Vətəndaşlar xidmət mərkəzlərində
Digər xəbərlər

Vətəndaşlar xidmət mərkəzlərində "Azərsu" ASC-nin 14 xidmətindən yararlanırlar

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət indeksi" üzrə 2022-ci ilin nəticələrini açıqlayıb. Bu münasibətlə keçirilən təqdimatda qeyd olunub ki, qiymətləndirilmənin keçirilməsində məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, 2022-ci ildə 24 mərkəzi icra hakimiyyəti orqanının 254 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 171 xidməti və 9 hüquqi şəxsin 74 xidməti daxil olmaqla, ümumilikdə 499 xidmət qiymətləndirilib. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti 70,29 faiz göstərici ilə 2021-2022-ci illər üzrə kommunal xidmət təşkilatları arasında 1-ci yeri tutub.

"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri ilə işi təşkil edən aidiyyəti struktur bölmələrinin əməkdaşları ilə görüşən "Azərsu" ASC-nin sədr müavini Köçərli Həsənov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış və dünyada nadir təcrübələrdən sayılan "ASAN Xidmət" modelinin tətbiqi ölkəmizin ictimai və sosial həyatında mühüm hadisə olub. Agentliyin nəzdində "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin yaradılması nəticəsində dövlət xidmətlərinin bir məkanda və əlaqələndirilmiş formada həyata keçirilməsi təmin edilib. Bu mərkəzlər dövlət orqanlarının fəaliyyətində yeni yanaşmanın formalaşdırılmasına, məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin operativ və şəffaf fəaliyyəti, burada çalışan əməkdaşların nəzakətli və məsuliyyəti davranışları cəmiyyətdə daim müsbət qarşılanır. K.Həsənov qeyd edib ki, hazırda Bakı şəhəri və bölgələrdəki "Asan xidmət" və "ASAN Kommunal" mərkəzlərində vətəndaşlar "Azərsu" ASC-nin 14 adda xidmətindən yararlana bilir. Bu gün 100-dən çox əməkdaşımız "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində vəzifələrini layiqincə yerinə yetirirlər.

Qeyd edək ki, "Azərsu" ASC 2014-cü ildən "ASAN xidmət", 2017-ci ildən "ASAN Kommunal" mərkəzlərində təmsil olunur. 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 700 minədək müraciət daxil olub və operativ qaydada həllini tapıb.

Mehparə ƏLİYEVA,

"Respublika".