İşğaldan azad edilən ərazilərə sakinlərin köçürülməsi daha geniş vüsət alacaq
Sosial həyat

İşğaldan azad edilən ərazilərə sakinlərin köçürülməsi daha geniş vüsət alacaq

"Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində çıxışı zamanı deyib.

44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra dövlətimizin qarşısında dayanan ən mühüm hədəflərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək olmuşdu. İşğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Azərbaycan Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 2024-cü ildə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir.

İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ölkənin digər əraziləri kimi yüksək inkişaf yoluna qədəm qoyması üçün siyasi iradə sərgiləyir. Gələcəkdə işğaldan azad edilmiş ərazilərin inkişaf etdirilərək, zəngin təbii potensialı ilə dünyada tanınması istiqamətində mühüm addımlar atılır.

Tikilib qurulan hər kənd, şəhər dövlətin iqtisadi gücünün göstəricisidir. Zəngilan rayonunun Ağalı kəndindən başlayan Böyük Qayıdış prosesi ötən müddət ərzində bir çox ərazilərimizi əhatə etdi. Laçın şəhəri, Zabux kəndi, Tərtərin Talış kəndi, Füzuli şəhəri və digər bərpa edilən ərazilər üzrə köç karvanları böyük coşqu ilə bu gün də davam etdirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, təkcə 2023-cü ilin 11 ayı ərzində ümumilikdə 901 ailə, yəni 3 516 nəfər öz dədə-baba yurduna qayıdıb. Ötən il Füzuli şəhərinə 308 (1 106 nəfər), Laçın şəhərinə 363 (1 389 nəfər), Zəngilan rayonunun Ağalı kəndinə 109 (545 nəfər), Laçının Zabux kəndinə isə 121 ailə (476 nəfər) köçürülüb. 2023-cü ilin dekabrına qədər işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 987 ailə (3 932 nəfər) məskunlaşıb. Bu il yanvar ayının 30-na kimi 1360 ailə, 5354 nəfər doğma yurdlarına qayıdıb. 2026-cı ilədək 34 500 ailənin, 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulur. Birinci mərhələdə Laçında 4 minə yaxın insan yaşayacağı haqqında məlumat verilsə də, şəhərə qayıdan əhali ilə görüşündə Prezident İlham Əliyev bildirmişdi ki, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Bu da görülən işlərin miqyasından və keyfiyyətindən xəbər verir. İnsanların öz yurdlarında yerləşdirilməsi ilə yanaşı, onların işlə təmin olunması da dövlətin daim diqqət mərkəzindədir. Belə ki, köçürülən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə müvafiq qurumlar tərəfindən işlə təmin edilirlər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai-iaşə obyektlərində, tikinti şirkətlərində və digər yerlərdə çalışırlar. Doğma yurdlarına köçürülən sakinlərin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili üzrə tədbirlər davam edir. Sevindirici hallardan biri də ondan ibarətdir ki, digər bölgələrdən olan gənclər böyük həvəslə Qarabağa gedib işləmək, yaşamaq istəyirlər.

Artıq bu yerlərdə həyat öz axarına qayıdıb. İnsanlar doğma yurdlarına yerləşdikdən sonra xalqımızın özünəməxsus adət-ənənələrini yaşadırlar. Qarabağ yenidən toylu-büsatlı günlərinə qayıdır. Füzuli şəhərində ilk toy məclisi keçirilib. Bəli, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsi yeni dövrünü, həyatını yaşayır. Burada atılan hər addım, qurulan hər ailə gələcək Azərbaycanın rifah və inkişafına töhfədir.

Ramidə YAQUBQIZI,

"Respublika".