USAID xaos üçün deyil, qaçqınların rifahı üçün çalışmalıdır
Gündəm

USAID xaos üçün deyil, qaçqınların rifahı üçün çalışmalıdır

Azərbaycanın keçmişdə üzləşdiyi problemlər bu gün Gürcüstanda da müşahidə olunur. Uzun illərdir ki, ABŞ-ın və Avropanın bəzi beynəlxalq təşkilatları ictimai-siyasi prosesləri manipulyasiya etməyə çalışırlar. Gürcüstan DTX ölkədə hökumətin devrilməsi prosesində həlledici rol oynamalı olan mülki fəalların böyük bir qrupu üçün təlimlərin keçirilməsi, Gürcüstanda inqilabi proseslərin planlaşdırılması üçün ABŞ tərəfindən vəsaitin ayrılması barədə məlumat yayıb.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Amerikanın pullarını başqa ölkələrdə iğtişaşlar yaratmaq, zorakılıq törədən qrupları hazırlamaq üçün xərclənməsi sual doğurur. Ölkənin Dövlət Təhlükəsizlik Xidməti oktyabr-dekabr aylarında Gürcüstanda dövlət çevrilişinə cəhd olacağı ilə bağlı məlumat yayıb və baş verən son hadisələr ABŞ kəşfiyyatının orada dövlət çevrilişinə hazırlaşdığını göstərir. Mövzu ilə bağlı politoloq Samir Hümbətov danışıb: "ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) birinci dəfə deyil ki, bu kimi hərəkətlərlə çıxış edir. Yarandığı ilk günlərdən müxtəlif dövlətlərdə, müxtəlif regionlarda təxribatların artırılması, dövlətlərin daxilində çaxnaşmalar yaradılması, qeyri-stabil vəziyyətin əmələ gəlməsi üçün əllərindən gələn bütün addımları atıblar. Atdıqları bu addımların dövlətlər üçün faydasından çox ziyanı var. Ölkələr bu təşkilatın maliyyəsindən çox ciddi ziyan çəkərək, daxili xaotik vəziyyətə düşürlər. Bu pullar indi də ayrılır. Əslində bu, Amerikanın, görünməyən üzüdür, dövlət sərt üzünü bu cür insanlara, dövlətlərə göstərir, müxtəlif hakimiyyətlərin iradəsinə bu cür təsir edir. Bu gün də bu proses davam etdirilir. İndi də Ermənistanda bu prosesi həyata keçirir. Bu, Paşinyanı devirmək üçün deyil, sadəcə olaraq millətlərin, xalqların insanların iradəsini ələ almaq üçün atılan addımdır. Və hesab edirəm ki, bu cür addımların atılması əslində regiona, sülhdən, sabitlikdən çox münaqişə gətirir, daha çox problem yaşadır. Dövlətlər arasında qeyri-stabil vəziyyətin yaranmasına səbəb olur. Bu gün dünyada qaçqınların sayının 30 milyonu keçdiyini bilirik, bu baxımdan düşünürəm ki, hər il milyardlarla dolları bu istiqamətdə xərcləməkdənsə USAID həqiqətən də insanlığın xeyrinə bir gələcək istəyirsə, ilk olaraq elə bu məsələyə diqqət yetirməli və dünyadakı qaçqınların rifahının yaxşılaşması üçün çalışmalıdır. Suriyada, İraqda, Əfqanıstanda, hansı ki, Amerika bu ölkələrdə ciddi dağıntılara səbəb olan addımlar atıb, oradakı qaçqınların həyat səviyyəsinin normallaşmasına kömək edilməlidir".

Nurcan SÜLEYMANOVA,

"Respublika".