...bir də belə tanıyaq!
Maraqlı

...bir də belə tanıyaq!

Mirzə Kazım bəy

İslamdan imtina edən, ölümün astanasından dönən, sağikən yası verilən Azərbaycan əsilli rus şərqşünası, tarixçi, türkşünas və filoloq Mirzə Kazım bəy... Elm tarixinə "rus şərqşünaslığının patriarxı" (İ.Berezin) kimi daxil olan Mirzə Kazım bəy Məhəmməd Əli və ya onun dünyada tanındığı adı ilə desək, Aleksandr Kazımoviç Kazımbek Rəşt şəhərində ruhani ailəsində dünyaya göz açıb. Atası Hacı Qasım mükəmməl dini təhsil almış, Dərbəndin şeyxülislamı rütbəsinə qədər yüksəlmişdir.

O, oğlunun təhsilinə böyük diqqət yetirir, onu gələcəkdə öz yerində - Dərbənd şeyxülislamı kimi görmək istəyirdi. Görkəmli ruhanilərin yanında dini təhsil alan Mirzə Kazım bəy 12 yaşından ana dili ilə yanaşı, ərəb, fars, türk dillərinə də mükəmməl yiyələnir. O, Dərbənddə yaşadığı dövrdə tez-tez şotland-dini missionerləri ilə görüşür, onlarla saatlarla davam edən müzakirələr aparır. Bu müzakirələr gənc Kazım bəydə Xristian dininin əsaslarına dair mütəmadi suallar yaradır və o, xaçpərəstlik haqqında daha geniş məlumat əldə etmək məqsədilə yəhudi və ingilis dillərini öyrənməyə başlayır. Şotland missionerləri təxminən il yarım davam edən inadlı mübarizədən sonra istədiklərinə nail olurlar. Belə ki, Dərbənd şeyxülislamının müctəhid olmağa hazırlaşan oğlu 21 yaşının tamamına on gün qalmış Həştərxandakı Edinburq cəmiyyətinin ibadət evində müqəddəs xaçı öpüb xristianlığı qəbul edir. Məhəmməd Əli adı Aleksandrla əvəz olunur. Ömrünün sonunadək xristianlıq dininə sitayiş edir. Bu hadisə onun ailəsi ilə münasibətlərinin pozulması ilə nəticələnir. Özü üçün təhlükəli, şəhərin müsəlman icması üçün təhqiramiz olan bu addımı atarkən həyatının mənasını dində görən, gecəsini-gündüzünü ibadətdə keçirən, şeyxülislam məqamına yüksələn ağsaqqal atasına sarsıdıcı zərbə endirir. Hacı Qasım bəy oğlunun hərəkətindən xəbər tutan kimi onu dərhal missiyadan çıxararaq ev dustağı edir. Qapadıldığı yarım qaranlıq otaqda ona yalnız quru çörəklə su verirlər. Yanında Qurandan başqa heç bir kitab, kağız-qələm olmur. Amma Məhəmməd Əli də inadından dönmür. Atasının, onu özlərinə ağsaqqal sayan, daim başına toplaşan Həştərxan azərbaycanlılarının bütün təlqin, təkid və xahiş-minnətlərinə baxmayaraq, Məhəmməd Əli qərarından geri çəkilmir.

Missionerlər israrla Hacı Qasım bəydən oğlunun heç olmasa gündüzlər missiyaya gəlməsinə icazə verməyi xahiş edirlər. Təhqir olunmuş, heysiyyəti tapdalanmış ata hiddətlə missionerlərin, qubernatorun, hətta əlahəzrət imperatorun bu məsələdə onun işinə qarışa bilməyəcəklərini deyir, dinindən üz döndərən oğlunu nəinki ev dustağı etməyə, ac və susuz saxlamağa, hətta şəriətin hökmü ilə öldürməyə də haqqı çatdığını bildirir. Lakin sürgün həyatı yaşayan Hacı Qasım bəy dövlətlə dövlətlik edə bilmir. Missionerlər bir neçə gün sonra qubernatorun əmri və Həştərxan polis rəisi vasitəsilə yeni din qardaşlarının həmişəlik missiyaya köçürülməsinə nail olurlar.

