Regionda sülh və sabitlik yolunda növbəti addım
Digər xəbərlər

Regionda sülh və sabitlik yolunda növbəti addım

Aparılan danışıqlarda mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır

"Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.

Ölkə başçısı bildirib ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Azərbaycan Prezidentinin ardıcıl və prinsipial mövqeyi, Azərbaycan Ordusunun müharibədə və ondan sonrakı dönəmdə nümayiş etdirdiyi güc erməniləri bu reallıqları qəbul etməyə vadar etdi. Ancaq hələ ki, bunu sözdə ifadə edirlər. Ümidvarıq ki, onlar bunu əməldə də yerinə yetirəcəklər. Bunun üçün anklavların geri qaytarılması və Qarabağdakı separatizmə son qoyulması lazımdır. Yaxın zamanda bu da reallaşacaq.

Azərbaycan tərəfinin irəli sürdüyü sülh təklifi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Ümumiyyətlə, son zamanlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması üçün perspektivlər açılıb. Brüsseldə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair növbəti yüksək səviyyəli görüş keçirilir. Qeyd edək ki, son aylarda sülh danışıqları ilə bağlı proseslər intensiv mahiyyət daşıyır. Xüsusilə də bu məsələdə Vaşinqton və Brüsselin fəallığı müşahidə olunur.

Görünən odur ki, Azərbaycan və Ermənistan arasında Brüsseldə və ya başqa bir məkanda sülh sazişinin imzalanması təkcə Ermənistandan asılı olan məsələ deyil. Politoloqların qənaətinə görə, bunun üçün maraqlı tərəflərin hər birinin istəyi olmalıdır. Ərazi bütövlüyü prinsipi Ermənistan-Azərbaycan münasibətlərində artıq münaqişə səviyyəsindən normal münasibətlərə keçid kimi dəyərləndirilir. Yəni tərəflər bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşırlar. Belə olan halda, həm Azərbaycan öz ərazisi ilə bağlı zəmanət alır, həm də Ermənistan. Həmin prinsip münasibətlərin normal müstəviyə keçməsinə xidmət edir. Hazırkı mövcud vəziyyətdə Paşinyan sadəcə sözdə belə bəyanatlarla çıxış edib, hələ ki, bu, sənəd formasında öz təsdiqini tapmayıb. Ona görə də Azərbaycan Prezidenti bildirib ki, münaqişə müstəvisindən normal münasibətlər müstəvisinə keçid etmək üçün sülh sazişi ən yaxın gələcəkdə imzalanmalıdır. Yekun sülhə doğru son addımlar olaraq Ermənistan tərəfi Azərbaycanın Qarabağ və anklav kəndləri də daxil ərazi bütövlüyünü tanıdığı barədə verdiyi açıqlamaları sənədlərlə təsdiqləməlidir.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında dövlətlər arasında siyasi, iqtisadi, ekoloji, sosial və mədəni sahələrdə münaqişə dövrünün bütün mərhələlərində və təhlükəsizliyin həyata keçirilməsi tədbirlərində etimad quruculuğu məsələsi mühüm əhəmiyyət kəsb edir. Bu isə həm sistemli yanaşma, həm də beynəlxalq dəstək tələb edən bir məsələdir. Eskalasiyanın yenidən kəskinləşməsinin qarşısını almaq, postmünaqişə və postmüharibə dövrünün həll edilməmiş məsələlərinin davamlı həllinə zəmin yaratmaq üçün etimad quruculuğu işində qarşılıqlı siyasi iradə olmalıdır. Azərbaycan tərəfi davamlı olaraq siyasi iradə və qətiyyət göstərir. Önəmli olan məsələ Ermənistanın da eyni tendensiyadan çıxış etməsi və müvafiq qərarlar alaraq konkret addımlar atmasıdır.

Proseslər belə deməyə əsas verir ki, qarşı tərəfin manevr etmək imkanları çox daralıb və uçuruma gedən Ermənistanın yeganə çıxış yolu məhz Azərbaycanla münasibətlərin bərpasını qəbul etməsidir. Təəssüf ki, Ermənistan dövləti mövqeyini tez-tez dəyişir. Ermənistan Qarabağ məsələsi ilə bağlı imzaladığı üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Belə davam etsə, Azərbaycan Qarabağdakı separatçıları məcburi şəkildə oradan çıxarmalı olacaq. Ermənistan artıq ölkəmizin hərbi gücünə bələddir. Sadəcə Azərbaycan bunu danışıqlar yolu ilə etməyə çalışır. Prezidentin dediyi kimi, heç kim bizimlə hədə-qorxu, ultimatum dili ilə danışa, iradəmizə təsir edə bilməz. Qarabağdakı ermənilər də Azərbaycan qanunlarına əməl etmək məcburiyyətindədir, əks halda, dövlətimiz adekvat addımlar atmalı olacaq.

İyulun 15-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla 3 saata yaxın davam edən növbəti üçtərəfli görüşündə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Prezident Əliyev və baş nazir Paşinyanla səmimi, dürüst və məzmunlu müzakirələr mayın əvvəlindən Ermənistan və Azərbaycan liderləri, baş nazirlərin müavinləri və xarici işlər nazirləri arasında Brüsseldə, Kişineuda, Vaşinqtonda, Moskvada, həmçinin sərhəddə intensiv və məhsuldar keçirilən yüksək səviyyəli görüşlər silsiləsinin davamı oldu.

Azərbaycan və Ermənistan liderlərinin Aİ-nin vasitəçiliyi ilə növbəti görüşləri payızda Brüsseldə, həmçinin Avropa Siyasi Birliyi sammiti çərçivəsində Qranadada keçirilməsi planlaşdırılır. Görüşdən sonra mətbuata açıqlamasında tərəflərin suverenlik və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, əlaqələr, humanitar tədarük, hüquq-təhlükəsizlik və nəhayət saxlanılanlarla bağlı müzakirə apardığını qeyd edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini yaydan sonra Brüsselə, həmçinin Qranadada növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində Fransa və Almaniya liderlərinin iştirakı ilə beştərəfli görüşə dəvət etmək niyyətini təkrarladığını bildirib: "Razılaşdıq ki, komandalarımız bu gün müzakirə olunan məsələlərin daha sonra konkret inkişafını təmin etmək üçün sıx təmasda olacaqlar. Real inkişaf isə yaxın gələcəkdə atılmalı olan növbəti addımlardan asılıdır".

Beləliklə, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan ilə baş tutan görüşü əslində, rəsmi Bakının iradəsinin bir daha ortaya qoyulmasıdır. Eyni zamanda Şarl Mişelin iştirakı ilə keçən görüş tam demokratik, heç bir tərəfkeşlik olmadan aparılır. Ş.Mişel bu görüşlərdə vasitəçi yox, daha çox dialoqa dəstək verən tərəfdir. Azərbaycan və Brüsselin istəyi regionda daimi sülhün, sabitliyin olmasıdır.

Mustafa KAMAL,

"Respublika".