Uşaq hüquqlarının qorunması gələcəyə zəmanətdir
Sosial həyat

Uşaq hüquqlarının qorunması gələcəyə zəmanətdir

25 may Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günüdür

Dünyanın bir çox sirlərindən agah olan bəşər övladı Uca Tanrının onun xoşbəxt, qayğısız yaşaması, gözəlliyindən zövq alması üçün yaratdığı dünyanı nəinki qorumur, bəzən etdiyi yanlışlıqlarla onu məhvə sürükləyir, gərdişini pozur. Bu gün bir gözü gülüb, bir gözü ağlayan çağdaş dünyamız qanlı müharibələr, münaqişələrlə çalxalanır, qırğınlar törədilir, yer üzünün əşrəfi sayılan insanın əqli, zəkası, əməyi sayəsində qurulan şəhərlər dağıdılır, yurd-yuvasından məcburi köçkün düşənlər dünyanın dörd bir tərəfinə səpələnir.

Dilindən, dinindən asılı olmayaraq sülhün, əmin-amanlığın bərqərar olmasını istəyənlər başı üstündə aydın səma, parlaq günəş görmək arzusu ilə yaşayırlar. Gələcəyimiz olan uşaqların normal şəraitdə, sağlam mühitdə, xeyirxah, vətənpərvər, azad böyümələri, yüksək təhsil alıb cəmiyyətə gərəkli olmaları üçün valideynlər həyatın ən çətin sınaqlarından keçirlər. Təki uşaqlar gülsün... Gülsünlər ki, dünyamız fərəhlənsin... Bu arzunu, istəyi gerçəkləşdirmək isə təbii ki, yalnız bir fərdin, yaxud bir ailənin, cəmiyyətin əlində deyil, böyük güclərin, dünyaya meydan oxuyan, hegemonluq iddiasında olan dövlətlərin ixtiyarındadır. Dünyanın nizamını pozmağa çalışan bu supergüclərin təhrikilə yaranan münaqişələr isə zaman-zaman qanlı müharibələrə çevrilir. Özü ilə bəlalar, ölüm-itim, qan-qadalar gətirən müharibələr insanların maddi və mənəvi əziyyətlərə məruz qalması ilə müşayiət olunur. Haqlı və haqsız olması fərq etməz, insan həyatının hədəfə alındığı silahlı qarşıdurmaların baş verdiyi ölkələrin vətəndaşları xəstəlik, zülm, yurd yerlərinin viran qalması, ailələrin dağılması, yaxınların bir-birindən ayrı düşməsi ilə üzbəüz qalırlar. Bəzən illərlə, on illərlə davam edən müharibələrin dəhşətlərini, ağrı-acısını isə ən çox uşaqlar çəkir: özünü müdafiə etməyə gücü yetməyən, valideynlərini itirən, ən dəhşətlisi isə itkin düşən uşaqlar...

Ötən əsrin sonlarında ölkəmizin ərazi bütövlüyünü pozaraq torpaqlarımızın 20 faizdən çox hissəsini işğal edən Ermənistanın təcavüzkarlığı nəticəsində soydaşlarımız doğma yurd-yuvalarından deportasiya edilmiş, tarixi torpaqlarından zor gücünə, amansızlıqla çıxarılan yerli əhali ağır işgəncələrə məruz qalmışdır. İşğalçı dövlət tərəfindən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulmuş, müharibə qaydalarına zidd olaraq mülki əhalinin təhlükəsizliyi təmin olunmamış, əsir və girovlara ağlasığmaz işgəncələr verilmiş, bir çox hallarda öldürülmüş və bu vəhşiliklərin izlərinin itirilməsi məqsədilə cəsədləri gizlətmişlər. İnsanlıq adına sığmayan Xocalı soyqırımı zamanı yüzlərlə azərbaycanlı əsir və girov götürülmüş, həmin insanların taleyi naməlum qalmışdır. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər vətəndaşımız itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır ki, onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərin isə 71 nəfəri yetkinlik yaşına çatmamış uşaqlardır: öldüsü, qaldısı bilinməyən, böyüməyən məsum uşaqlar...

Uşaqların itkin düşməsi yalnız müharibələr, münaqişələr nəticəsində olmur. Valideyn məsuliyyətsizliyindən, uşaqların diqqətsiz qalmaları səbəbindən də evdən ayrılıb bir daha geri dönməyən, pis təsir altına düşüb evdən qaçan, yol-nəqliyyat hadisəsi zamanı qəzada dünyasını dəyişən, lakin hadisəni törədənin cinayəti gizlətməsi nəticəsində haqqında heç bir məlumat olmadığından itkin hesab olunan çoxsaylı uşaqlar var. Bütün bunların fonunda demək olar ki, hər gün dünyada yüzlərlə, bəlkə də minlərlə uşaq itkin düşür, hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir qismi haqqında məlumat əldə olunsa da, böyük bir hissəsi elə itkin hesab edilir.