Məhəmməd Əli - Aleksandr atasına ürəkdən bağlı idi. Onu bir daha görməyəcəyini, ondan ayrı yaşayacağını təsəvvürünə heç cür sığışdıra bilmir. Odur ki, missiyada bir neçə gün qalandan sonra atasının yanına adam göndərib onunla görüşmək istədiyini bildirir. Hacı Qasım bəy oğlu ilə görüşdən imtina etmir, lakin o, şərtini irəli sürərək deyir:

"Onu oğlum kimi yox, hər hansı ingilis, fransız, ümumiyyətlə, bir xaçpərəst kimi qəbul edəcəm". Hacı Qasım bəy neçə günlük intizardan sonra oğlunu, varisi kimi gördüyü ilk övladını qarşılayır. Onların söhbətinə heç kimin mane olmaması üçün isə qapıları bağlayır. Alimin qızı O.A.Baratınskaya-Kazımbəy illər sonra atasının danışdıqlarına əsasən həmin görüşü belə təsvir edir: "Onlar uzun müddət ağladılar. Oğlu dinindən üz döndərsə də, ata ürəyinin övladına təbii bağlılığı qətiyyən azalmamışdı, Məhəmməd Əlinin bədbəxt atasına bəslədiyi məhəbbət isə daha da artmışdı. Hacı Qasım bəy indi oğlunu qınamırdı, ancaq tez-tez deyirdi ki, görünür, şeytan onun ürəyinə yol tapıb, yoxsa öz Peyğəmbərindən və qoca atasından üz döndərməzdi".

Mirzə Kazımbəy isə həmin görüşün təfərrüatlarını belə xatırlayırdı: "Atam ayağa qalxdı ki, məni öpsün, lakin birdən yadına nə isə düşmüş kimi dayandı: "Sən pak deyilsən, mən səni necə öpə bilərəm?". Sonra ikinci dəfə ayağa qalxdı, amma yenə də bir qərar verə bilməyib oturdu. Nəhayət, atalıq hissi ürəyindəki xurafat xofuna qalib gəldi. Mənə yaxınlaşıb məhəbbətlə gözlərimdən, yanaqlarımdan, alnımdan öpdü. Sonra da tez gedib ağzını yaxaladı. Çünki dodaqları napak oğluna toxunmuşdu...".

Deyilənə görə, Mirzə Kazımbəyin dinindən üz döndərməsi xəbəri Dərbəndə çatanda ona dünyadan köçmüş adam kimi yas məclisi keçirib, ehsan veriblər. Qadınlar müsəlman qaydasına uyğun şəkildə onun paltarlarını ortalığa töküb ağlaşma qurublar. Hətta Həştərxanda yaşayan qohumları, bütünlükdə yerli müsəlmanlar mürtədlik yolunu tutan Məhəmməd Əlini aradan götürmək üçün bir neçə dəfə ona sui-qəsd də hazırlayıblar.

Kazım bəy Qazan quberniyasının yoxsullaşmış zadəgan ailəsinin qızı Praskovya Kostlivseva ilə ailə qurub. Cütlüyün bu evlilikdən Olqa adlı qızı, Aleksandr, Boris və Nikolay adlı oğlanları dünyaya gəlib. Ailə faciəsi ilə üzləşən alimin həm xanımı, həm də iki azyaşlı oğlu dünyasını dəyişib. Çox böyük sarsıntı keçirən alim 68 yaşında həyatla vidalaşıb.

Merilin Monro

Dünyaya gələndə valideynləri ona başqa ad qoymuşdular. O zaman hardan bilərdilər ki, bir gün gələcək bu balaca qızcığaz özünün seçdiyi adla bütün dünyanın rəğbətini qazanacaq. Uşaqlıq və yeniyetməlik dövrünü Norma Cin Mortensen adı ilə keçirən bu qız həyatın hələ nə olduğunu başa düşməmiş müxtəlif əzablardan keçməli olmuşdu. 7 yaşında ikən taleyinə onları atıb gedən ata, psixi müalicə üçün xəstəxanaya yerləşdirilən ana düşən Norma Cin çox çəkmədi ki, insanların gözəlliyinə, istedadına valeh olduğu Merilin Monroya çevrildi...

