Urmiya gölünə biganə münasibət
Digər xəbərlər

Urmiya gölünə biganə münasibət

Dünyanın ikinci ən böyük şorsulu gölü olan Urmiya gölü təhlükə qarşısındadır. Göl hələ qurumamışdan öncə 6100 kvadratkilometrlik ərazini əhatə edirdi və adı yaxınlıqda yerləşən Urmiya şəhərindən götürülmüşdür. Göl haqqında ilkin məlumatlara b.e.ə IX əsrə aid Assuriya mənbələrində rast gəlmək olar, meydana gəlməsini isə 30-40 min öncəyə aid edirlər.

Gölün quruması və yaxud da qurudulması ilə bağlı həyəcan təbili ilk dəfə ötən əsrin 90-cı illərində çalındı. 10 il ərzində artıq gölün əksər hissəsi düz səhraya çevrilib.

Urmiya gölü Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında, Türkiyə ilə sərhəddən bir az aralıda yerləşir. Gözoxşayan təbiətə malik olan göl həm də köçəri quşların mühüm miqrasiya xətti üzərində olduğu üçün böyük əhəmiyyətə malikdir. Özünəməxsus ekoloji xüsusiyyətlərinə görə, 1967-ci ildə "mühafizə zonası" kimi, 1970-ci ildə isə "Milli Park", 1976-cı ildə isə UNESCO tərəfindən "Biosfer qoruğu" kimi qeydə alınıb.

Vaxtilə Osman yumruğu adlanan qaya Urmiya gölünün içərisində ağ duza bürünmüşdü. Sulara qərq olan qayanın demək olar ki, yalnız uc hissəsi görünürdü. Bu gün isə gölün quruması səbəbindən tamamilə quruda qalıb. Ötən əsrin 90-cı illərinə kimi Urmiya gölünün qurumasının əsas səbəbi suyunun kənd təsərrüfatı sahələrinə doğru yönləndirilməsi idi. Əslində isə göl məqsədli şəkildə qurudulur. Gölün quruma səbəblərindən biri fasiləsiz quraqlıq problemidirsə, digəri isə gölə axan çayların üzərində su anbarlarının inşasıdır. Tədricən Urmiya gölündə suyun səviyyəsi aşağı düşür və quruma prosesi sürətlənir. Nəticədə də min tonlarla duzlaqlar meydana gəlir. Zamanla gölə ümumilikdə 13 nisbətən iri və xeyli sayda kiçik çaylar tökülürdü. Gölün qurumasının yaratdığı problem isə təsəvvür etdiyimizdən də böyükdür. Çünki Urmiya gölünün suyu quruduqca bitki və heyvanlarla yanaşı, insanların da həyatı üçün böyük təhlükə yaranır. Baş verən ekoloji fəlakət nəticəsində ərazidə yaşayan milyonlarla insan bölgəni tərk etmək məcburiyyətində qalır. Vaxtilə Urmiya gölündə 100-dən çox ada olub. Şahı və Qoyundağ adalarında yaşayış mövcuddur. Böyük adalarda püstə meşələri olub.

Gölün məqsədli şəkildə qurudulmasına qarşı insanların etirazı illər öncə başlamışdır. Güney Azərbaycan əhalisi Urmiya gölünün qurumasının qarşısının alınması üçün hökumətdən kömək istədikləri halda, əksinə, İran hökuməti ekspertlərin gəldiyi qənaətə və sakinlərin həyəcan dolu tələblərinə məhəl qoymadı. Onları cinayətkar adlandırdı. Etiraz aksiyasına qalxan ekoloqların və fəalların aksiyası sərt şəkildə dağıdıldı. Bütün bunlara baxmayaraq, insanlar bu gün də öz etiraz səslərini qaldırır, həyəcan təbili çalaraq, hökuməti ekoloji fəlakətin qarşısını almağa çağırır. Dəfələrlə insanlar məsələ ilə bağlı etiraz aksiyaları keçirsə də, hər dəfə İran hökuməti sərt şəkildə təpki göstərib. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, Urmiya gölü ətrafında yaşayan əhali əsasən yerli azərbaycanlılardır. Gölün quruması nəticəsində əhalinin bölgədən kütləvi köçü baş verəcək. Bu isə əslində İran hökumətinə sərf edir.

Urmiya gölünün qurudulmasına qarşı sonuncu etiraz toplantısı 2022-ci il iyul ayının 16-da olmuşdur. Həmin aksiyada minlərlə Güney azərbaycanlı Urmiya şəhərində gölün qurumasına və məsələyə ölkə rəhbərliyinin biganə münasibət göstərməsinə qarşı etiraz səsini qaldırdı. Yenə də aksiya sərt şəkildə dağıdıldı və onlarla insan həbs edildi. Məlumdur ki, İran hökuməti bilərəkdən və siyasi məqsədlə Urmiya gölünü qurudur. Çünki Urmiya gölünün tamamilə quruması nəticəsində Güney Azərbaycanda olan milyonlarla azərbaycanlı öz doğma torpaqlarından didərgin düşəcəkdir.

Bu, həm də, İran hökumətinin Güney Azərbaycana olan laqeyd münasibəti və ayrı-seçkiliyə yol verməsidir. Urmiya gölünün quruması ilə bölgədə yaşayan milyonlarla azərbaycanlının təsərrüfat və yaşayışının da məhv olması deməkdir. Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini əhatə etməklə Güney Azərbaycanın torpaqlarının beşdəbirini təşkil edir. Bölgə həm də ən münbit və əkin üçün yararlı ərazilərdən sayılır. İran hökumətinin bölgəyə biganə münasibəti nəticəsində Urmiya gölü quruyaraq ərazidə duzluq və şoran sahələr əmələ gətirib. Gölün ətrafında olan əkinçilik üçün yararlı minlərlə hektar torpaq sahələri şoranlaşaraq istifadə üçün yararsız hala gəlib. Yaranan duz tozları külək vasitəsilə yaxın şəhərlərə yayılır. Bu, Güney Azərbaycanına və onun əhalisinə olan ekoloji terror və fəlakətdir.

Ramidə YAQUBQIZI,

"Respublika".