Bir sıra beynəlxalq və qeyri-hökumət təşkilatları dünyada itkin düşmüş insanların acı və faciəli taleyinə hər kəsin diqqətini cəlb etmək üçün müxtəlif tədbirlər keçirir, onların illərlə gözü yolda qalan doğmalarına təsəlli üçün dəstək olurlar. 25 may tarixi dünyada İtkin Uşaqlar Günü kimi qeyd olunur. Belə ki, 1979-cu ildə həmin gün evdən çıxıb geri qayıtmayan altı yaşlı amerikalı Etan Patz hüquq-mühafizə orqanlarının axtarışları nəticəsində ölü tapılmışdı. Hadisədən dörd il sonra, 1983-cü ildə ABŞ prezidenti Ronald Reyqan 25 may tarixini Milli İtkin Uşaqlar Günü elan etmişdir. 1997-ci ildə isə fəaliyyəti itkin düşmüş uşaqların axtarışına və istismara məruz qalan yetkinlik yaşına çatmayanlara kömək etməyə yönəlmiş Uşaqların Beynəlxalq Axtarışı Mərkəzi (ICMEC) yaradılmışdır. ABŞ-ın bu təşəbbüsü Avropanın bir çox ölkəsi tərəfindən dəstəklənmiş, beləliklə, Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günü təsis edilmişdir. 2020-ci ildən etibarən hər il mayın 25-i bütün dünyada bu gün qeyd olunur.

1980-ci ildə Haaqa Konfransında uşaqqaçırma problemini həll etmək üçün Beynəlxalq Uşaq Qaçırılmasının Mülki aspektləri haqqında Haaqa Konvensiyası hazırlanmış və 187 ölkə tərəfindən təsdiqlənmişdir. Konvensiyanın 11-ci maddəsində iştirakçı dövlətlərdən uşaqların qanunsuz köçürülməsi və saxlanması ilə mübarizə aparmaq və bu istiqamətdə ikitərəfli və çoxtərəfli müqavilələr bağlamaq, mövcud müqavilələrə qoşulmaq, 35-ci maddədə isə milli və ya hər hansı bir məqsədlə, hər hansı bir şəkildə uşaq qaçırılmasının, satılmasının qarşısının alınması təşviq olunur. 1999-cu ildə Uşaq Hüquqları haqqında Konvensiyanın müddəalarına əsaslanaraq "Azərbaycan Respublikasının uşaq hüquqları haqqında" Qanunu qəbul edilmişdir. Ölkəmizdə dövlət tərəfindən uşaqlara göstərilən diqqət və qayğı günbəgün artırılır, uşaq hüquqları ilə bağlı qanunvericilik bazası və hüquqi-normativ aktlar təkmilləşdirilir, uşaq hüquqlarının müdafiəsi, onların əsl vətəndaş kimi formalaşmaları, ilk növbədə isə sağlam böyümələri, lazımi təhsil və tərbiyə almaları üçün ardıcıl tədbirlər görülür.

Gələcəyimiz uşaqları necə tərbiyə etməyimizdən çox asılıdır. Bu baxımdan, uşaqların sağlam, vətənpərvər ruhda böyümələri üçün, ilk növbədə cəmiyyətdə sağlam ailə modeli formalaşmalıdır. Belə ki, hər bir uşağın cəmiyyət üçün yararlı, sağlam düşüncəli, sağlam əqidəli, vətənpərvər ruhda tərbiyə edilməsi valideynin ən ümdə vəzifəsidir. Valideyn himayəsindən məhrum olan uşaqlar isə dövlətin diqqət və qayğısı ilə əhatə olunur, hüquqları qorunur. Bəli, uşağa göstərilən qayğı, nəvaziş hər bir ailənin, böyük anlamda isə dövlətin, millətin gələcəyinə göstərilən qayğıdır. Uşaqlara göstərilən diqqət, bəxş olunan xoş anlar onların yaddaşından heç bir vaxt silinmir, Vətənə, xalqa, ailəyə sevgi hisslərinin elə ilk cücərtilərində özünü büruzə verir. Əsl vətəndaş kimi yetişmək üçün bu, mühüm şərtdir.

Mehparə ƏLİYEVA,

"Respublika".