Merilin Monro Birləşmiş Ştatların Los-Anceles şəhərində dünyaya gəlib. Anası psixi xəstəxanaya yerləşdirildikdən sonra yetimlər evinə verilib. Onun yetimxanadakı məşəqqətli illəri üç ildən çox çəkib. Sonradan isə anasının ən yaxın rəfiqələrindən Qreys Qoddard onu övladlığa götürüb.

Karyerasına fotomodel olaraq başlayan, qısa müddətdə bütün dünyada tanınan kino ulduzuna çevrilən Merilin Monronun şəxsi həyatı daha çox yelkənsiz qayığa bənzəyib. Fasiləsiz olaraq filmlərə çəkilən, kifayət qədər qonarar alan Monronun heç şəxsi mülkiyyəti olmayıb. Deyilənə görə, bunlar onu maraqlandırmayıb. Amma onun sevgi macəraları ən inanılmaz şəkildə davam edib. Heç düşünmürdü də hadisələrin sonu nə ilə qurtara bilər. Xaraktercə azad olan kino ulduzu sevgililərini, birlikdə olduğu kişiləri dəyişməkdə heç vaxt nə psixoloji, nə də mənəvi rahatsızlıq hiss edib. Bütün bunlar onun bir növ həyat tərzinə çevrilmişdi. Onun üç dəfə rəsmi nikahda olduğu deyilir. ...Məşhur idmançı Ci Modcini böyük məhəbbətlə sevdiyi söylənsə də, aktrisa ondan da ayrılmışdı. Rejissor Artur Millerlə də evliliyi uzunmüddətli olmayıb. Əslində Merilin Monronun sevgililərinin kimlər olduğu dəqiqliyi ilə bilinmir. Amma qeyd edək ki, dünya kinosunun əvəzsiz simalarından biri Marlon Brando, Amerika siyasətinin odövrdəki zirvəsi sayılan Kennedi qardaşları da Merilinin həyatında olublar. Hətta elm adamları da. Onun ən yaxın rəfiqələrindən olan Şelli xatirələrində yazırdı ki, bir dəfə Merilinin evində təsadüfən bir elm adamının da fotoşəklini tapıbmış. "Əl yazısı ilə yazılmışdı: "Hörmətlə, sevgilərlə və minnətdarlıqla. Eynşteyn".

Aktrisanın evində xidmətçi işləyən Lena Pepitoun xanımının evdəki həyat tərzi haqqında belə yazmışdı: "Merilin şampan içər, saatlarla qromafon valında Frenk Sinatra qulaq asardı. Telefonla da qiybətlər edərdi. Sevimli məşğuliyyətlərindən biri də çılpaq halda saatlarla güzgünün qarşısında durub özünə baxmaq idi. O kompleksiz, adam idi. Merilin yatağında yemək yeməyi sevərdi, sonra da əllərini mələfəyə silərdi. İki dəfə Merilin bətnindəki uşağını itirdi. Bunlardan sonra o dərin depressiya keçirdi".

Uzun müddət psixi müalicə alan aktrisa bəzi dövrlərdə yuxusuzluqdan əziyyət çəkib. O, tez-tez çox güclü təsirə malik sakitləşdirici preparatlar qəbul edib. Hətta elə dövrləri olub ki, kino ulduzu öz sevdiyi işinə belə biganə yanaşıb, çəkiliş meydançalarına gecikməsi isə mütəmadi hala çevrilib. Qeyri-adi davranışları və həyat tərzi ilə digərlərindən fərqlənən Merilin Monro öz sirli ölümü ilə də yaddaşlarda qalıb. 36 yaşlı aktrisa evində ölmüş vəziyyətdə tapılıb. Stolun üstündə isə boş dərman qabı və ətrafa səpələnmiş güclü yuxu dərmanları... Monronun cəsədinin ekspertizasında da yazılmışdı ki, ölümə səbəb dərmanın artıq dozada qəbulu olub. Hətta onun narkotik maddə qəbulu səbəbilə öldüyü versiyası da gündəmə gəlmişdi. Ümumiyyətlə, Monronun ölümünün səbəbləri beş variantda danışılırdı. Amma ona "yuxarılar" tərəfindən qəsd olunması ən real versiya kimi uzun illər müzakirə mövzusu oldu. Elə beləcə də qaldı. Sadəcə çoxlarının bildiyi bir həqiqət vardı: Merilin Monro filmlərdə də, həyatda da rolunu həmişə özünəməxsus ifa etdi...

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".