davam etdirən İlham Əliyevin fikirlərində də görmək mümkündür. Uşaqların çox vaxt ona baba deməsinə münasibət bildirən ümummilli lider deyib: "Mən həqiqətən həyatda babayam. Ancaq kimsə mənə baba deyirsə, bilsin ki, mən onun da babasıyam. Mən sizi - Azərbaycanın bütün uşaqlarını, bütün gənclərini həqiqətən ata, baba məhəbbəti ilə sevirəm və bu sevgi ilə, bu məhəbbətlə də sizin hamınıza cansağlığı, səadət arzulayıram". Azərbaycanın hər bir uşağını öz nəvəsi kimi görən Ulu Öndər onların gələcəyi üçün çalışıb. Qarşılıq olaraq isə onlardan yaxşı oxumalarını, gələcəkdə özlərinə yer tapmaq, mükəmməl hazırlaşmalarını, Azərbaycanın gələcəyinin qurucuları olmalarını istəyib.

Fəxrlə qeyd etmək olar ki, uşaq və gənclərə ayrılmış diqqətin, qayğının ildən-ilə artırılmasında Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu böyükdür. Ölkəmizdə demək olar ki, hər il yeni məktəblər tikilir, təmir olunur, idman kompleksləri yaradılır.

Bu gün bir çox televiziya kanalları uşaqlar üçün maraqlı verilişlər hazırlayır. Uşaqlar üçün yaradılmış "ARB Günəş" kanalında balacaların marağına səbəb olan "Çərpələng", "Mərcangildə", "Biz nə fikirləşirik", "Təhsil millətin gələcəyidir", "Günəşin nağılı" kimi verilişlər onlara həm yeni, maraqlı məlumatlar verir, həm də əyləndirir. Bunlara nümunə kimi Mədəniyyət TV kanalında yayımlanan "Nağıl vaxtı" verilişini də göstərmək olar. Bu kimi layihələr uşaqların dünyagörüşünün, təfəkkürünün inkişafına xidmət edir.

Uşaq verilişləri balacaları öz potensialı çərçivəsində marağına uyğun məşğuliyyət tapmağa sövq edir. Onları kitab oxumağa, rəsm çəkməyə həvəsləndirir. Lakin təəssüfləndirici məqam isə odur ki, ölkədə telekanal və radioların sayı artsa da uşaq verilişlərinin sayı azalır. Televiziya və radioda uşaq verilişlərinin sayı nə qədər çox olsa, onların bilik səviyyəsini artırar. Bu cəhətdən ümid edirik ki, balaca teleseyrçiləri, dinləyiciləri nəzərdə tutan verilişlərin sayı artacaq. Bununla da uşaqlarımız, gələcəyin qurucuları sağlam, ağıllı şəkildə böyüyəcəklər.

Nurcan SÜLEYMANOVA,

"Respublika".