Reinteqrasiya Azərbaycanın şərtləri əsasında həyata keçirilir
Gündəm

Reinteqrasiya Azərbaycanın şərtləri əsasında həyata keçirilir

Lokal xarakterli antiterror tədbirləri nəticəsində xunta rejimi və onun tör-töküntülərinin regiondan təmizlənməsi davam edir. Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru yenidən canlandırır, çiçəkləndirir. Ölkəmizin regionda yaratdığı yeni reallıqlar fonunda reinteqrasiya prosesi sürətlənir. Uzun müddətdir nəzarətsiz qalan torpaqlarda indi kəndlər, şəhərlər tikilir. 30 il münaqişələr məkanı olan Qarabağda artıq sülh təmin edilir.

Sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində Prezident İlham Əliyev çıxışı zamanı deyib: "Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır".

Azərbaycan öz konkret tələblərini bildirir və həyata keçirir. Qondarma "dövlət strukturu", "parlament" buraxılıb və separatçılar təslim olmaqdan başqa çıxış yolunun olmadığını bilirlər, artıq bölgədə şovinizmə və separatizmə son qoyulur.

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda, 25-də Xocalıda keçirilən görüşdən sonra növbəti dəfə sentyabrın 29-da Yevlax şəhərində görüş baş tutub. Erməni sakinlərə reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verilib. Burada humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu istiqamətdə Azərbaycanın təqdim etdiyi plan geniş müzakirə olunub.

Mülki şəxslərin sərbəst hərəkətinin təmin edilməsi, humanitar yardımların göndərilməsi, yanacaq, qida kimi ehtiyacların qarşılanması yüksək qiymətləndirilib. Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalisinin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğında Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, əsasən də yanğının söndürülməsi, xəsarət alanlara tibbi yardımın göstərilməsi üçün lazımi tibbi ləvazimatların əraziyə yönləndirilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər. Onlar Azərbaycanın müvafiq dövlət qurumları vasitəsilə mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlərin görülməsini xahiş ediblər.

Qeyd edək ki, oktyabrın 2-də təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi üçün Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin Xankəndi şəhərinə səfəri nəzərdə tutulub.

Reinteqrasiya prosesi erməni əhalisinin dini, təhsil, mədəni, bələdiyyə kimi bütün hüquqları qorunaraq aparılır. "Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ, reinteqrasiya ilə bağlı, onların hüquqlarına dair öz baxışımızı təqdim etmişik". Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı qeyd edib.

Ölkəmiz xunta rejiminin yalanları ilə beyinləri doldurulmuş erməni əhalisini bütün bu münaqişələrdən məsul tutmur və erməni sakinlərini qoruyaraq, reinteqrasiya etməkdə qətiyyətli mövqeyini ortaya qoyur. Bu istiqamətdə BMT-nin müvafiq qurumları humanitar fəaliyyət və tərk-silah prosesi ilə tanış olmaq üçün Qarabağ bölgəsinə səfərə dəvət edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" sosial hesabında Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə cavabında qeyd edib.

2020-ci il Vətən müharibəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmiz öz gücünü bütün dünyaya göstərdi. 44 gün müddətində Ermənistan kapitulyasiya aktına imza atdı və 30 illik işğala son qoyuldu. Sentyabrın 19-da keçirilən lokal antiterror tədbirləri də bir gündə öz nəticəsini verdi. Bütün bunlar Azərbaycan dövlətinin gücünü, qüdrətini, düşünülmüş siyasət yürütdüyünü sübut edir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə reinteqrasiya prosesi sürətlənir və Azərbaycanın şərtləri əsasında həyata keçirilir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".